Bia.Az

Prokuror nəzarətinə etiraz

Cəmiyyət
 1-08-2022, 12:36     47

Son vaxtlar bir çox jurnalist və sosial şəbəkə istifadəçisi Baş Prokurorluğa dəvət olunub, onlara faktları və hadisələri qərəzli, qeyri-obyektiv təqdim etdikləri, yayılması yasaq informasiya paylaşdıqları deyilib, xəbərdarlıq olunub, bir bloqçu isə inzibati həbs cəzası alıb.

Media Hüququ Qrupunun bununla bağlı bəyanatında qeyd olunur ki, Baş Prokurorluq sorğu-sual etdiyi jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin hansı qadağan edilmiş informasiyanı yaydığını, hansı pozuntuya yol verdiklərini açıqlamır: “Media Hüququ Qrupu jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin yazılara, fikirlərə, mülahizə və tənqidlərə görə belə üsullarla çək-çevirə salınmasından narahatlıq keçirir və belə davranışları söz, ifadə azadlığına zərər vuran addım kimi dəyərləndirir”.
Baş Prokurorluğun media sahəsi ilə bağlı müəyyən səlahiyyətinin olduğunu vurğulayan Media Hüququ Qrupu bildirir ki, belə hallarda jurnalistlərlə davranış konstitusiya və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunmuş çərçivəyə uyğun olmalı, jurnalistləri ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirən formada olmamalıdır: “Jurnalisti yazılarına görə hər hansı dövlət qurumuna çağıraraq qapalı şəkildə sorğu-sual etmək onların etibarını zədələyir, digər jurnalistləri isə öz funksiyalarını yerinə yetirərkən senzuraya zorlayır.
Ayrı-ayrı qanunların ifadə azadlığı ilə əlaqəli müddəalarını tətbiq edərkən dövlət qurumları ilk növbədə konstitusiyanın və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin fərdlərin ifadə və məlumat azadlığını təminat altına alan müddəalarını rəhbər tutmaq öhdəliyi daşıyır. Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin ifadə azadlığı hüququnu, 50-ci maddəsi isə hər kəsin informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını qoruyur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığı hüququnu təminat altına alır. Bu hüquq və azadlıqlara müdaxilələr üçün qanunla qorunan mənafe hər kəsin anlayacağı qədər aydın göstərilməlidir. Baş Prokurorluq ifadə azadlığına müdaxilə üçün “qanuni əsas” müəyyən edibsə, bunun detallarını ictimaiyyətlə bölüşməlidir. “Qanunla qadağan olunmuş” kimi ümumi ifadələrlə ifadə azadlığı hüququna müdaxilələrə haqq qazandırmaq yolverilməzdir”.
Media Hüququ Qrupunu hüquqşünaslar Ələsgər Məmmədli və Xalid Ağalıyev yaradıb.скачать dle 12.1