Bia.Az

RÖVŞƏN ƏKBƏROVLA BAĞLI BÖYÜK MÜƏMMA - Milli Qəhrəman adı və hərbi rütbəsi alınmadı...

Cəmiyyət
 29-10-2021, 14:44     242

Məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı və 10 il müddətinə azadlıqdan məhrum edildi. 

R.Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib. Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29 yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.
Maraqlıdır ki, məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adlarının alınmasını zəruri hesab etməyib. “Yeni Müsavat” xəbər verir ki, buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib. Bunu R.Əkbərova qarşı bir jest kimi qiymətləndirmək olar.
İndiyədək bir sıra şəxslər, məsələn, Rasim Əkbərov Milli Qəhrəman və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. R.Əkbərov dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Surət Hüseynov da eyni aqibəti yaşayıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs-qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib. Habelə, Naxçıvanın həbs edilən sabiq daxili işlər naziri Əhməd Əhmədov da daxili xidmət general-mayoru, polis general-leytenantı ali-xüsusi rütbəsindən, general-leytenant ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilib. Amma Rövşən Əkbərovun fəxri adları əllərindən alınmayıb. Bu qərar onun həbs müddəti başa çatmazdan əvvəl azadlığa buraxılmasında rol oynayacaqmı? 
Qanun nə deyir, o, fəxri ad və rütbədən məhrum olunmalıydımı?

Hüquqşünas Əsabəli Mustafayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdimat verilməliydi. Onun fikrincə, əgər təqdimat verilməyibsə, bu göstərir ki, R.Əkbərovu təqsirli saymayanlar da var, yaxud günahkar sayırlar, sadəcə, şəxsiyyətinə və Milli Qəhrəman adı almasına görə cəzasının ağır olmasını istəmirlər. “Onsuz da Rövşən Əkbərova çox ağır cəza verilməyib. Onun ”OMON"çuların işində iştirakı olub, indi deyə bilmərəm ki, bu məsələ nə dərəcədə rol oynayıb, lakin görünür ki, ümumi razılaşma var, Rövşən Əkbərovu tam batırmaq istəmirlər. Digər tərəfdən, özü də başa düşsün ki, ona müəyyən üstünlük saxlanılıb. Hər halda, general-leytenantdır", - deyə Ə.Mustafayev qeyd etdi. Vəkil hesab edir ki, fəxri adın saxlanması və rütbəsindən məhrum olunmaması R.Əkbərovun gələcəkdə əfvə salınması üçün rol oynaya bilər: “Onun döyüş yoldaşları, yaxın şəxslər, yaxud özü əfvə düşməsi üçün müraciət edə bilər. Mənə elə gəlir ki, bir neçə il sonra onun əfvi mümkündür”.
Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, R.Əkbərov təcrübəli general olub: “Füzuli istiqamətində döyüşlərdə bərabər olmuşuq. Rövşən Əkbərov Azərbaycan Ordusu üçün hərbçi kimi bacarıqlı generallardan biridir. Onun keçmiş Baş Qərargah rəisi ilə münasibətləri gərgin olub, bəzi qərarlarla razılaşmayıb. Bir hərbçi kimi Əfqanıstanda döyüşüb, Qarabağ döyüşlərində xidmətləri olub. Yəni mən ona bir hərbçi kimi qiymət verə bilərəm”. Ü.Cəfərov R.Əkbərovun göstərilən müddəti axıra qədər həbsdə qalacağını düşünmür və əfvini istisna etmir: “Yaxınları əfv üçün müraciət edə bilərlər”.
Qeyd edək ki, 56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevralının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib. R.Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan R.Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilib.
Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. O, 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.скачать dle 12.1