Bia.Az

"Media 4-cü hakimiyyətdir və 4-cü hakimiyyət vəzifəsini yerinə yetirməlidir"

Cəmiyyət
 5-07-2022, 17:02     275

Əvvəllər deyilirdi ki, media, mətbuat 4-cü hakimiyyətdir. Mətbuatın xüsusi dəyəri, çəkisi və nüfuzu var idi. Bu nüfuz dövlət qurumları yanında da böyük idi. Buna görə də məmurlar, dövlət işçiləri işini layiqincə görməyə çalışır və adlarının hərhansı bir problemlə mətbuat səhifələrinə düşməsini istəmirdi. Mətbuatın nüfuzlu olması müəyyən dairələrdə şəffaflığın hökm sürməsinə də şərait yaradırdı. Əslində bu gün bütün dünyada mətbuat güclüdür. Mətbuat vasitəsilə müəyyən problemlər həllini tapa bilir. Çünki hər bir sahədə təbliğat maşını hesab edilən mətbuatın böyük rolu var.

  • Azərbaycanda son illər mətbuat və cəmiyyət arasında bir qopma, uzaqlaşma, inamsızlıq yaranıb. Mediaya əvvəlki gücü necə qazandırmaq olar? Nə etmək lazımdır ki, cəmiyyət mətbuata əvvəl olduğu kimi inansın, güvənsin, etibar etsin?!
“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hakimiyyət bölgüsündə həqiqətən də media 4-cü hakimiyyətdir və 4-cü hakimiyyət vəzifəsini yerinə yetirməlidir. Media cəmiyyətin, ictimaiyyətin güzgüsüdür. Orada əks olunan yaxşı, pis nə varsa, hamısını göstərmək üçündür.
Şakir Ağayev hesab edir ki, zaman keçdikdə mətbuat nüfuzdan və dəyərdən düşür, söz də hörmətdən düşür. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərindən biri odur ki, sosial şəbəkələr meydana gəlib və kim nə istəyirsə, onu yazmağa başlayıb. “Fake” xəbərlər meydana gəlib. İnsanlarda inam itib.
“"Fake" xəbərlər bilirsiniz ki, yalan yayılan xəbərlərdir. Bir müddət keçir və insanlar düşünür ki, həmin sosial şəbəkələrdə keçən xəbərlər elə mətbuatda gedən xəbərlərdir” - deyə baş redaktor əlavə edib.
Şakir Ağayev təəssüflə qeyd edir ki, bu gün mətbuat sosial şəbəkədə olan fake xəbərləri mətbuata gətirir. Bu da öz rolunu oynayır. Bununla yanaşı mətbuatın dəyərini itirməyinə əsas səbəblərdən biri də, mətbuatda avtosenzuranın olmasıdır.
“Mətbuat ehtiyac olduqda tənqid də yazmalıdır. Tənqiddən söhbət gedir, təhqir və ya böhtandan söhbət getmir. Mətbuat cəmiyyətdə olan çatışmazlıqları göstərməlidir. Və bu, çatışmazlıqların düzəlməsində və problemlərin həll olunmasında rol oynamalıdır.
İndi baxaq, mətbuatın faydası varmı, yoxmu? Mətbuat cəmiyyətdəki bu nüfuzunu itirir. Təbii ki, bunda müəyyən hakimiyyət strukturlarının da rolu var. Onların marağı olmalıdır ki, mətbuatda problemlər qabardılsın və onlar həll etsin. Amma çox təəssüf ki, Azərbaycanda məmurlar çalışırlar ki, onları gördüyü qeyri-qanuni işlər, neqativ hallar mətbuata çıxmasın. Hətta elə məmurlar var ki, bir neçə reket saytlar saxlayır. Bu saytlar vasitəsilə istəmədikləri insanlara qarşı intriqa aparırlar. Mətbuat intriqa meydanına çevrilir. İntriqa meydanına çevrilən mətbuatın da cəmiyyətdə rolu az olur” - deyə baş redaktor vurğulayıb.
Şakir Ağayevin sözlərinə görə, mətbuata inamı geri qaytarmaq üçün mətbuat tam sərbəst olmaldır. Təəssüf olsun ki, bu da çox çətindir. Sərbəst olmağın birinci yolu, iqtisadi sərbəst olmaqdır. Təbii ki, bu gün Azərbaycan mətbuatı iqtisadi cəhətdən o qədər də sərbəst deyil. Redaktor qeyd edir ki, mətbuatın öz gəlir yeri, reklam bazarı olmalıdır.
“Mətbuat iqtisadi baxımdan o qədər sərbəst olmalıdır ki, istənilən məsələni qabardanda çəkinməməlidir ki, ona iqtisadi baxımdan hardansa zərbə dəyə bilər. Mətbuat tənqidi yazılar yazmalı, araşdırma aparmalı, imkanı daxilində ona müraciət edənlərin problemlərini həll etməyə çalışmalıdır. İnsanlar başqa yerdə yaşadıqları problemləri həll edə bilməyəndə mətbuata üz tuturlar. Bu problemlərin hansısa biri həll olunan zaman bu, mətbuatın gücünü göstərir və mətbuatın hörməti qalxar. Mətbuatın hörmətini araşdırmaq üçün gözəl jurnalist məktəbi olmaldır. Araşdırma yazılar, tənqidi materiallar olmaldır. Və təbii ki, iqtisadi baxımdan azadlıq olmalıdır” - deyə Şakir Ağayev bildirib.
Həqiqətən də, mətbuatın iqtisadi cəhətdən asılılığı, görünməyən senzura cəmiyyətdə mətbuata qarşı inamı öldürür. Cəmiyyətlə mətbuat arasında bağı gücləndirmək üçün mətbuat da şəffaf olunmağa çalışılmalıdır. Bəs şəffaf olmağı nə qədər bacarırıq və ya şəffaf olmaq üçün imkanlarımız varmı?скачать dle 12.1