“Sənəd almaq üçün 135 min manat verməyi təklif etdi” – Təşkilat sədrinin ifadəsi
Şəhid ailələri, əlillər, aztəminatlı ailələrə qarşı dələduzluqda ittiham olunan “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov və üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı və Diləfruz Mustafazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Ramil Şükürov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Orta təhsilli olduğunu deyən Ramil Şükürovun sözlərinə görə, əvvəllər “Azpetrol”da və “Riad” mühafizə xidmətində mühafizəçi işləyib: “Yeni Azərbaycan Partiyasının üzvüyəm. Həmişə dövlətçiliyə sadiq qalmışam. 2021-ci ildə ictima birliyi yaratdım. Məqsədimiz aztəminatlı ailələrə yardım etmək olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin yanvarında onların ofisinə bir neçə nəfər şəxs gəlib: “Onlar pul təklif etdilər, işə düzəlmək istədiklərini bildrdilər. Onlara belə bir işlə məşğul olmadığımızı bildirdim. Bundan sonra getdilər”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, Bəxtiyar Mirzəyev onun ofisinə gəlib və 1000 manat pul verib: “Həmin pulu aztəminatlı ailələrə yardım etmək üçün verdiyini dedi. Məndən aztəminatlı ailələrin siyahısını istədi. Mən də ona siyahını göstərəcəyimi bildirdim. Daha sonra Bəxtiyar Mirzəyev Səbail rayonunda evi olduğunu, həmin evi artırmaq istədiyini bildirdi. Bunun üçün köməklik göstərməyimi istədi.
İcra hakimiyyətində işləyən Qabil adlı tanışım olduğunu, bu işlə maraqlanacağımı söylədim. Məsələni Qabil müəllimə danışdım. Dedi ki, daha onlarda belə səlahiyyət yoxdur. Bu işlərlə şəhərsalma idarəsi məşğul olur. Bunu Bəxtiyar Mirzəyevə dedim. Bir neçə gün sonra Bəxtiyar Mirzəyev zəng vurdu, bu işin düzəlməsi üçün 60 min manat təklif etdi. Mən isə şəhərsalma idarəsində tanışım olmadığını söylədim.
Sonradan bildim ki, bu korrupsiya idarəsinin adamıdır. Bunu Elçinə dedim. Elçin bu işi düzəldəcəyini söylədi və işi görmək üçün 135 min manat istədi. Bunu Bəxtiyar Mirzəyevə dedim. Bəxtiyar Mirzəyev isə 100 min manat verə biləcəyini söylədi”.
Təqsirləndirilən şəxs bildirib ki, Bəxtiyar Mirzəyevlə yenidən 2022-ci il yanvarın 27-də görüşüb: “O, pulu gətirəcəyini dedi. Amma həmin gün 1000 manat verdi. Dedi ki, bu pulu təşkilatın aztəminatlı ailələrə ayırdığı yardımlar üçün verir. Bundan sonra getdi.
Növbəti dəfə zəng vuranda Bəxtiyar Mirzəyev dedi ki, koronavirusa yoluxub, bu səbəbdən gələ bilmir. Sonra yenə də zəng vurdu, xəstəxanada olduğunu söylədi. Fevralın 4-də isə bizi həbs etdilər, mənə məxsus pulu götürdülər”.
Ramil Şükürov qeyd edib ki, həmin gün onu Baş prokuror yanında Korrupsiya İdarəsinə aparıblar. Gecədən səhərə kimi idarədə onu dindiriblər: “Məni rüşvət almaqda ittiham edirlər. Deyirlər ki, Bəıxtiyar Mirzəyevdən rüşvət almışam. Əgər almışamsa, niyə görə 8 gün sonra məni həbs ediblər. Elə rüşvət aldığım gün həbs edərdilər.
Adamları mənim işim üzrə zərərçəkmiş şəxs qismində tanıyıblar. Onların heç birin mən tanımıram”.
Prokurorun Bəxtiyar Mirzəyevdən 100 min manatı israrla istəməyi ilə bağlı suala Ramil Şükürov belə cavab verib: “Mən əmin idim ki, o, korrupsiyanın adımıdır. Ona görə çağırırdım ki, buna əmin olum. Bilirdim ki, o, həmin pulu gətirməyəcək. Elə düşünbdüyüm kimi də oldu. Bəhanələr etdi, görüşə gəlmədi”.
Ramil Şükürov qeyd edib ki, iş üzrə zərərçəkmiş Nuranə Vəliyevanı sosial şəbəkə vasitəsi ilə tanıyıb: “O, bizdən kömək istədi. Bizi yaşadığı Ağdamın Xındırıstan kəndinə dəvət etdi. Biz də özümüzlə ərzaq götürdük və aztəminatlı ailələrə paylamaq üçün həmin kəndə getdik. Nuranə Vəliyevanın evində qaldıq. Sonradan ailəvi dostluq etməyə başladıq. Həmin ərəfədə Nuranə bizdən ona köməklik göstərməyimizi istədi. O, musiqi müəllimi idi. Kəndin musiqi məktəbinin direktoru və poçt müdiri vəzifələri boş idi. Onlardan birinə düzəlməyinə köməklik etməyimizi istədi.
Mən də bunu Koroğluya dedim. Koroğlu tanışı olduğunu, bu işi düzəldə biləcəyini söylədi. Bunun üçün 17 min manat lazım olduğunu bildirdi. Bunu Nuranəyə dedim, pulu ondan alıb Koroğluya verdim. Koroğlunun işi düzəldib-düzəltməməsindən xəbərim olmayıb”.
Zərərçəkmiş Bəhruz Bayramovun epizodu üzrə danışan Ramil Şükürov deyib ki, bu işlə bağlı heç bir əlaqəsi olmayıb: “3 il əvvəl Bəhruzun bibisi oğlu Nurəddinlə borc müqaviləmiz olub. Ondan borca pul götürmüşdüm. Sonradan borcu qaytara bilmədiyim üçün mülki qaydada məhkəmə iddiamız oldu. Onunla borc müqavilımizdə məbləğ 12 min manat idi. 3 ildən sonra şikayət edilib, özü də pul sahibi yox, onun qohumu şikayəti edib”.
Ramil Şükürov daha sonra bildirib ki, Diləfruz Mustafazadə ilə işbirliyi olmayıb, Koroğlu İbrahimov və Diləfruz Mustafazadənin kimdən nə almasını, nə iş görmələrini bilməyib.
Prokurorun aztəminatlı ailələrə pulların hansı yollarla yığılması barədə sualına Ramil Şükürov belə cavab verib: “Bizim təşkilatın vatsap qrupu olub. Həmin qruplarda yazılıb, pullar yığılıb. Pullarınm yığılmasına və paylanılmasına özüm nəzarət etmişəm”.
Digər təqsirləndirlən Koroğlu İbrahimov da ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 44 günlük Vətən müharibəsində iştirak edib və bələdçi kimi Şuşa şəhərinə qədər gedib.
Koroğlu İbrahimovun sözlərinə görə, istintaq sənədlərində ittiham olunduğu epizodlar yalandır: “Mən necə dələduzluq etmişəm ki, həmin ərəfədə həbsdə olmuşam? Abşeron polisi məni 2021-ci il noyabrın 18-də həbs edib. Həmin müddətdə guya bu şəxslərlə əlbir olub, dələduzluq etmişəm. Kürdəxanı istintaq təcridxanasına sorğu verə bilərsiz. Həmin ərəfədə mən orada olmuşam. İki qardaşımın şəhd olması ilə bağlı Abşeron məhkəməsi yüngülləşdirici halları nəzərə aldı, məni azadlğımın məhdudulaşdırılması cəzası ilə həbsdən azad etdi”.
Zərərçəkmiş Zakir Süleymanov deyib ki, Koroğlu İbrahimovu 2021-ci ilin sentyabrın 27-də şəhidlərin anım məraismində tanıyıb. Onun sözlərinə görə, işə düzəlmək üçün Koroğlu İbrahimova 500 manat verib.
Əlil olduğunu deyən Zakir Süleymanov bildirib ki, müharubəyə getməsə də, şəhidlərin dəfn mərasimlərində iştirak edib və mərasimlərdən birində xəsarət alıb.
İttihama görə, "Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov və üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı, Diləfruz Mustafazadənin əməllərindən Rövşən Bəymuradov, Nüranə Vəliyeva, Aysel Məmmədova, Zakir Süleymanov, Yeganə Batıyeva, Vüsal Zeynalov, İlqar Mirzəyev, Xuraman Quliyeva, Hikmət Nəcəfli, Əliheydər Axundov, Vüqar Qaracayeva, Bahram Həşimov, Xəyalə Miriyeva, Arzu Alıyeva, Murad Xalıqverdiyev, Əli Həşimov, Sevda Şıxıyeva, Sevda Verdiyeva, Bəhruz Bayramov, Həsən Ağayev, Ramiz Allahverdiyev, Kazım Mansurov, Rasim Səfərov, Kərəm Əmiraslanov, Samir Qazıxanov, İltimas Məmmədova, Vüsal Mirzə və Bayram Ələsgərov zərər çəkiblər.
Zərərçəkmişlərdən Sevda Şıxıyeva və Sevda Verdiyeva şəhid anasıdır.
Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev və Sevda Verdiyevanın oğlu Röyal Verdiyev Vətən müharibəsi zamanı şəhid olublar.
Cinayət işi üzrə zərərçəkmişlər Sevda Şıxıyevaya qarşı 5 min manat, Sevda Verdiyevaya qarşı isə 6 min manat dələduzluq edilib.
İttihama görə, bir çox rayon və şəhərlər üzrə bölmələri və yüzlərlə üzvü olan qanunsuz təşkilatın sədri Ramil Şükürovun bu qurumun cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək, qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıblar.
Onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham edilir.
Qeyd edək ki, Röyal Verdiyev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Orxan Şıxıyev isə “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda" medalı ilə təltif edilib.