Bia.Az

"Lukaşenko hakimiyyətdən getməyə hazırlaşmır, həm də hakimiyyəti asan yolla təhvil verməyə razılaşmır"

Dünya
 10-01-2024, 20:22     206

Aleksandr Lukaşenko “Belarus Respublikasının Prezidenti haqqında” qanuna hərtərəfli düzəlişləri nəzərdə tutan qanunu imzalayıb. Qeyd olunur ki, bu sənəd sonuncu dəfə 2006-cı ildə dəyişdirilib. Qanun prezidentliyə namizəd üçün daha konkret tələblər irəli sürüb. Belə ki, onun yaşı 40-dan yuxarı və Belarus vətəndaşı olmalıdır. Bundan əlavə, namizəd 20 il ərzində ölkədə davamlı yaşamalı və başqa ölkələrin vətəndaşlığına malik olmamalıdır. Qanunun yeni redaksiyasında nəzərdə tutulub ki, öz səlahiyyətlərini icra etməyi dayandıran prezident ÜmumBelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olur. Səlahiyyətlərini icra etməyi dayandıran prezident toxunulmazlıq hüququna malikdir. O, prezidentlik səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilə bilməz və bununla əlaqədar olaraq tutula, başqa üsulla şəxsi azadlıqdan məhrum edilə, istintaq və digər prosessual hərəkətlərə məruz qala bilməz. Onun əmlakı, aktivləri, yazışmaları və ömürlük dövlət mühafizəsi hüququ toxunulmaz olaraq qalacaq, istefaya getdikdən sonra prezidentə daimi yaşayış üçün dövlət daşınmaz əmlakı, o cümlədən “əsaslı tikililəri olan torpaq sahəsi” hədiyyə ediləcək. Qanun prezidentin dəfni və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı xərclərin büdcədən ödənilməsini nəzərdə tutur.

Qanundan görünür ki, Lukaşenko vəzifəsini itirmək qorxusus yaşayır və belə qanunlar çıxarmaqla özünü sığortalamağa çalışır. Amma bir şeyi unudur ki, ondan sonra hakimiyyətə gələn yeni rəhbərlik də qanuna dəyişiklik edə bilər. Yəni Lukaşenkonun verdiyi qərar ancaq özü hakimiyyətdə olduğu müddətdə keçərlidir…
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə qərarlar sadəcə olaraq, təhlükəsizlik kəməri funksiyası daşıyır. Çünki hakimiyyətdən getdikdən sonra bu qüvvələrə konstitusiya dəyişiklikləri hansısa bir qarantiya verməyəcək. Yeni hakimiyyət də bu konstitusiyanı dəyişib, əvvəlki qaydaya qaytara bilər. Və yaxud onlar haqqında cinayət işi başlaya bilər. Təqib edilə bilərlər, yazışmaları oxuna bilər.
Turab Rzayev 
Turab Rzayev

“Hətta könüllü şəkildə bu şəxslər hakimiyyətdən gedəcəyi təqdirdə də yerinə gələn qüvvələr, bir müddət sonra hansısa şəkildə bu qaydaları dəyişməyə çalışa bilər”-deyən politoloqun fikirncə, bu qanuna dəyişikliyi qəbul etməklə Lukaşenko hakimiyyətdən getməyə hazırlaşmır, sadəcə hakimiyyəti təhvil verməyə razılaşmır. İstənilən halda, əlavə bir qoruma mexanizmini işə salmış olur. Bu qoruma mexanizmi gələcəkdə hansısa bir çaxnaşmada, hakimiyyət dəyişikliyində onlara vaxt qazandıra bilər. Belə ki, əgər sabah o şəxslər hakimiyyətdən getsələr, yerinə seçki olsa və yaxud da hansısa şəkildə hakimiyyətdən uzaqlaşdırılsalar, konstitusiyaya görə bu şəxslər toxunulmaz olacaqlar. Yeni hakimiyyət konstitusiyanı formalaşdırana, dəyişdirənə və ya hansısa əlavələr edənə qədər artıq müəyyən zaman qazanılacaq. Lukaşenko və ailəsi həmin zamandan istifadə edib, məsələn yazışmaları sildirə bilər və yaxud təhlükəsizliklərini təmin edə bilərlər. Hətta ölkədən də çıxa bilərlər.
“Bütün bunlar mümkün olan versiyalardır. Ancaq daha bir fərqli məqam var ki, hakimiyyət inqilabi yolla və ya hansısa sərt şəkildə dəyişdiriləcəksə, o zaman böyük ehtimal konstitusiyaya məhəl qoyulmaya bilər. Bu şəxslər rahat şəkildə Rumuniyada çevrilişdə bir neçə dəqiqə ərzində Çavuşevski və həyat yoldaşını aparıb güllələdilər, bu şəkildə qısa yoldan gedə bilərlər. Lukaşenko və ailəsini güllələyə bilərlər”-deyən politoloq bildirib ki, belə olan halda bu konstitusiya dəyişikliyinin Lukaşenkoya heç bir xeyri olmayacaq.скачать dle 12.1