Bia.Az

RUS BÖLMƏSİ ÜÇÜN “ÜSYANA QALXANLAR”... - Bu avantüranın cəfasını uşaqlar çəkəcək

Cəmiyyət
 29-08-2022, 11:56     320

Azyaşlı övladlarını rus dili bölməsinə yerləşdirmək üçün məktəblərin və təhsil şöbələrinin qarşısına toplaşmış paytaxt sakinlərinin “üsyan”ı heyrət doğurur.

Yəni indi bu nə deməkdir? Bura haradır, Həştərxandır, Smolenskdir, Samaradır, Blaqoveşşenskdir, nədir, hansı ölkədir?
34 il öncə başlayan vətən davasının, məşəqqətlər və qurbanlar hesabına olsa da, sonda uğurla nəticələnən dövlət müstəqilliyi mübarizəsinin sonu bu olacaqdımı ki, o zamanlar meydanları dolduran yüz minlərlə insanın nəvələri bu gün “rus sektorunda təhsil almaq” üçün məktəblərin önündə mitinqə çıxıblar?
“Azərbaycan dili dövlət dili olsun” deyə hələ sovet dövlətinin qılıncının kəsərli vaxtı yüksək dövlət vəzifəsi tutan ictimai-siyasi xadimlərimizin öz karyeraları, hətta həyatları ilə riskə getməsinin mükafatı belə olacaqdımı?
Budur, uzun illərdən sonra Azərbaycan türkcəsi müstəqil Azərbaycan dövlətinin rəsmi dilidir, amma onun paytaxtının on minlərlə sakini övladını bu dildə oxutmaqdan imtina edir.
Bəs insanlar nədən körpə övladlarına yad dildə təhsil vermək istəyirlər? Onlar bu addımlarını nəyə hesablayırlar? Bunu sosial-siyasi səbəbləri çoxdur, amma əsaslı səbəblər deyillər. Valideynlər məsələyə öz şablon düşüncələri, öz köhnə arşınları ilə yanaşırlar.
Onlar hansısa yanlış təbliğatın təsiri altına düşmüş, rus dövlətinin və rus dilinin gələcəyinə inanan valideynlərdir və övladlarını bu dildə oxutmaq körpə uşaqların yox, sırf onların iradəsinin məhsuludur. Sadəcə, bu avantüranın cəfasını başqa dili yüz bir əziyyət bahasına öyrənməli olan uşaqlar çəkəcək.
Üstdəki cümlədə gedən “avantüra” sözü havadan götürülməyib. Çünki regionda dəyişmək, yenidən formalaşmaq üzrə olan geosiyasi duruma müəyyənlik gəlincə, “rusdilli olmaq” insanlara heç bir üstünlük verməyəcək, əksinə, ana dilində yaxşı oxuyub-yaza bilməmək gənclərə hər fürsətdə mane olacaq.
Tendensiya budur ki, gələcəkdə dövlət idarəçiliyində, dövlət strukturlarında başqa dilləri əla bilən bilən, ancaq ana dilində danışarkən hıqqınan, fikrini ifadə edə bilməyən kadrlar özlərini diskomfortda hiss edəcəklər. Onlar ingilis diliylə yanaşı, dövlət dilini yaxşı bilən kadrlara uduzacaqlar.
İndilikdə durum belədir ki, xarici dil kimi ingiliscəni öyrənən gənclər paralel olaraq ana dilini də yaxşı öyrənirlər və onların çoxu təhsillərini sonradan Avropanın ən yaxşı universitetlərində davam etdirirlər. Dövlət də bu proqrama külli miqdarda vəsait ayırır. Rus bölməsində oxuyanlar isə yalnız rus dilini öyrənirlər, bu zaman ana dilini ikinci, üçüncü plana keçirirlər, hətta, ümumiyyətlə, plana salmayan, sırf “russkoyazıçnı” olanlar olur. Sanki onlar ixtisaslı kadr olaraq yalnız Rusiya dövləti üçün yetişirlər.
Daha pisi odur ki, son illərin təhsilə dair statistik göstəricilərinə görə, rus dili bölməsində təhsil alan abituriyentlərin bilik əxz etmə əmsalı çox aşağıdır, ortalama götürsək, 3+ səviyyəsindədir. Başqa sözlə, sovet vaxtı yüksək səviyyəli təhsil vermələri ilə ad çıxaran rus bölmələri artıq çoxdan o qabiliyyətlərini itiriblər. Bu bölməni qurtaranların tam əksəriyyəti sonradan heç bir universitetə daxil ola bilmir, eləcə dükan-bazarda, evdə, həyətdə rusca danışırlar – o da məişət səviyyəsində, o da danışıqda çoxlu yerli və başqa dillərə məxsus olan sözlər işlədərək.
Bir sözlə, rus dili bölməsində təhsil məsələsində biz millət olaraq yanlış yoldayıq. Bu, xüsusən paytaxtda daha qabarıqdır, sanki sakinlərdə rus dilində oxumaqla bağlı yanğı var. (Sovet dövründən qalıb-nədi?). Digər iri şəhərlərimizdə, rayon mərkəzlərində ümumi axına qoşulanlar azdır.
Ən yaxşısı, ibtidai təhsili də, orta təhsili də ana dilində almaq, ehtiyac varsa, rus dilini yuxarı siniflərdə öyrənməkdir. Bu sətirlərin müəllifi rus dili orta məktəbdə də yox, ali məktəbdə öyrənib və bu dil onun karına yalnız kitablar, məqalələr tərcümə edəndə gəlir.
Anlamalıyıq ki, biz rus dilini ruslardan da yaxşı bilsəydik, bizi rus dövlətinin idarə edilməsinə cəlb etməyəcəklər, biz onlar üçün əcnəbiyik.
Adamı ağrıdan ən böyük detal isə başqadır. Arazın o tayında “Azərbaycan türkcəsində təhsil almaq hüququ” uğrunda mübarizə aparan yüzlərlə soydaşımız ya edam olunub, ya da həbslərdədir, bu tayında isə onların qardaş-bacılarının üsyanı “övladlarının rus bölməsində təhsil alması uğrundadır”.
Bax, bu, dünyanın ən qəribə və ən paradoksal hadisəsidir. (musavat.com)скачать dle 12.1