Bia.Az

Satan da çoxalıb, çəkən də – narkoloqdan ŞOK AÇIQLAMA

Cəmiyyət
 6-09-2022, 13:20     320

“Son illər Azərbaycanda narkotik vasitələrdən asılılıq halları artıb. Hamının patı adlandırdığı metanfetamin və digər narkotik maddələrin həm açıq, həm də onlayn satışı davam etdikcə, "ağ ölüm" daha geniş yayılır”. BİA.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlayan psixiatr, narkoloq Fəqan Zakirov bildirdi ki, bu vasitələrə əlçatanlığın rahat, qiymətinin isə ucuz olması insanları onlardan daha çox istifadəyə sövq edir:

“Düzdür, ölkəmizdə narkomaniyanın qarşısının alınması istiqamətində müəyyən işlər görülür, amma informasiya texnologiyalarının inkişafı narkotik vasitələrin daha geniş yayılmasına da "öz töhfəsini" verməkdədir. Son vaxtlar sosial mediada və şəbəkələrdə narkotik satıcıları aktivləşiblər və onlar heç nədən çəkinmədən, qorxmadan həmin vasitələri daha ucuz qiymətə təklif edirlər. Belə hallar daha çox yeniyetmə və gənclərdə marağın artması və onların narkotik vasitə istifadəçisinə çevrilməsi ilə nəticələnir”.

Həkimin sözlərinə görə, yeniyetmələrin narkotikaya meylinin əsas səbəbləri nizamsız ailə, azyaşlının şiddətə, istismara məruz qalması, valideynlərdən birinin və ya hər ikisinin alkoqol, yaxud narkotik qəbuledicisi olmasıdır:

“Narkoloq-həkimlərə narkotik istifadəçisinə çevrilmiş ailə üzvlərinin müalicəsi ilə bağlı müraciət edənlərin sayı durmadan artır. Çoxu da sosial şəbəkələr vasitəsilə müraciət edir, belə xəstələrlə necə davranmaq barədə məsləhətlər alırlar. Bundan ailə çox böyük zərbə alır. Evdə bir nəfərin narko-aludəçi olması bütöv ailəni çətin vəziyyətə salır, onları maddi-mənəvi, psixoloji zərbə altında qoyur. Bəzi hallarda ailələr özbaşına müalicə yollarına əl atır, yaxud həmin şəxsi döyməklə və digər üsullarla cəzalandırmağa çalışırlar. Bu isə heç bir nəticə vermir, istifadəçini daha da aqressivləşdirir”.

Narkoloq vurğuladı ki, gənclər narkotik vasitədən daha çox həzz almaq, hansısa problemi yaddan çıxarmaq, bəzi hallarda isə dost-tanış yanında bəyənilmək üçün istifadə edirlər:

“Bu maraq həmin davranışın sonralar kobud şəkildə təkrarlanmasına səbəb olur. Etiraf edək ki, son dövrlər ölkddə metanfetamin, heroin satışı kəskin xarakter alıb. Bunlar insanlarda asılılıq yaradan aktiv maddələrdir. Müalicə prosesində ailələrlə, xəstələrlə görüşürük. Həmin ailələrin də psixoterapiyaya ehtiyacı olur. Onlara müalicə dövründə xəstə ilə necə davranmalarını, nə etmələrini izah edirik. Xəstələri isə həm dərmanlarla, həm də psixoterapiya yolu ilə müalicə edirik. Belə insanlarda narkotik maddənin istifadəsi nəticəsində ciddi psixoloji problemlər yaranır. Bəzilərində hətta şizofreniyaya və paranoya səbəb ola bilir. Hazırda bir neçə belə xəstəmiz var və onların müalicəsi stasionar şəraitdə davam edir. Müalicə dövrü 6 aydan 1 ilə qədərdir. Əgər xəstənin ailəsi və özü müalicəni düzgün davam etdirmək istəsə, bu prosesi 95 faiz müsbət nəticə verir, xəstə tamamilə sağalır”.
скачать dle 12.1