Bia.Az

Rusiya patriarxı bəşəriyyətə qarğış etdi – Kiril də dünyanı atom silahı ilə hədələdi

Dünya
 20-01-2023, 17:47     255

“İndiki şəraitdə Rusiyanın məğlubiyyəti bütün bəşəriyyət üçün fəlakətli nəticələrə gətirə bilər”.

Musavat.com-un məlumatına görə, bu absurd və əcaib açıqlamanı Rusiyanın hansısa yüksək çinli rəsmisi və ya generalı yox, Moskvanın və bütün Rusiyanın patriarxı Kiril deyib.

“Bu gün dünya üçün, ölkəmiz və bütün bəşər övladı üçün çox böyük təhlükələr var. Çünki bəzi ağılsız insanlarda istək yaranıb ki, güclü silahlara malik, nəsildən-nəslə qələbələr qazanan güclü insanların yaşadığı, heç vaxt heç bir düşmənə təslim olmayan, həmişə qalib gələn Rusiyanı indiki şəraitdə ya məğlub edə bilərlər, ya da necə deyərlər, təzədən formatlaşdıra bilərlər: yəni ona hansısa dəyərləri, - bunu dəyər də adlandırmaq olmur - sırıya bilərlər. Ki, o da hamı kimi olsun və dünyanın çox hissəsini idarə etmək gücünə sahib olanlara itaət etsin”, - deyə o qeyd edib.

“Rəbbimizə dua edirik ki, o ağılsızları ağıllandırsın və onlara anlatsın ki, Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaq”, - Rus Pravoslav Kilsəsinin başçısı sərsəmləməsini davam etdirib. Yəni ki, atom silahı təhdidi.

“Biz inanırıq ki, Rəbbimi Rusiya torpaqları üzərindən, Rusiya hakimiyyətindən, pravoslav prezidentimizdən, ordumuzdan nəzərini çəkməyəcək, Rusiya lazım gələrsə, öz torpağını və xalqını müdafiə etmək gücünə sahib olacaq. Və Allah eləsin ki, hamını Rəbbimiz barışdırsın, sakitləşdirsin və hamıya dünyanı daha yaxşı bir yerə çevirmək üçün birlikdə işləməyə kömək etsin”, - deyə patriarx guya ülvi arzusunu dilə gətirib.

Suveren Ukraynaya soxulan Rusiya orada öz torpağını, ərazisini müdafiə edirmiş! Bu da sizə Rusiyanın ali “din xadimi”. Sanki danışan Allahdan qorxan bir din adamı, sülhpərvərliyi, humanizmi, mərhəmətliliyi təbliğ etməli olan bir ruhani yox, “müharibə partiyası”nın qırğısı Dmitri Medvedyevdir, yaxud hansısa FTX zabitidir. Bəşəriyyəti atom silahı ilə də Kiril yox, Medvedyev, Roqozin hədələyir.

Rusiya imperiyası bir ilə yaxındır apardığı əxlaqsız işğalçı müharibədə məğlub olacaq deyə, dünya indi dağılmalı, insanın kökü kəsilməlidır? Bu nə xəstə məntiq, nə bəd duadır belə?

Təcavüzü, işğalı, ölüm-itimi, uşaqlara, körpələrə qarşı kütləvi zorakılıqları, dağıntıları dəstəkləyən patriarx! Sözündən belə çıxır ki, təki Rusiya imperiyası yaşasın və öz ərazisini böyütsün. Çünki bunca torpaqlar ona yenə azlıq edir.

Hansı torpaqları ki, Rusiya son 300-400 ildə müstəsna olaraq istilaçı müharibələr sayəsində zəbt edib. Həmin ərazilərin (Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Yakutiya, Tuva, Həştərxan, hətta Kalininqrad vilayəti) aborigen ruslara heç bir dəxli yoxdur. Və nə yazıq ki, həmin istilaçı müharibələrinin hamısında Rusiya patriarxlığı həmişə stimulverici, qızışdırıcı və təxribatçı rol oynayıb. Yanan ocağa daim yağ töküb.
Beləcə, Kiril də Rusiyanın mifik tarixi torpaqlarından dəm vurur. Erməni katolikosu kimi. Onlar da öz soydaşlarını əsrləridir zorakılığa, işğalçılığa, terrora, qonşu xalqların torpaqlarını tutmağa çağırır.

Ancaq əyinlərinə yalançı din çuxası geyən hər iki “din xadimi”nin arzuları heç vaxt çin olmayacaq. Çünki gec-tez Xeyir Şərə qalib gəlir. Şərin, şeytanın təcəssümü qismində Kiril olsa belə. Deməli, onun bəşəriyyətə bəd duaları Allah dərgahına qalxmayacaq, eşidilməyəcək. Eşidilə bilməz. Allah gec edər, güc edər...скачать dle 12.1