Bia.Az

Eldar Həsənov qızına nə tapşırıb?

Cəmiyyət
 3-11-2021, 12:17     666

Məhbus dövlət xadimi Eldar Həsənovun qızı Səbinə Hüseynova “Facebook” şəbəkəsində növbəti dəfə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Novator.az-ın məlumatına görə, o yazır: “Atamın səhhəti çox ağırdır. Ürəyində təcili əməliyyat aparılmalıdır. Yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkir, təcridxanada vertiqo xəstəliyinə tutulub. Ürəkgetmələri var, tez-tez huşunu itirir. Hər dəfə onun huşunu itirərək yıxıldığını eşidəndə və ya bunun şahidi olanda nələr keçirdiyimi ifadə etmək istəmirəm. Dəhşətli hisslərdir…

Lütfən, atam barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə, onun normal müalicə almasına kömək edin. Bu gün bizim ədalətə və humanist münasibətə çox ehtiyacımız var…
Məhkəməsi başlayandan bəri atam 3 dəfə huşunu itirərək yıxılıb. Hər prosesdə vəziyyətinin necə pisləşdiyini hakim daxil hər kəs görür. Amma ədalətli qərar verə bilmirlər. Səbəb nədir? Sabiq baş prokuror, 20 il dörd ölkədə Azərbaycan dövlətini yüksək səviyyədə təmsil etmiş səfir, alim, ziyalı, 28 kitabın müəllifi… Eldar Həsənova ədalətli münasibət çoxmu çətindir? 67 yaşlı xəstə bir insanı həbsxanada və ya məhkəmə zalında öldürmək Azərbaycan dövlətinə başucalığı gətirəcəkmi? Bunumu istəyir hakim? Biz Azərbaycan dövlətinə, onun hüquq mühafizə orqanlarına atamın qatili kimi baxmaq istəmərik.
Problem nədir? Hətta düşmənə də humanizm nümayiş etdirib bu dövlət. Nə olar, atamı da görün, onun ağrılarını, əzablarını da görün…
Atam hər şeyə hazırdır, ölümə belə. Amma mən bir övlad olaraq onun yoxluğuna hazır deyiləm. Özü də günahsız, suçsuz olduğunu bilə-bilə! Son görüşdə mənə dedi ki, günahsız olduğum gec-tez aşkara çıxacaq, təsdiqini tapacaq, buna əminəm, amma həyatda olmasam, bəraət almağım üçün bütün addımları atmağı sənə tapşırıram”.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da doğulub. Mühəndis və hüquq ixtisasları üzrə iki ali təhsili var. 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
Baş prokurorun birinci müavini, baş prokuror postlarında da xidmət edən Eldar Həsənov ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun iddiasına görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilib, dövlətə külli miqdarda ziyan vurulub.
İttihamı rədd edən Eldar Həsənov bildirir ki, həbsinin həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.скачать dle 12.1