Bia.Az

Müsəlman libasında rus təxribatı – “Bloomberg”

Dünya
 16-05-2023, 13:57     170

Özünü müsəlman ölkəsinin təmsilçisi, islam təəssübkeşi kimi qələmə verib İsveçə hücum çəkən dəstə… Rusiyanın haker qrupu imiş. Novator.az-ın məlumatına görə, bunu İsveçin “Truesec” kibertəhlükəsizlik şirkəti üzə çıxarıb. ABŞ-ın “Bloomberg” agentliyinin yaydığı məqalədə deyilir ki, 2023-cü ilin fevralından “Anonymous Sudan” adlı haker qrupu İsveçə qarşı onlarca hücum həyata keçirib. Nəticədə İsveç Milli İctimai Teleşirkətinin (SVT) onlayn yayımı pozulub, “Scandinavian Airlines” aviasiya şirkətinin, “Vattenfall” dövlət enerji şirkətinin, “Saab AB” aerokosmik və müdafiə şirkətinin internet səhifələrinə giriş qapanıb.

“Anonymous Sudan” İsveç ictimaiyyəti arasında yaydığı bəyanatlarda özünü müsəlman ölkəsi Sudanın haker qrupu kimi təqdim edib, vurğulayıb ki, hücumları Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Quran”ın yandırılmasına cavab olaraq həyata keçirir. Onu da bildirib ki, islam dini əleyhinə çıxan hər kəsi daim təqib edəcək.
“Bloomberg” yazır ki, qrupun hücumları və açıqlamaları İsveçdə geniş ictimai müzakirələrə səbəb olub.
Ancaq “Truesec”in apardığı araşdırma göstərib ki, “Anonymous Sudan” nə sudanlı, nə də islamçıdır, Rusiyanın haker qrupudur. Təhqiqata rəhbərlik edən Mattias Valen “Bloomberg”ə deyib ki, “Anonymous Sudan”ı İsveçin ictimai və siyasi həyatına yaxşı bələd olan ruslar yaradıb: “Rusiyanın belə bir qrup formalaşdırmaqda məqsədi İsveçdə əhalinin müsəlman azlığa qarşı çıxmasına nail olmaq, bununla Türkiyə ilə İsveç arasında gərginliyi daha da gücləndirmək, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılaşmasına imkan verməməkdir”. Onun sözlərinə görə, “Anonymous Sudan”ı rusların yaratdığını qrupun “Telegram” kanalındakı hesabında ictimaiyyətə açıq məlumatlarından da görmək olur: “Qrup öz hesabında əsas dilinin rus, yerləşdiyi ölkənin Rusiya olduğunu qeyd edib. “Anonymous Sudan” həmçinin Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləyən ölkələri və təşkilatları hədəfə almış Rusiyayönlü “Killnet” haker qrupu ilə əməkdaşlıq edir”.
Haker qrupunun yaxşı maliyyələşdirildiyinə də diqqət çəkən Mattias Valen bildirib ki, dəstə virusa yoluxmuş ucuz kompüter sistemlərindən istifadə etmir: “Qrup “İBM” texnologiyalar şirkəti vasitəsilə Almaniyada 61 server icarəyə götürüb”.
“Bloomberg” yazır ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada başlatdığı müharibə uzandıqca Kreml geosiyasi hədəflərə yetmək məsələsində haker qruplarının xidmətindən daha fəal yararlanır.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır. Bu müharibə illər uzunu neytral ölkə kimi tanınmış iki Skandinaviya ölkəsini – İsveçlə Finlandiyanı hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq qərarına gəlməyə məcbur edib. 2022-ci il mayın 12-də Finlandiya və İsveç NATO-ya qoşulmaq üçün alyansa rəsmi müraciət edib. Qaydalara görə, NATO-ya qoşulmağın ilk rəsmi addımı üzv ölkələrin və namizədin hərbi alyansdakı səfirlərinin protokol imzalaması sayılır. Hər bir üzv ölkənin razılığı mütləqdir. Protokol imza mərhələsini aşdıqdan sonra hərbi alyansa üzv dövlətlərin, o cümlədən namizəd ölkənin parlamentində ratifikasiya edilir, yalnız bundan sonra alyansa qəbul rəsmiləşir.
Finlandiya ratifikasiya mərhələsini aşıb və 2023-cü il aprelin 4-də onun NATO-ya qoşulması rəsmiləşib. Ancaq İsveçin NATO-ya üzvlüyü ilk növbədə Türkiyənin etirazı səbəbindən ləngiyir. Ankara öz etirazını İsveçin Türkiyədə rəsmən terrorçu kimi tanınan kürd yaraqlılarına sığınacaq verməsi, onları himayə etməsi ilə əsaslandırır.
Mənbə: Bloomberg.comскачать dle 12.1