Bia.Az

Kiyev kamikadze dronların kütləvi hücumuna məruz qalıb, xəsarət alanlar var

Dünya
 8-05-2023, 11:27     174

Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 8-də gecə saatlarından başlayaraq rus qoşunları tərəfindən İranın “Şahed” tipli kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko teleqram kanalında məlumat verib ki, ilkin məlumata əsasən, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri düşmənin bütün kamikadze dronlarını və raketlərini zərərsizləşdirə bilib. Rusiya pilotsuz təyyarələrinin gecə vaxtı Kiyev üzərindəki hücumu zamanı 35 “Şahed-136” PUA aşkar edilərək məhv edilib.

"Təəssüf ki, hazırda verilən məlumata görə, şəhərdə dağıntılar və xəsarət alanlar var. Zərərsizləşdirilən kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində paytaxtda evlər, yol örtüyü, avtomobillər dağılıb. Xəsarət alanlar var", - deyə S.Popko yazıb.

Kiyevdə 7 avtomobil yararsız hala düşüb və daha 1 avtomobil yanıb, bir yaşayış binasına ziyan dəyib, 5 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib.


“Həmçinin, çox güman ki, dağıntılar səbəbindən yüksək təzyiqli qaz borusu zədələnib, yanğın baş verib”, - deyə S.Popko əlavə edib.скачать dle 12.1