Bia.Az

Rəşid Rzayev HANSI MƏZHƏBƏ QULLUQ EDİR? - NARAZILIQ VAR!

Cəmiyyət
 17-08-2022, 11:37     234

Məhkəmə qərarlarının dövlətin adından çıxarılmasını , icrasının məcburi olmasını, icra olunmamanın qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olduğunu , kim bilməsə də, məhkəmə hakimlərinin bilməməsi mümkün deyil. Bu müddəa ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan və məhkəmənin ən birinci tətbiq etməyə borclu olduğu qanunun – Konstitusiyanın 129-cu maddəsi ilə doğrulanıb. “Məhkəmə və hakimlər haqqında” qanunun 5-ci maddəsi də məhkəmə qərarları barədədir və qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikasının ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən MÜTLƏQ, VAXTINDA VƏ DƏQİQ İCRA OLUNMALIDIR. Bəs niyə məhkəmədə işin təşkilinə, əmək və İCRA İNTİZAMINA nəzarət etməyə görəvləndirilən məhkəmə sədrləri onlarla illərdir nəinki məhkəmə qərarlarının icrasını təmin edir, əksinə, icraya qadağa qoyurlar?

Rəşid Rzayevin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri postundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində eyni görəvə gətirilməsi ilə məhkəməyə girişə polis postu ilə qadağa qoymasını məhkəməyə işi düşənlər yaxşı bilir. Bu başabəla sədrin məhkəmə qərarlarının icrasına qadağa qoymasını isə hamı bilmir, “başına gələnlərdən başmaqçı olanlar” bilir. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin (hakim Şərafət Məmmədova ) 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı qərarını borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi ) 7-ci ildir qərəzlə icra etməkdən imtina edir, məhkəmə isə İnzibati Prosessual Məcəllənin (İPM) 116 -120 maddələrinin tələblərinə uyğun olaraq nəinki məcburi icra tədbirləri həyata keçirir, heç tələbkar Qarabağ əlilinin ərizələrinə belə baxmır. Halbuki İPM-in 120.1 maddəsinə görə , inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə proses iştirakçısının ərizəsinə əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Məhkəmənin xidməti vəzifəsini icra etməkdən imtina etməsi bir yana, tələbkarın çoxillik ərizələrinə belə baxmaqdan imtinası məhkəmə sədrinin də, Məhkəmə Hüquq Şurasının da, Ombudsmanın da yerində olmadığının göstəricisidir. Ombudsmanın adını hallandırmağımız “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 1.9 maddəsindən qaynaqlanır. Sözügedən maddədə ombudsmanın məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU doğrulanıb. Ombudsman isə illərdir nə rüşvətlə itirilən sənədləri tapa bilir, nə də məhkəmə qərarının icrasını təmin etdirir. Bəs məhkəmə sədrləri niyə Konstitusiya ilə, qanunla üzərlərinə qoyulan vətəndaşların ərizə və şikayətlərinə baxılmasını həyata keçirmirlər? Rəşid Rzayev bəyəm məhkəmə qərarlarının icrasına qadağa qoymağa sədrlik edir?
Nə yazıq, bu sədr Xətai məhkəməsində eyni görəvdə də icraya qadağa qoymaq prinsipini sürdürür. Xətai məhkəməsinin 26.05.2009 tarixli, 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli, 2 (011)-855/11 saylı iki qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıqla məşğul olmaq üçün verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı otaqları borclular Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ) və Nizami RİH saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməsi bir yana, indiyədək -13 ildə bir dəfə də olsun icra hərəkəti aparılmayıb. Əksinə, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri borclularla qeyri-prosessual ilişgidə tələbkara qarşı cinayət şantajı ilə məşğuldurlar. Bu şantajda Xətai məhkəməsinin sədri Rəşid Rzayevin də özəl xidməti var. Məhkəmə sədri məhkəmə qərarının icrasını təmin etmək əvəzinə, icra məmurlarının sifarişi ilə icra sənədinin qətnamənin nəticə hissəsinə uyğun olmadığını tələbkar Qarabağ əlilinin boynuna qoymaq absurdluğuna ,saxtalığına imza atıb. Son 3 ayda tələbkarın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 222.1-ci maddəsinə və Ali Məhkəmə Plenumunun 24.11.2005 tarixli 4 nömrəli qərarının 6.8-ci bəndinə əsasən , qətnamənin nəticə hissəsində əmlakın yerləşdiyi ünvanın göstərilməsi, qətnamənin tələbə uyğun imperativ formada tərtib edilməsi , qətnaməyə izah verilməsinə dair ərizələrinə baxılmır. Niyə? Çox şübhəlidir, Rəşid Rzayev Bakı İnzibati Məhkəməsində də, Xətai məhkəməsində də eyni tələbkarın ərizələrinə qadağa qoyub. Bu təsadüf ola bilər? Məhkəmə Hüquq Şurası bu barədə nə fikirləşir? Ümumiyyətlə, fikirləşirmi? Deyəsən, hərə öz qeyri – prosessual ilişgisi ilə özbaşınalığa , Konstitusiyaya tüpürməyə töhfə verir. Konstitusiyadan üstün olan məmur kimdir : Prezidentin köməkçisi, keçmiş ƏMDK sədri Kərəm Həsənov, onun müavini, hazırda Cəlilabad RİH-ə başçı təyin etdirdiyi Rafiq Cəlilov, Nizami RİH-in keçmiş, Dövlət Statistika Komitəsinin hazırkı sədri Tahir Budaqov, onun bacanağı, Nizami “JEK”-inin keçmiş, 1 saylı icra nümayəndəliyinin hazırkı müdiri Həsən Sadıxov , yoxsa elə baş prokuror özü, yoxsa elə ədliyyə naziri, MHŞ sədri özü?
Belə hüquq, belə hüquq dövləti , belə məhkəmə, belə məhkəmə təminatı, belə, belə. ..olar?
Məğrur Bədəlsoy
скачать dle 12.1