Bia.Az

“İslam Dövləti” qruplaşması İranda partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

Dünya
 5-01-2024, 17:39     264

AP: “İslam Dövləti” qruplaşması (İŞİD) cümə axşamı günü 2020-ci ildə ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən iranlı generalın anım mərasimində həyata keçirilən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Qruplaşmanı izləyən ekspertlər təsdiqləyiblər ki, cihadçılar arasında internetdə yayılan bəyanat, çox güman ki, İsrailin Qəzza zolağında HƏMAS ilə müharibəsi fonunda bölgəni bürüyən xaosdan istifadə etmək istəyən ekstremistlərə məxsusdur.

Çərşənbə günü Kirmanda törədilən terror aktında azı 84 nəfər ölüb, 284 nəfər yaralanıb. Hücumun məqsədi teokratiya tərəfdarlarının ikona hesab, Amerika ordusunun isə İraqda ABŞ hərbçilərinin öldürülməsində əli olduğunu düşündüyü İnqilab Keşikçiləri generalı Qasım Süleymaninin şərəfinə keçirilən mərasimdir.

Cümə axşamı terrorun baş verdiyi ərazidə partlayışın ölümcül təsirini gücləndirmək üçün istifadə edilən partlayıcı qurğunun qəlpələri aşkar edilib.

“İslam Dövləti” qruplaşması hücum edənlərin Ömər əl-Müvahed və Seyfullah əl-Mucahid olduğunu bildirib. Açıqlamada deyilir ki, həmin şəxslər hücumları partlayıcı jiletlərdən istifadə edərək həyata keçiriblər. Bəyanatda həmçinin “İslam Dövləti” qrupunun kafir hesab etdiyi şiələrə qarşı təhqiramiz ifadələr var.

Bəyanatda hücumu hansı regional ekstremist bölmənin törətdiyi qeyd olunmayıb. Lakin Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş əməkdaşı Aaron Zelin bildirib ki, bundan əvvəlki bəzi açıqlamalarda regional bölmə qeyd edilmir və son bəyanat birbaşa qrupla əlaqəli akkauntdan gəlib.

Zelinin sözlərinə görə, qruplaşma, çox güman ki, İranın İsraili vuracağına və HƏMAS ilə müharibəni regional münaqişəyə çevirəcəyinə ümid edir. İslam Dövləti isə potensial olaraq bundan istifadə edə bilərdi.

“İslam Dövləti” qruplaşması daha əvvəl 2017-ci ilin iyununda Tehranda parlamentə və ayətullah Xomeyninin məqbərəsinə hücumu öz üzərinə
götürüb. Hücum ən azı 18 nəfərin ölümü və 50-dən çox insanın yaralanması ilə nəticələnmişdi. Qrup daha iki hücumu öz üzərinə götürüb.скачать dle 12.1