Bia.Az

Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli vəfat edib

Cəmiyyət
 7-06-2022, 13:08     419

Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.


Bu barədə mərhumun yaxınları məlumat verib.

Nəsir Əhmədli bu gün - iyunun 7-də, 80 yaşında uzun müddət əziyyət çəkirdi ağciyər xərçəngindən dünyasını dəyişib.
Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışırdı. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.

Allah rəhmət eləsin!скачать dle 12.1