Bia.Az

Bəyanatlar şəhid qisasını almır!

Cəmiyyət
 3-08-2022, 15:08     275

1994-cü il atəşkəsindən sonra ermənilər istər dövlət sərhədində, istərsə də Qarabağda yüzlərlə əsgərimizi şəhid etdiyindən Azərbaycan cəmiyyətini bu itkilərə adətləndirmişdilər. “Cavab atəşi ilə düşmən susdurulub” ifadəsi isə ikrah yaradırdı. Bu adətkərdəlik 27 sentyabr 2020-dək davam etdi və qələbəmizlə bitən 44 günlük savaşdan sonra yenə atəşkəs elan edilib. Bu gün xəbər gəldi ki, düşmən atəşkəsi pozub, Laçında Azərbaycan əsgəri şəhid olub. Artıq müharibə getmədiyi bir vaxtda Qarabağda düşmənin bizim əsgəri vurub öldürməsini sinirmək mümkün olmur. Bir il səkkiz aydır ki, müharibə bitib, amma ortada nəinki sülh, heç atəşkəs də yoxdur. Düşmənin bizim əsgərimizi müharibədən sonrakı atəşkəs dövründə öldürməsi cəmiyyətə daha pis təsir edir və hər kəsi bir sual düşündürür- adına “sülhməramlı” deyilən Rusiya hərbiçiləri Qarabağda nə gəzirlər? 20 aydır aranı qızışdırmaqdan başqa sülh naminə bir addım da atmayan bu hərbi kontingentin müşayəti və müşahidəsi ilə hələ neçə əsgərimiz öz torpağımızda şəhid olacaq? Bizi itkilərə, şəhid verməyə adətkərdə olmağı yenidənmi öyrətmək istəyirlər? Hələ Rusiya mətbuatının hadisə haqqında verdiykləri informasiyanın başlığına baxın: “ Azərbaycan Ermənistanla sərhəddə döyüş itkisinə məruz qalıb”. Laçın rayonu və özlərinin də qeyd etdiyi kimi “RF hərbiçilərinin nəzarət etdiyi” ərazi nə vaxtdan dövlət sərhədi sayılır? Yoxsa ruslar üçün Laçın Ermənistan ərazisidir? 
 
Hadisə Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazidə baş verdiyi üçün məsuliyyətin böyük hissəsi qanunsuz erməni silahlı qüvvələrinin deyil, məhz Rusiya “sülhməramlıları”nın üzərinə düşür. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov “sülh müqaviləsinin süni şəkildə uzadılması risklər yaradır” deyəndə elə bu cür təxribatları nəzərdə tuturdu. Bu hadisəyə görə Azərbaycan cəmiyyətini bir sual düşündürür- şəhidimizin qisası necə alınacaq? Bəyanatla, yoxsa, konkret və onqat cavabla? Müharibədən əvvəl bu cür təxribatlarla yüzlərlə şəhidimiz olmuşdu və hər dəfə bəyanat verəndə nəticəsi nə olurdu? Erməni əsgərlərimizi öldürməkdə davam edirdi. Bəyanatlar şəhid qisasını almır! Əks halda, qeyd olunan ərazilərin hərbi güc tətbiq etməklə azad ediləcəyi ultimatumu verilməlidir. 
 
 Rusiya hərbiçilərinin dəstəyi ilə ( onlar ermənilərin təxribatlarını yalnız müşahidə edirlər, nəzarət etmək göstərişi yoxdur) Azərbaycan ərazisində Azərbaycan əsgərini öldürməyin bədəlini ordumuz düşmənə ağır ödətməlidir. Bəyanatla təxribat qarşısı aalınmır. Sərt cavab verilməlidir. Əks halda düşmən əsgərlərimizi şəhid etməkdə davam edəcək. 
 
 Hadisənin bəyanat hissəsi XİN-in, hərəkət hissəsi isə MN -in səlahiyyətinə aiddir. Cavab verilsin, sonra 10 Noyabr 2020 razılaşmasına kimin əməl edib-etməməsi müzakirə olunsun. Azərbaycanın maraqları bunu tələb edir.


İlham İsmayılскачать dle 12.1