Bəşəriyyət üçün qorxunc ssenari masada – Putin elan etdi
“Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki-nüvə silahının yerləşdiriləcəyini bildirib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Novruzov deyib.
O bildirib ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bunun blef və Qərbi qorxutmaq üçün olduğu deyilib:
“Putinin bu qərarı nüvə eskalasiyası riskinin artması kimi başa düşülməməlidir. Kreml rəhbərinin hazırda nüvə silahından istifadəsi inandırıcı görünmür. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib ki, Çin lideri Si Szinpinin Rusiyaya son səfəri bu ölkənin nüvə silahından istifadə etmə şansını azaldır. Çünki Si Szinpin bu barədə Putinə xəbərdarlıq edib”.
Politoloq bildirib ki, bir çox analitiklər Ukraynanın yaxın zamanlarda genişmiqyaslı əks-hücum əməliyyatına başlayacağını proqnozlaşdırır:
“Rusiya Prezidentinin ritorikası onun da bunu gözlədiyini göstərir. Görünür, Kreml rəhbəri bu əks-hücumlarından qorxur. Rusiya uzun müddətdir ki, Belarusdan ikinci cəbhə açmağa çalışır. Belarus Prezidenti Aleksandr Lukaşenko isə müqavimət göstərir. Çünki bilir ki, razılıq versə, Qərbin təzyiqləri ilə üzləşəcək. Belarusun isə imkanları, şübhəsiz, Rusiyanınkı qədər çox deyil.
Rəsmi Minsk hələ ki, həm Qərbi, həm də Rusiyanı qane etməyə çalışır. Əlbəttə, Belarusda nüvə silahının yerləşdirilməsi mövcud təzyiq imkanlarını xeyli artıracaq. Beləliklə, Putinin Lukaşenko ilə daha sərt ritorika ilə danışması üçün şərait yaranacaq.
İkinci bir tərəfdən, Rusiya rəsmiləri, o cümlədən Putin Ukraynanı və kollektiv Qərbi bir neçə dəfə nüvə silahı ilə təhdid edib. Bildirilib ki, Rusiya öz təhlükəsizliyi üçün bütün silahlardan istifadə etməyə hazırdır. Amma xəbərdarlıqlara rəğmən hələ ki, nüvə müharibəsi başlamayıb. Ola bilsin, Putin bu qərarı ilə həm də xəbərdarlıqlarında ciddi olduğuna dair mesaj vermək istəyib”.
K.Novruzovun sözlərinə görə, son proseslər göstərir ki, Rusiya müharibənin davam etməsində maraqlı deyil:
“Bunun üçün Ukraynanın əks-hücumları, Qərbin təzyiqləri dayanmalıdır. Ola bilsin, Putin həm də buna çalışır və göstərmək istəyir ki, təzyiqlər davam edərsə, nüvə müharibəsi başlaya bilər.
Əlbəttə, nüvə silahını tətbiqi kimsəyə, o cümlədən də Rusiyanın özünə sərf etmir. Çünki, bu, ikibaşlı məsələdir. Rusiya nüvə silahından istifadə edərsə, Qərb adekvat cavab verəcək. Bu isə bəşəriyyət üçün təhdiddir. Ona görə dünya dövlətləri, xüsusilə Rusiyanın müttəfiqi olan Çin Putinin fikrini dəyişməyə çalışır. Rusiya yalnız itirəcək bir şeyinin olmadığını görəndə bu addımı ata bilər”.