Ekspert: Ölkə iqtisadiyyatı sürətli inkişaf müstəvisinə çıxıb
Azərbaycan hökuməti son illər ərzində apardığı uğurlu islahatlarla ümümdünya iqtisadi böhranının yaratdığı fəsadları tam aradan qaldırmağa nail olub. Hazırda yeni inkişaf templərini hədəfləyən iqtisadiyyatımız 2020-ci ildə daha sürətli inkişaf müstəvisinə çıxıb.
Bu fikirləri “bia.az”a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
Ekspert bildirib ki, bu ilin ilk iki ayı ərzində ümumi iqtisadiyyatın 2,8%, qeyri-neft sektorunun 6,7%, qeyri-neft sektorunda sənaye istehsalının 21,7% artması, inflyasiya səviyyəsinin 2,8%-dən çox olmaması qarşıya qoyulan hədəflərin miqyasından xəbər verir: “İqtisadiyyatda baş verən irəliləyişlərin nəticəsidir ki, cari ilin yanvar ayı ərzində ölkəmizdə kredit qoyluşlarının ümumi həcmi 20,4%, əhalinin orta aylıq nominal əmək haqqı isə 27,8% artıb”.
Fikrət Yusifov deyib ki, COVID-19 pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi fonunda da Azərbaycan iqtisadiyyatı və onun maliyyə sistemi dayanaqlılıq nümayiş etdirir: “Azərbaycan 2015-ci ildə neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşdüyü bir vəziyyətdə sürətli iqtisadi islahatlara başladı.
Azərbaycan hökuməti bu gün də beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neyrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır. Lakin vətəndaşlarımız unutmamalıdırlar ki, bəşəriyyəti ciddi sınaq qarşısında qoymuş bu problemin ən yaxşı həlli xalq - iqtidar birliyinin yüksək səviyyədə olduğu halda mümkündür. Bu gün hakimiyyət hər bir vətəndaşının yanındadır və bu durumdan daha yaxşı nəticələrlə çıxmaq üçün bütün alətlərdən maksimum istifadə edilir.
Hökumət sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətindəki fəaliyyətini də intensiv şəkildə davam etdirir. Hazırkı vəziyyətdə dövlət iş adamlarına müəyyən güzəştlər etməyi düşünürsə, deməli iş adamları da bunun qarşılığını, koronavirusun yaratdığı çətin vəziyyət üçün dövlətin müəyyən etdiyi strategiyanın tələblərinə əməl etməklə verməlidirlər. Mövcud durumda sahibkarların sosial məsuliyyəti olduqca vacibdir.
Dövlətin sahibkarların qarşılaşdıqları məsələlərin həllinə kökləndiyi bir vaxtda, sahibkarların işçiləri ixtisar etməsi və ya onları ödənişsiz məzunuyyətə göndərməsi yolverilməzdir. Sahibkarlarımız unutmasınlar ki, son illər ərzində dövlət onların fəaliyyət meydanının şəfflaşdırılması və bu meydanda sahibkarın fəaliyyətinə əngəl ola biləcək bütün maneələrin aradan qaldırılması yolunda ölçüyə gəlməyəcək qədər çox işlər görüb.
Koronavirus pandemiyasının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti dövlət büdcəsindən bir milyard manat vəsait ayırıb. Eyni zamanda müəssisələrimiz və vətəndaşlarımız yüksək həmrəylik nümayiş etdirərək, ümumbəşəri bəla ilə mübarizə üçün xüsusi olaraq yaradılmış fonda vəsait köçürürlər. Bu vəsaitlərin bir təyinatı da koronavirusun yaratdığı problemlər nəticəsində ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsinin itkilərinin minimallaşdırılmasını təmin etməkdir.
Dövlətin sahibkarlara təqdim edəcəyi güzəştlər zərfində vergi və gömrük preferensiyalarının verilməsi, sahibkarlıq kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması, kiçik və orta biznesin kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramlarının genişləndirilməsi kimi addımların gerçəkləşməsi sahibkarlar üçün yaxşı dəstək olardı. Bu güzəştlərin və dəstəyin ilk növbədə sosial məsuliyyətini dərk edib, işçilərini ixtisar etməyən, onları ödənişsiz məzunuyyətə göndərməyən və bununla da çətin dönəmdə hökumətlə həmrəylik nümayiş etdirən sahibkarlara şamil edilməsi doğru seçim olardı”.