Bia.Az

“Ənvər Həsənova dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər?” - ETİRAZ

Cəmiyyət
 30-08-2022, 12:02     80

Xalq artisti, sevilən kino aktyoru Ənvər Həsənovun səhhətinin ağırlaşması haqda yerli mediada məlumatlar yayılıb. Aktyorun qızı Aytən Həsənova faktı Moderator.az saytına təsdiqləyib.

“Bir neçə gündür ki, atam ölüm-dirim savaşındadır. Səhhəti ağırlaşıb, heç də ürəkaçan bir şey yoxdur. Bilirsiniz ki, ailədə 3 nəfərik-atam, mən və övladım. Mən indi ortalıqda tək qalmışam. Atam xəstəliyini heç kimə bildirmədi, dedi ki, ”heç kimə deməyin ki, mən xəstəyəm". Mən məcbur olub sizə danışıram. Çünki onu tanıyanlar necə qürurlu biri olduğunu bilirlər. Mən artıq tək bacarmıram, bilmirəm evə qaçım, ya xəstəxanaya. Atam ömrünü kino sahəsinə həsr edib, o, kino fədaisidir, kinoda bütün vəzifələrdə çalışıb. 180 manat xalq artistinə görə, bir də cüzi pensiya alır. Nə təqaüd, nə də mükafat alır. Dərmanlarını, xəstəxana xərclərini çatdıra bilmirik. Heç kim köməyə gəlmir. Mən Mədəniyyət Nazirliyinə, cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edirəm ki, bizim ailəyə dəstək olsunlar. İstərdim ki, onlar atama diqqət, qayğı göstərsinlər. Atam hazırda Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır. Bir neçə xəstəliyi bir-birinə qarışıb. Çox xahiş edirəm aidiyyəti qurumlardan, atamın köməyinə çatsınlar", - deyə sənətkarın qızı bildirib.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. O, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Bir müddət əvvəl 72 yaşlı sənətkar açıqlama verərək maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də Prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi”.

Bəs aidiyyəti qurumlar niyə xalq artistinin bu vəziyyətinə susqunluq nümayiş etdirir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “məsələ aidiyyəti üzrə şöbəyə yönləndirilib, bununla bağlı rəsmi mövqe təqdim olunarsa, məlumat veriləcək”.

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə qəzetimizə açıqlamasında bildirdi ki, artıq Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqı Ənvər Həsənova dəstək olmağa başlayıb: "İttifaqın sədri Şəfiqə Məmmədova şəxsən bu işlə məşğuldur. Mən özüm xəstə vəziyyətdə, yataqdayam, buna görə də yalnız telefonla əlaqə saxlaya bilirəm. Şəfiqə xanım mənə bildirdi ki, Ənvər Həsənovun qızı Aytənlə danışıb, onu başqa xəstəxanaya yerləşdirəcəklər. Mənə də söz veriblər ki, yeni bir xəbər olan kimi bildirəcəklər. Ötən il dünyanı gəzən “Yeddi oğul istərəm” filminin 50 illiyi oldu. Həmin vaxt müraciət etdim ki, Azərbaycan xalqının hələ də sevə-sevə izlədiyi bu filmin “yeddi oğul”dan 2-si həyatdadır, sağdır. Onların da müəyyən problemləri var ki, həll olunmalıdır. Əlbəttə ki, yaş üstünə yaş gəlir, həmin sənətkarlara diqqət, qayğı göstərilməlidir.

Ənvər Həsənov Azərbaycanın kino mədəniyyətində xüsusi yeri olan, daim göz qabağında olan ustad sənətkardır. Amma bu adam hələ də Prezident təqaüdü ala bilmir ki, müalicəsi üçün dərmanlar alsın. Buna nə ad vermək olar? Əgər ona dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər? Ənvər Həsənov həyatsevər, istiqanlı, heç bir ambisiyası olmayan, kiminsə qapısını döyməyi öz şəxsiyyətinə sığışdırmayan kino xadimidir. O, xəstələnənə qədər də kinostudiyanın koridorlarını, sexlərini uşaq kimi gəzir, gənclərə, kino çəkənlərə köməklik edir, dəstək göstərirdi. Kaş ki ölkəmizdə onun kimi şəxsiyyətlərdən çox olardı. Amma bu gün onun qədri bilinmir".

Xalq artisti Rasim Balayev də həmkarı üçün müraciət etdi: “Azərbaycan kinosunda Ənvər Həsənovun çox yaddaqalan obrazları var. Bu cür dəyərli, qiymətli sənətkarlara aidiyyəti qurumlar, o cümlədən Mədəniyyət Nazirliyi və sairə, köməklik göstərməlidir. Yəni bu köməklik dövlət səviyyəsində olmalıdır ki, onun sağlamlığına təsir etsin. Arzum budur ki, Heydər Əliyev Fondu bu işi nəzarətə götürsün. Düşünürəm ki, indiki halda yalnız bu fond ona lazımi səviyyədə yardım göstərə bilər”.

Xalq artisti Afaq Bəşirqızı da qeyd etdi ki, Ənvər Həsənov Azərbaycanın kino mədəniyyətində xüsusi yeri, çəkisi olan aktyordur: “Onun birdən-birə xəstələnməsi mənə də çox pis təsir etdi. Əlbəttə ki, ona kömək, dəstək göstərmək lazımdır. Ümid edirəm ki, əlaqədar strukturlar bu məsələyə biganə qalmayacaq”.


“Yeni Müsavat”
скачать dle 12.1