Bia.Az

Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır?

Cəmiyyət
 17-11-2021, 13:03     40

Bakı şəhər Səbail rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı daha bir məhkəmə prosesi başlayıb. Hakim İlkin Rüstəmlinin icraatında olan mülki işdə iddiaçı AMEA-nın İşlər İdarəsinin sabiq müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədovdur. Ramiz Mehdiyevin özbaşınalıqları və kaprizləri sayəsində AMEA-dan uzaqlaşdırılan iddiaçının iddiası üzrə məhkəmə "işə bərpa" və "əmək münasibətləri üzrə" digər mübahisələrə aydınlıq gətirəcək.

"Demokratik.Az" xatırladır ki, ölkə elminə sanki qənim kəsilən Mehdiyevin maraqları ucbatından AMEA son illər tənəzzül dövrü yaşayır. Elm məbədində bir sıra kadrların qaçaqaçı, pərən-pərən salınması prosesi dayanmır. Prosesdə isə müxtəlif güc və vasitələrdən istifadə olunur.

İddiaçı Elton Məmmədov 2019-cu ilin noyabrında akademik Ramiz Mehdiyevin özəl xahişilə AMEA-da "texnologiyalar parkı"nın direktoru, daha sonra isə, 2020-ci il yanvarın 17-də AMEA-nın İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Lakin, Ramiz Mehdiyevin AMEA-da prezidentliyi dövründə yarıtmaz fəaliyyəti və özbaşınalıqlarının üzə çıxardığı mühitlə barışmadığına və etirazlar etdiyinə görə, AMEA prezidentinin imzaladığı 13 aprel 2021-ci il tarixli, 10/6 saylı əmrilə elm ocağından uzaqlaşdırılıb.

Bu barədə saytımızda gedən ötən yazılarımızda da bildirdiyimiz kimi, professor Elton Məmmədov AMEA-da haqsızlığa qarşı sərt mübarizə aparan, Ramiz Mehdiyevin özünün və yaxınlarının əməllərinə qarşı çıxan ziyalılardan biri olub. Hazırda AMEA-nın İşlər İdarəsinin müdiri postunda Fikrət Əliyev əyləşdirilib ki, adıçəkilən də Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır. Bu da özlüyündə Elton Məmmədovun niyə uzaqlaşdırıldığına, AMEA-nı Mehdiyevlərin ailə maraqları ilə idarə edildiyinə əyani sübutdur.


ÖNƏMLİ HAŞİYƏ: Xəbəri yayıma hazırlayarkən məhkəmə işi üzrə olduqca ilginc informasiyaya yiyələndik. Öyrənə bildik ki, AMEA-nın maraqlarını məhkəmədə Əliyev Kamal Vəli oğlu adlı şəxs təmsil edir. Kamal Əliyevin 2021-ci ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın hüquq şöbəsinin müdiri təyin edildiyi, eyni zamanda vəkillik fəaliyyətilə məşğul olduğu bildirilir. Hər şey normal görünür, amma...
AMEA-nın hüquqşünasının kimliyində və karyerasında çox mühüm hallar diqqətdən yayınmır. Məlum olur ki, AMEA-nın hüquqi təmsilçisinin adı 2017-ci ilin mayında Tərtər rayonunda hərbçilərə qarşı törədilmiş ağır işgəncə və cinayət işində hallandırılır. Belə ki, Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də məlum olur ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmələrdə hakim kimi fəaliyyət göstərib. Eləcə də, 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitlərə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub. Məhz həmin ildən hakimlik fəaliyyətinə xitam verilib və heç bir imtahansız (qanunvericilik imkan verdiyi üçün - red) vəkillik fəaliyyətinə başlayıb.

Böyük ehtimal, məhkəmə strukturundan qovulmuş və "Tərtər işi"ndə adıkeçən birinin AMEA-ya hüquq şöbəsinin başına yerləşdirilməsi də heç təsadüfi baş verməyib. Bildiyiniz kimi, "Tərtər işi" üzrə dəfələrlə zərərçəkmişlərin dilindən səsləndirilib ki, baş verənlərdə Rusiya kəşfiyyat orqanının əli olma ehtimalı yüksəkdir və işgəncənin təşkilatçıları kimi irəli sürülən əsas adlara və kimliklərə baxdıqda onların dövlətimizə sızdırılmış rus emissarları olma ehtimalları güclənir.

Bilirik ki, "Tərtər işi"nin təşkilatçılarından biri kimi, Ramiz Mehdiyevin də adı hallanır. Onun hələ PA rəhbəri olduğu dönəmdə Azərbaycanda Rusiyameyilli ən iri persona olması, vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi iddia edilir. Axı, o illərdə - Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. İndi isə ölkə elminə "ağalıq" ona tapşırılıb. Özünüz düşünün, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri sizcə niyə məhz gəlib Ramiz Mehdiyevə sığınsın ki? Niyə Ramiz Mehdiyev məhz adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin ki? Bunun məntiqli bir açıqlaması olarmı görəsən? Bəlkə, Mehdiyevin Kamal Əliyev yanında belə bir öhdəliyi və ya borcumu vardı? Maraqlıdır, deyilmi?
(əlavə məlumat verəcəyik)
Demokratik.Az


скачать dle 12.1