Bia.Az

“BU ŞEYTANLARI YANDIRACAĞIQ...” – Ramzan Kadırov yenə özündən çıxdı + VİDEO

Dünya
 26-10-2022, 20:18     160

“Sizə söz verirəm. Biz onlara hər gün hücum edəcəyik. Hər gün onları məhv edəcəyik. Biz bu şeytanları əsir götürməyəcəyik, yandıracağıq...”

“AzPolitika.info” xəbər verir ki, bunu Çeçenistan rəhbəri, bu yaxınlarda ad günü münasibətilə Putinin general-polkovnik(!) rütbəsi hədiyyə etdiyi Ramzan Kadırov yeni videomüraciətində bildirib.

Kadırovun belə isterik reaksiyasına Çeçenistandan Ukraynaya göndərdiyi “kadırovçular”ın böyük bir qrupunun Xersonda məhv edilməsilə əlaqələndirilir. Belə ki, ötən gün Xerson vilayətində Kadırovun 100-dən artıq döyüşçüsünün yerləşdiyi məktəb binasına raket zərbəsi endirildiyi və binadakıların böyük hissəsinin məhv edildiyi bildirilir.
Çeçenistan başçısı müraciətində Ukraynadakı işğalçılıq müharibəsini cihad kimi qələmə verib. O, xüsusilə də qafqazlıları bu savaşa qoşulmağa çağırıb və Ukrayna torpaqlarının işğalının davam etdirilməli olduğunu bildirib: “Heç yerdə dayanmayacağıq. Bizim ərazimiz Zaporojye, Xerson deyil. Bizim ərazimiz Odessa, Kiyev, Xarkovdur... Bütövlükdə Ukrayna ərazisi Rusiyanındır. Artıq qərara gəlmişik ki, müdafiə olunmayacağıq, hücum edəcəyik.
Bir daha qafqazlılara müraciət edirəm. Yaradan bizə bu şeytanlarla və onların ideologiyası ilə savaşmaq üçün imkan verib... Biz əsl möminlərik(?). Bu gün özünə hörmət edən mömin adam evdə oturmaz. O, özü avtomat və ona lazım olan hər şeyi tapıb, satanizmlə döyüşməyə gedər. Sizə bir daha çağırış edirəm. Bu, bizim iştirak etməli olduğumuz böyük cihaddır. Nə fərqi var, onları kim idarə edir, Amerika, yoxsa Avropa”.
Göründüyü kimi, Ukraynada ağır durumla üzləşən Kreml və onun Kadırov kimi qulluqçuları hər cür vasitələrə əl atırlar. Çeçenlərin böyük əksəriyyətinin ona olan münasibətindən yaxşı xəbərdar olan Kadırov, buna baxmayaraq, nəinki öz xalqını, digər Qafqaz xalqlarını və müsəlmanları da işğalçı savaşa qoşaraq, qırğına göndərməyə və bunun adını “böyük cihad” qoymağa çalışır. Lakin əsrlər boyu rus imperiyasının zülmündən əziyyət çəkən bu xalqların indi həmin imperiyanın maraqları naminə yad bir ölkədə işğalçılıq savaşına qatılması məntiqsiz və ağılsız addım olardı. 
Ukraynada son 8 ayda uşaqların, qocaların, qadınların bombalanmasını, qətlə yetirilməsini, zorlanmasını, şikəst edilməsini, ev-eşiyindən didərgin salınmasını, dinc şəhərlərin yer üzündən silinməsini “böyük cihad” adlandırmaq isə nə İslam dininə, nə də hər hansı bir müsəlmana, xüsusilə də qafqazlıya yaraşan əməl deyil...


скачать dle 12.1