SİZƏ MİNNƏTDARIQ, ƏZİZ MÜƏLLİMLƏRİMİZ!
Sadiq Qurbanov, millət vəkili
Dəyərli MÜƏLLİMLƏR!
Sizi 5 oktyabr "Müəllimlər Günü" münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da Vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!
Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdir. Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”
Ulu öndərimiz Hеydər Əliyеv özlərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tər-biyə еdilib yеtişdirilməsində müəllim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmişdir. Heydər Əliyev dеyirdi ki, müəllim аdı şərəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şərəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, vətənpərvər vətəndаş hаzırlаyır. Müəllim dünyаdа yеgаnə şəхsiyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаlnız оnа еtibаr еdir.
Bəli, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bu gün dünyada inkişaf çox sürətlə gedir və gedən bu proseslərdə ölkəmiz də yaxından iştirak edir. Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Bütün ümumtəhsil məktəblərində təhsil alan uşaq, yeniyetmə və gənclərə dövlət rəmzlərimizə, müstəqilliyimizə, xalqımızın tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, vətənpərvər ruhlu, Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Heç şübhəsiz ki, bu proseslərdə, ölkəmizin inkişafı və rifahı üçün müəllimin üzərinə daha çox məsuliyyət düşür. Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş və ümid edirəm ki, bundan sonra da vətənimizə, millətimizə yararlı gənclər, dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəkdir!
Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibə ilə torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Burada qeyd etmək istərdim ki, Vətən müharibəsində 427 müəllim öz yetirmələri ilə çiyin-çiyinə döyüşlərdə iştirak edib və onlardan 15 müəllim şəhidlik zirvəsinə ucalıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub. Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin və təhsilimizin hamisi Mehriban xanım Əliyevanın ən böyük uğurudur. Son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanımızın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağımızın yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır. Əminəm ki, siz bu şərəfli işlərin öhdəsindən layiqincə gələcəksiniz.
Əziz müəllimlər!
Şəxsən mənim də müəllim peşəsinə yiyələnməyimə dəstək olduğunuz üçün Sizlərə dərin təşəkkürümü bildirirəm! Öyrətdiyiniz biliklər sayəsində bu gün bir müəllim kimi gənc nəslin yetişməsində fəal iştirak edir və bununla fəxr edirəm.
Bir daha Sizi ürəkdən təbrik edir və bütün fəaliyyətinizdə uğurlar arzulayıram!