Bia.Az

Ermənistan bu il konstitusiyasını dəyişəcək – 2024-ün diktəsi

Dünya
 3-01-2024, 17:58     208

Artıq bir neçə gündür ümid dolu təzə ilə adlamışıq. Yeni illə bağlı ən çox dilə gətirilən arzu-diləklərdən biri və birincisi isə adətən qan-qadasız dünya, sülh və əmin-amanlıq haqda olur. Bölgəmizə gəlincə, əfsus ki, Ermənistan 44 günlük müharibədə yediyi “dəmir yumruq”dan sonra da haqq yoluna gəlməyə tələsmir. Bununla da ən böyük pisliyi əslində özünə, erməni xalqına edir.

Səbəb bəsitdir və dəfələrlə yazılıb: sən qonşu dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımazsan, sənin də ərazi bütünlüyünü və suverenliyini ciddiyə və vecə almazlar. Demək, Azərbaycanla sülh anlaşmasında ən maraqlı tərəf məhz “oyunun zəif bəndi” kimi Ermənistan olmalı.

Bəs özünü vasitəçi qismində sırımağa çalışan ABŞ, Rusiya, Avropa Birliyi, lap elə İran? Onlar necə, iki qonşu xalqın barışığında, ədalətli sülhdə səmimi şəkildə maraqlımı?

Söyləmək çətindir. O üzdən ən idealı - Bakı ilə İrəvan arasında vasitəçisiz, yəni birbaşa danışıqdır. Bunun uğurlu örnəyi artıq var: ötən ilsonu Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri aparatı arasında əldə olunan ortaq yazılı anlaşmanı nəzərdə tuturuq. Odur ki, cəsarətlə daha irəli gedib sülh sənədini də ikili formatda yaxınlaşdırmaq tamamilə mümkündür. Təbii ki, bəzi xarici güclər prosesə pəl vurmasa...

“Regiondakı bütün məsələlər dialoq yolu ilə həll edilməli, bütün ölkələrin ərazi bütövlüyü qorunmalı, bu dövlətlərin sakinlərinin hüquqlarına isə hər ölkənin milli suverenliyi çərçivəsində hörmət edilməlidir”.

Musavat.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani dünən yerli mediaya açıqlamasında ermənilərin Qarabağdan köçünə Tehranın münasibətinə dair suala cavabında söyləyib.

Diplomata görə, mübahisəli məsələlərdə ortaq məxrəcə gəlməkdən ötrü Ermənistan və Azərbaycan bir-biri ilə danışmalıdır. “Bu, dayanıqlı sülhü təmin edəcək bir anlaşma paketidir. Region ölkələrinin prosesdə iştirakı isə bunun qarantı ola bilər ki, onun da bariz nümunəsi kimi Tehranda 3+3 formatında keçirilmiş görüşü göstərmək olar. Ermənistan və Azərbaycan arasında əldə olunacaq sülh anlaşmasının ən böyük zəmanətçiləri məhz region ölkələri ola bilər”, - səfir vurğulayıb.

Xeyr. Sülh sənədinə ən etibarlı zəmanətçi Ermənistanın özü, lap dəqiqi, onun qonşulara qarşı ərazi iddiasından həmişəlik əl çəkməsi ola bilər! Başqa variant yoxdur, olmayacaq. Yerdə qalan amillər, “qarant dövlətlər” məsələsi ikinci, üçüncü dərəcəlidir. Qarabağ konfliktinin erməni xalqı üçün acınacaqlı sonluğu bunu bir daha təsdiqləyir...

Güney Qafqazda davam edən, barıt qoxulu durumun tək mənbəyi bəlli: Ermənistanın bitməyən, boyundan yuxarı iddiaları. Nə qədər ki, bu ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qalır, regional sabitlikdən və ya dinc-yanaşı yaşamaqdan danışmaq ciddi sayılmayacaq. Kapitulyant ölkənin siyasi elitası özündə güc tapıb bu olduqca təxribatçı konstitusiyanı dəyişdirməli və beynəlxalq hüquqa uyğunlaşdırmalıdır. Həm də bacardıqca tez. Uzağı, bu il.

Əks halda, kimin vasitəçiliyi və ya himayəsi altında imzalanır-imzalansın, sülh sazişi işlək olmayacaq. Nikol Paşinyan hakimiyyəti əbədi deyil. Ondan sonra iqtidara gələn hansısa revanşist qüvvənin rahatca həmin konstitusiyanı əsas götürüb də imzalanmış istənilən sülh sənədini qeyri-legitim elan etməyəcəyinə, yeni hərbi toqquşmanı körükləməyəcəyinə kim zəmanət verə bilər?

Qısası, Ermənistanın varlığı üçün ən güclü qarantor ölkə onun özüdür. Bununla hər şey deyilib. Top İrəvanın meydanında. Necə deyərlər, “nə qədər mamaça olsa da, güc doğana düşür”...

Musavat.com
скачать dle 12.1