Bia.Az

"KƏNDDƏN ŞƏHƏRƏ" GƏLİBLƏR, AMMA... - Yarmarkaya qatılanların ümidi bayram həftəsinə qalıb (REPORTAJ+FOTOLAR)

Cəmiyyət
 23-12-2021, 12:10     463

Dekabrın 20-dən etibarən Bakıda Kənd Təsərüffatı Nazirliyinin təşkilatçılığı ilə "Kənddən şəhərə" Yeni il yarmarkası keçirilir. Bu ayın 30-dək davam edəcək yarmarka hər gün saat 08:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Kənddən şəhərə" yarmarkası aşağıdakı 3 ünvanda keçirilir:
Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi, 5B;
Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi, 5;
Xırdalan şəhəri Heydər Əliyev prospekti, 41A.

Nərimanov rayonunda təşkil olunan yarmarkaya baş çəkərək, qiymətlər, satıcıların və alıcıların təəssüratları, problemləri, satılan məhsulların keyfiyyəti və s. ilə maraqlandıq.

Yarmarkada pandemiya qaydalarına riayət olunmaması qarşılaşdığımız ilk çatışmazlıq oldu. Dörd tərəfi bağlı olan ticarət mərkəzinin girişində daxil olanların hərarəti yoxlanılmırdı, dezinfeksiya üçün məhlul da qoyulmamışdı.
Girəcəkdə quraşdırılan elektron lövhədə yarmarkada satılan bütün məhsulların qiymətləri qeyd olunmuşdu. Lakin “Kənddən şəhərə" yarmarkasına maraq hələlik elə də böyük deyil. Bunu söhbət zamanı alıcılar və satıcılar da təsdiqlədilər. Alıcılar daha çox ət və ət məhsullarına, həmçinin quru meyvələrə maraq göstərirdilər. 
Ən çox Quba, Xaçmaz, Ordubad və Lənkəran zonasından olan fermerlərin məhsullarına rast gəlinirdi. 

Özünü Rəşad kimi təqdim edən yarmarka əməkdaşı bildirdi ki, məhsulların qiyməti hazırki bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilib: "Yarmarkada iştirak edənlər əsasən daimi üzvlüyü olan fermerlərdir(?). Biz fermerlərə təklif göndəririk, onlar da gəlib yarmarkada iştirak edirlər. Məhsullar bazara daxil olan zaman heç bir keyfiyyət yoxlanışı aparılmayıb. Səbəb isə satıcıları incitməmək, onların yarmarkada rahat işitirakını təmin etməkdir. Doğrudur, yarmarkaya maraq çox azdır. Düşünürəm ki, dekabrın 25-dən sonra alıcıların sayı artacaq. Çünki bir çox vətəndaşımız hələ pensiya və sosial müavinətini almayıb, yəqin aldıqdan sonra bazarlığa çıxarlar".
Yarmarkada meyvə-tərəvəz məhsullarıyla yanaşı ət, balıq, kolbasa, pendir, yumurta, müxtəlif turşular, konservləşdirlimiş qidalar, təbii müalicəvi otlar satılır. Son vaxtlar xüsusən, turşudan zəhərlənmələrin sayının artdığını nəzərə alsaq, yarmarkada məhsulların yoxlanılmadan satışına icazə verilməsi diqqətimzi çəkdi.
Yarmarka əməkdaşı "nəyə görə yoxlama aparılmadan məhsul satışına icazə verilib" sualına ev şəraitində konservləşdirilmiş turşu bankasını göstərərək, "bu bankaya baxanda, əgər köpük görünmürsə, deməli təhlükəsizdir", - deyə cavab verdi.

Satıcılar yarmarkada alıcı qabiliyyətinin aşağı olmasından şikayətlənirdilər. 
Quba rayonundan paytaxta üz tutan fermer Cavid Əsgərov bildirdi ki, hər il bu yarmarkada iştirak edir: "3 gün əvvəl 15 min manatdan çox dəyəri olan məhsul gətirmişəm. İndiyə qədər cəmi 400-500 manat alverim olub. İnnabdan başqa bütün məhsullar öz həyətimizdəndir. Əvvəl maraq daha böyük idi, amma son illər keçirilən yarmarkalarda alıcı tapmağa çətinlik çəkirik".
Ordubad rayonundan gələn fermer Səbuhi Əliyev isə deyir ki, uzaq məsafədən gəldiyi üçün xərcləri digər fermerlərlə müqayisədə çoxdur: "Biz quru meyvələrin satışını edirik. Məhsullarımız Ordubad rayonundan, öz bağımızdandır. Razıyam, alıcılar əvvəlki illərlə müqayisədə çox azdır. Ümid edirik ki, bayram həftəsində alış-veriş edənlərin sayı artacaq".

Lənkəran şəhərindən yarmarkaya qatılan fermer Zahid Məmmədli də bir neçə ildir yarmarkada iştirak etdiyini deyir: "Daimi üzvlüyüm olduğu üçün məhsullarımı hər il bu yarmarkada satıram. Əvvəl şərait çox pis idi. Yağış yağanda məhsulumuzu yığışdırıb evə getməli olurduq. Amma indi şərait yaxşıdır. Məhsulumuzu xarici bazara çıxarmaq əvəzinə, bu yarmarkada rahat şəkildə vətəndaşlarımıza təqdim edə bilirik. Alıcı az olsa da, bir neçə gün sonra marağın artacağını düşünürəm".
Paytaxt sakini Teymur Hüseynov isə deyir ki, qiymətlər paytaxtdakı mağazalardan çox fərqlənmir: "Düşünürəm ki, bu səbəbdən də alıcılar yarmarkaya maraq göstərmirlər. Hər kəs evinin yaxınlığındakı mağazalardan bazarlıq edir".
Alıcılardan Naibə Səfərova bildirdi ki, yarmarkada bazar və dükanlarla müqayisədə elə də böyük qiymət fərqi yoxdur, bəzi məhsullar bir qədər ucuzdur: "Yumurta, kök, ət və soğanın qiyməti nisbətən aşağıdır, digər bazarlardan 10-15 qəpik fərqlənir".
Yarmarkada satılan bəzi məhsulların qiymətinə gəlincə, kartof 50-70 qəpik, soğan - 40 qəpik, pomidor - 1.30-1.55, xiyar-2.60, kələm-1 manat, bibər- 1.60, kök - 0.65-90 qəpik, alma - 0.35-2.50, mandarin - 1.30-2 manat, kivi-1.50, nar - 1.20-2 manat, heyva 0.70 -1.50, pendir 5-13 manat, şor-3 manat, qoz 3-10 manat, fındıq isə 5-8 manata təklif olunur.

Yarmarka və mağazalar arasında müqayisə apardıqda biz də ciddi qiymət fərqi müşahidə etmədik. Satıcılar nəqliyyat xərci, paytaxtda mənzil kirayələmək xərci və digər gündəlik xərclər çəkirlər ki, bu da nəticədə məhsulların maya dəyərinin üzərinə gəlir.Yarmarkaya alıcı marağının az olmasına gəlincə, bunun səbəbi yalnız qiymətlərin digər satış nöqtələrindən fərqlənməməsi deyil, həm də ümumilikdə ölkədə mövcud olan sosial-iqtisadi durumdur. İmkansız ailələr əsasən gündəlik tələbatlarını qarşılayan məhsullara üstünlük verirlər. Nisbətən bahalı meyvə və ərzaqlara gəlincə, satıcıların da dediyi kimi, əksər ailələrin buna imkanı çatmır və çoxları yalnız bayramdan-bayrama sanballı bazrlıq edə bilirlər. Ona görə də satıcıların ümidi son bayram həftəsinədir…/"AzPolitika.info"
скачать dle 12.1