Bia.Az

Elçibəy təxəllüsünü Əbülfəz Əliyevə kimlər vermişdi? - Silahdaşlarının XATİRƏLƏRİ

Cəmiyyət
 22-08-2022, 12:49     304

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Əbülfəz Elçibəy apardığı mübarizə ilə ölkəmizin müstəqilliyə qovuşmasında önəmli rol oynadı. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, Türkiyədə Mustafa Kamal Atatürk, SSRİ-də İosif Stalin kimi Azərbaycan siyasi tarixində də təxəllüslü dövlət başçısı kimi Əbülfəz Elçibəy bir ilkə imza atdı. 

Bəs necə olub ki, Əliyev soyadlı Əbülfəz bəy “Elçibəy” təxəllüsünü alıb?  Modern.az saytının əməkdaşı bunu araşdırmağa çalışıb.

Keçmiş prezidentin ən yaxın dostlarından olan Rafiq İsmayıl Modern.az-a açıqlamasında həmin zamanları belə xatırlayıb:

””El” sözü türk dilində millət deməkdir, “çi” şəkilçisi isə millətçi anlamını ifadə edir. “Elçibəy” adını ona türkiyəli və azərbaycanlı türk təfəkkürünün sahibləri veriblər”.

Mərhum prezidentin tələbə yoldaşı olmuş Rafiz bəy bildirib ki, bu təxəllüsü verən şəxslərin kimliyi və həmin ili dəqiq xatırlamır. R.İsmayılın sözlərinə görə, həmin dövrdə Azərbaycanda xitab, müraciət forması kimi “bəy” sözü də Azərbaycan dilinin leksikonuna daxil oldu.

“60-cı illərdə azadlıq mübarizəsinə başlayanda “bəy” sözü geniş yayılmağa başladı. Əbülfəz Elçibəy bununla da kişi cinsindən olanlara “bəy” deyə müraciət etməyin əsasını qoydu. Bu, həm də öz dədə-baba qaydamızdır. Digər tərəfdən, bu müraciət forması ilə insanlar özünü Sovet İmperiyasının qulu, nökəri yox, Vətənin bəyzadəsi və bəyoğulları kimi dərk edəcəkdilər. Türkiyəli dostlarımızın da Əbülfəz bəyə “Elçibəy” ləqəbini verilməsində böyük rolları olub. Ancaq həmin şəxslərin kimliyi yadımda deyil. Onu deyə bilərəm ki, bu ad bir nəfərin şəxsi təşəbbüsü ilə irəli sürülməyib. O zaman ümumi rəy ilə ona “Elçibəy” təxəllüsü verilmişdi”.

KXCP sədri, Əbülfəz Elçibəyin yaxın əqidə yoldaşı Mirmahmud Mirəlioğlu isə bildirib ki, 1990-cı ilin 20 Yanvar faciəsindən sonra “Elçibəy” təxəllüsü açıq şəkildə qəbul olundu.

“Qanlı faciədən sonra Əbülfəz bəyin BMT-nin Baş katibinə, dünya dövlətlərinə müraciəti oldu. Həmin müraciət 31 yanvarda bütün dünyaya yayıldı. Orda ilk dəfə olaraq Əbülfəz bəy “Əbülfəz Əli Elçibəy” təxəllüsündən istifadə etdi”.

24 İyun 2013 скачать dle 12.1