İrandan Türkiyəyə ŞOK XƏBƏRDARLIQ – müharibə...
İran İraqın şimalını bombalamaqla bağlı xəbərdarlıq edib.
Bu barədə teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur Bağdada xəbərdarlıq edərək bunları deyib:
“Ölkənin şimalından separatizm təhlükəsini aradan qaldırmaq üçün təsirli addımlar atılmasa, İran ordusu bu ərazilərə yenidən zərbələr endirəcək”.
Bu xəbərdarlıq yeni İran-İraq müharibəsinə yol aça bilərmi?
Mövzunu şərh edən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar ZifəroğluMusavat.com-a bildirib ki, bu xəbərdarlıq 80-ci illərin İran-İraq müharibəsi kimi bir duruma gətirib çıxara bilməz.
Ekspert əlavə edib ki, bəyanatın məhz bu zamanda verilməsi diqqət çəkir:
“İran bu formada İraqda gedən prosesləri yaxından izlədiyini və orada mövcudluğunu dünya ictimaiyyətinə, eyni zamanda bölgə ölkələrinə bəyan edir. Bildiyiniz kimi, bu yaxınlarda Suriya ilə bağlı görüşlər keçirildi, danışıqlar getdi. Belə görüşlərin keçirilməsinin intensivliyi ilə bağlı sonrakı mərhələlərdə razılıqlar əldə edildi. Doğrudur, prinsipial bir razılaşma yoxdur. Gözlənildiyi kimi, Rusiya, Türkiyə və İran arasında Suriya ilə bağlı humanitar məsələlərlə əlaqəli razılaşmalar oldu. Eyni zamanda bölgədə gedən proseslərlə bağlı müəyyən mövqe aydınlaşdırılmasıyla əlaqəli danışıqlar getdi. Bundan sonrakı mərhələdə də prinsipial bir razılaşmanın əldə ediləcəyi gözlənilmir. Sadəcə olaraq İran indiki məqamda Suriyada olan Rusiya və Türkiyə faktorunun ön plana çıxmasından ciddi şəkildə narahatdır. İran bu cür məsələləri gündəmə gətirməklə Suriyada var olduğunu bir daha həm bölgədə marağı olan ölkələrə - əsasən Qərbə, həm də bölgədəki proseslərdə yaxından iştirak edən ölkələrə bəyan etmək istəyir. Bu və ya başqa dərəcədə hər hansı aktiv əməliyyatların başlanacağı ehtimalı indiki mərhələdə çox azdır. Çünki əvvəldə qeyd etdiyim kimi, danışıqlar gedir. Danışıqların getdiyi bir zamanda tərəflərdən hər hansı birinin indiki mərhələdə kəskin addım atacağı ehtimalı yoxdur”.
Vüqar Zifəroğlunun sözlərinə görə, İranın İraqın şimalını ünvan kimi göstərməsi maraqlı bir məqamdır:
“İraqın şimalında terrora qarşı mübarizə aparan tərəf kimi biz indiyədək Türkiyəni görmüşük. Türkiyə orada bölücü terror təşkilatlarına, eyni zamanda radikal dini təşkilatlara qarşı amansız mübarizə aparır. Bir neçə il ərzində bir neçə hərbi əməliyyat həyata keçirib və müsbət nəticələr əldə edib. Bu əməliyyatların keçirildiyi bir zamanda İran mediası bunu Türkiyənin Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirdi, təbliğatını bu istiqamətdə qururdu. İraqın şimalında müəyyən nəticələrin əldə edildiyi və antiterror əməliyyatlarının davam edəcəyi ilə bağlı Türkiyə tərəfindən müəyyən gözləntilərin olduğu halda İranın belə bir açıqlama ilə çıxış etməsi maraqlı suallar doğurur - İran terror təşkilatları dedikdə hansı tərəfləri nəzərdə tutur? Əgər söhbət bölücü terror təşkilatlarından və ya radikal İslami qruplaşmalardan gedirsə, o zaman İranın indiyədək Türkiyəyə dəstək verməli olduğu halda buna qarşı çıxdığını necə qiymətləndirmək olar? Yox, əgər İran İraqın şimalında terror təşkilatları dedikdə rejimə qarşı mübarizə aparan qüvvələri nəzərdə tutursa, biz Türkiyə-İran maraqlarının ciddi şəkildə prinsipial olaraq toqquşmasının şahidi ola bilərik. Ona görə də bu məsələ qaranlıq qalır. Yəni İran terror qruplaşmaları dedikdə hansı təşkilatları hədəf kimi göstərmək niyyətindədir”.