Bia.Az

Ağsu RPŞ-nin rəis müavini Vüsal Əliyev: "İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılır"

Cəmiyyət
 6-12-2021, 13:00     268

Vətənimiz iqtisadi  inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətləri sırasında yer alır. Əldə olunan nailiyyətlər məhz ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində düzgün, məqsədyönlü aparılan proseslərin məntiqi nəticəsidir. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Agsu Rayon Polis Şöbəsinin kollektivi də son illər bu sahədə məqsədyönlü fəaliyyəti ilə diqqət cəkir. Rayonda cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunmasında polis işçiləri üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirirlər.

Bu gün polisin nailiyyət göstəricilərini xatırlamaq olduqca asandır. Amma onların hansı çətinliklər və fədakarlıqlar nəticəsində əldə edildiyini bəzən unuduruq.  Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyevlə  söhbətdən əldə etdiyimiz məlumatlarla bu çətinliklər və fədakarlıqları gözləriniz önündə sərgiləməyə çalışacağıq. Hərçənd ki, Ağsu polisinin fəaliyyətini hər birimiz gündəlik həyatımızı müşayiət edən dinclik, əmin- amanlıq, rahatlıq şəraitində minnətdarlıq duyğusu ilə dəyərləndirə bilirik.

Ağsu polisi şanlı Azərbaycan polisinin avanqard dəstələrindəndir. Fəaliyyətinin bütün dövrlərində dövlətçiliyə və xalqa sədaqəti ilə seçilib. Dövlətdən və xalqdan da qarşılıqlı olaraq sevgi və qayğı görüb. Müsahibim söhbət zamanı ilk olaraq buna diqqət çəkdi. Bildirdi ki, bu gün Rayon Polis Şöbəsi kollektivinin fəaliyyətinin əsas stimulu vətəndaşdır, onun asayişinin qorunmasıdır.

 Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev deyir:

-Bu gün polisin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət dövlətin qayğısı ilə əhatə olunub. polisin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, xeyli sayda radar, videokamera, nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə cənab nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır, daxil olmuş sorğu və müraciətlər operativ qaydada cavablandırılır. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əməkdaşlardan tələb edir ki, vətəndaşlar ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, vətəndaşlara törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.

Həmsöhbətim  onu da  məmnunluqla bildirdi ki, riskli, məsuliyyətli bir fəaliyyət sahəsi olmasına baxmayaraq gənclərin bu quruma maraqları təqdirəlayiqdir. Buna sübut kimi  “Polisə ictimai dəstək əməkdaşı” vəzifəsinə qəbulla bağlı müraciətlərinə gənclərin reaksiyasını vurğuladı. Bildirdi ki, indiyədək bu vəzifəyə 10-dək  gənc işə götürülüb. Bu gənclər iki il müddətində polis əməkdaşları yanında sınaq müddəti keçirlər. İki ildən sonra isə onlardan ən yaxşıları, bacarıqlıları, etibarı doğruldanları polis sıralarına işə qəbul olunacaqlar.


Söhbət əsnasında Vüsal Əliyevin artıq üçüncü ildir ki, Agsu Rayon Polis Şöbəsində rəis müavini işlədiyini öyrəndik. O qeyd etdi ki, kecən illə  müqayisədə rayonda oğurluq, mülkiyyət və şəxsiyyət əleyhinə, ictimai yerlərdə qayda pozğunluğu, narkotik maddələrin  aşkar olunması, satışı və becərilməsi kimi cinayət halları azalmışdır. Ağır və xüsusilə də ağır cinayətlərin hamısı açılıb.

Cəmiyyətin dəstəyi polisin dayağıdır, fikrini polis mayoru təsdiqlədi. Bildirdi ki, polisin fəaliyyətinin uğurlarında bu amilin rolu dəyərləndirilməlidir. Şöbə nəzdində ictimai şuraların yaradılması da buna xidmət edir. Bu şuralar şəhərdə də, kəndlərdə də 7-8 nəfərdən ibarət olmaqla fəaliyyət göstərir. İcra nümayəndələri, bələdiyyələr, fəallar, könüllülərlə əlaqəli şəkildə fəaliyyət göstərmək işimizə bir mükəmməllik gətirir. Tutaq ki, kəndlərə gecə reydləri zamanı yolda gedən birisini şübhəli şəxs qismində saxlamaq insan hüquq və azadlığının pozulmasıdır. Amma bu şəxsin cinayətkar olmaq ehtimalı da ola bilər. Belə hallarda o ərazilərin bizimlə əməkdaşlıq edən  insanlarının məlumatları çox kömək edir.
"Cinayətlərin azalmasını və bu tendensiyanın davam etdiyini vurğuladınız, sizcə buna səbəb nədir," sualıma cavab olaraq rəis müavini bildirdi ki, xalqın rifah halının yaxşılaşması, çoxlu sayda iş yerlərinin yaradılması ən başlıca səbəbdir.
Daha sonra rəisi müavini Vüsal Əliyev dövlət başçısının son 15 ildə daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, məhz ölkə Prezidentinin diqqət və qayğısı ilə DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi  üçün mühüm tədbirlər həyata keçirilmişdir. Bütün bunlar daxili işlər orqanlarının hər biri kimi Ağsu Rayon Polis Şöbəsinin də şəxsi heyətini daha məsuliyyətli olmağa, öz vəzifəsini ləyaqətlə icra etməyə, bununla da dövlət və xalq qarşısındakı borcunu yerinə yetirməyə sövq etdiyini söylədi: "Bizim pis işləməyə haqqımız yoxdur. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kimi bir peşəkarın rəhbərlik etdiyi qurumda çalışmaq məsuliyyətli və şərəflidir. Fəaliyyətimizdə DİN-in tövsiyyələrini, kollegiya qərarlarını rəhbər tutaraq xidməti işimizdə bundan sonra da ancaq uğurlara imza atmağa çalışacağıq."

Bəli, həftənin 7 gününü, günün 24 saatını, bir sözlə, bütün həyatımızı sakitlik, sabitlik, dinclik içərisində keçirmək hər birimizin arzusudur. Arzusu həqiqətə çevriləndə, reallaşanda insanın bir minnətdarlıq etmək ehtiyacı yaranır. O zaman uca səslə deyin: Mənim polisim, məni qoruduğun üçün sağ ol! Bax, bir neçə kəlmə ilə ifadə edilən bu minnətdarlıq ilin bütün fəsillərində-yayın qızmar istisində, qışın qan donduran soyuğunda, günün hər bir  saatında iş başında olan və səni, məni, bizi hər cür təhlükələrdən qoruyan POLİS üçün ən böyük mükafatdır. Elə isə icazənizlə sizlərin-çoxminli “BİA.AZ” oxucularının adından Ağsu Rayon Polis Şöbəsinin şəxsi heyətinə cansağlığı və gərəkli işlərində bundan sonra da uğurlar arzulayırıq.



BİA.AZ
скачать dle 12.1