Bia.Az

Nazirlik içərisində “nazirlik”: ETN-də qrantlar şəffaf verilirmi?

Cəmiyyət
 8-08-2022, 10:54     125

Son vaxtlar yeni adı ilə ifadə etsək, Elm və Təhsil Nazirliyi və bir sıra qeyri-hökumət təşkilatları arasında “qrant biznesi”, “hədiyyə qrantlar”la bağlı müzakirələr mütəmadi gündəmə gəlir. İddialara görə,Təhsil Nazirliyi qrant müsabiqələrini ictimaiyyətə açıq formada həyata keçirmir. Yəni müsabiqə ya elan edilmir, ya da bu, gizli formada gerçəkləşdirilir. Üstəlik, tenderdə qalib gələn və onun icrasını reallaşdıran qurumlarla bağlı hər hansı hesabat açıqlanmır.

Qrant müsabiqələrində vəsaitlərin “yuyulması” ilə bağlı bir sıra qeyri-hökumət təşkilatı rəhbərlərinin, nümayəndələrinin adları da çəkilir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucovun, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərovanın adları da bu yöndə hallandırılır. İlqar Orucovla bağlı 100 min manatlıq qrant məsələsini bir müddət əvvəl araşdırmışdıq. Günel Səfərova da Təhsil Nazirliyindən 50 min manat məbləğində maliyyə vəsaiti aldığını Publika.az-a açıqlamasında təsdiq edib.

İddialara görə, “qrant biznesi”nin başında nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov dayanır. Daha əvvəl bu barədə Milli Məclisin deputatı Etibar Əliyev də Publika.az-a qısa məlumat vermişdi.
Həmçinin, iddialar səsləndirilir ki, Elvin Rüstəmov məktəb direktorları və bir sıra QHT rəhbərləri ilə bu istiqamətdə birgə “fəaliyyət” göstərir.
Məsələ ilə bağlı adıçəkilən dövlət qurumuna hələ bir neçə həftə əvvəl sorğu göndərsək də, cavab ala bilməmişik.

Bəs nazirliyin qrant müsabiqələrini gizli və ya dar çərçivədə həyata keçirməsinin tarixi haradan başlayır?
Nazirlik yanında İctimai Şuranın üzvü, təhsil eksperti, deputat Etibar Əliyev saytımıza açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi qrant müsabiqələrindən əvvəl ilin ən yaxşı müəllimini və məktəbini seçmək üçün müsabiqələr keçirirdi:
“Hətta bunun üçün mükafat da təyin olunurdu. Yaxşı müəllimə 5 min, yaxşı məktəbə isə 10 min manat verilirdi. Sonradan bu ənənəni qrant layihələri ilə əvəz elədilər. Qrant layihələrinin ortaya çıxması ilə çox ciddi nöqsanlar, qüsurlar da özünü göstərməyə başladı. Qrant layihələri ilə bağlı qapalılıq hökm sürür. Həmin layihələr heç bir effekt vermir. Layihələrin qeyri-hökumət təşkilatlarına və digərlərinə verilməsi tapşırıqla həyata keçirilir. Bu işin başında da Təhsil Nazirliyinin əməkdaşı Elvin Rüstəmov dayanır. Yəqin ki, bu şəxsin də hansısa nazir müavini səviyyəsində kuratoru var”.
Əgər qeyri-şəffaflıq varsa, deməli, şəffaflığın təmin edilməsində məsuliyyəti öz üzərinə götürən aiddiyatı qurumlar bu məsələdə birbaşa məsuliyyət daşıyır. Bəs həmin məsuliyyətli qurum hansıdır? Niyə bu vaxta qədər Təhsil Nazirliyinin içərisində “nazirlik” yaradan, “qrant”ları hədiyyə edən ” şəxs və ya şəxslərin işini yoxlamayıb? Dövlətin ayırdığı pulları göyə sovuranlar haqqında bu vaxta qədər niyə ölçü götürülmür?
Deputat Etibar Əliyev söyləyir ki, bu məsələni ötən il Milli Məclisin iclasında qaldırıb, amma ortada nəticə yoxdur:
“Təhsil Nazirliyinə büdcədən vəsait ayrılarkən qrantlar və digər proqramlar üçün ayrıca vəsait ayrılır. Həmin vəsaitlərin xərclənməsində qeyri-şəffaflıq müşahidə olunur. Eyni zamanda, bu qeyri-şəffaflığı qrant müsabiqələrinin icrasında da görmək mümkündür. Mən bu məsələni 1 il öncə Milli Məclisin iclasındakı çıxışımda da qeyd etmişəm. Lakin Hesablama Palatasının Milli Məclisdəki hesabatından göründü ki, bu iş üzrə heç bir audit aparılmayıb. Yəni bu vəsaitlər birmənalı olaraq göyə sovrulur. Əgər Təhsil Nazirliyinin ayırdığı qrantların monitorinqi və ya auditi aparılsa, hansı qüsurlara yol verildiyi aşkara çıxa bilər”.
Bəs qrant pullarının mənimsənilməsi ilə bağlı ortada fakt və ya faktlar varmı? Ona görə bu sual ortaya çıxır ki, Təhsil Nazirliyi bu barədə göndərdiyimiz suallara cavab verməkdən boyun qaçırır. Nazirlik yanındakı İctimai Şuranın üzvü Etibar Əliyev də iddia edir ki, “qrant bazarlığı” olduqca qapalı şəkildə gerçəkləşdirilir. Belə olan halda qaranlıq faktlara işıq tutmaq da çətinləşir. Amma...
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyevin sözlərinə görə, qrant müsabiqələri zamanı hansı qüsurlara yol verildiyini aşkara çıxarmaq mümkündür:
“Qrant layihələrində “qalib gələn” direktorların bir çoxu deyir ki, açıq şəkildə onlardan “otqat” tələb olunur. Bu haqda mənə bir neçə direktor danışıb. Bu məsələ gizli qala bilməz. Dövlətin vəsaitinin xərclənməsinin nəticəsi olmalıdır. Xüsusən də təhsil sahəsində büdcə təsnifatı pilot sahə kimi götürülür. Orada xərclənən vəsaitin əsasən nəticəyönümlü olması məsələsi ümdə olmalıdır. Hər halda bu məsələ diqqətə alınmalıdır. Uzun müddətdir ki, Təhsil Nazirliyində bu cür hallar davam edir. İctimai Şuranın üzvü kimi mən nazirə müraciət edirəm ki, bu məsələni şəxsi nəzarətinə götürsün”.
Əgər ortada “otqat” məsələsi varsa, deməli, belə başa düşmək olar ki, nazirlikdəki “qrant dəllalları” bir neçə qeyri-hökumət təşkilatı və ya məktəb direktoru ilə qarşılıqlı “anlaşma” şəraitində işləyirlər. Deputat və təhsil eksperti Etibar Əliyev də söyləyir ki, qrantların verilməsi, icrası ilə bağlı məsələlər son dərəcə qapalı şəkildə həyata keçirilir:
“Orada son dərəcə qapalılıq hökm sürür. Üstəlik, Elvin Rüstəmovun, yəni Təhsil Nazirliyində bu işə rəhbərlik edən şəxsin böyük təcrübəsi var. Hətta Azərbaycan dövlətinin Dünya Bankından kredit kimi götürdüyü milyonlarla vəsaitin mənimsənilməsində bu adamın birbaşa əli var. O, bütün bunların hesabına çox böyük təcrübəyə və varidata sahib olan bir adamdır. Hətta deyərdim ki, o nazirlik içərisində bir “nazirlik” funksiyasını yerinə yetirir. Bu məsələ dəfələrlə qabardılıb. Buna baxmayaraq, heç bir ölçü götürülməyib. Yenə deyirəm, Təhsil Nazirliyinə qrant üçün ayrılan pullar dövlət vəsaitidir. Onun şəffaf xərclənməsi üçün bütün cavabdeh şəxslər çox ciddi nəzarət mexanizmləri tətbiq etməlidirlər”.

P.S: Yazıda adları keçən qurumların və şəxslərin də mövqeyini yayımlamağa hazırıq.

Tural Turanскачать dle 12.1