Bia.Az

KORONAVİRUSA YOLUXANLARIN VƏ ÖLƏNLƏRİN SAYI GİZLƏDİLİR? - İnfeksionistdən açıqlama

Cəmiyyət
 5-10-2021, 11:55     14

"Koronadan vəfat etsə də pozitiv test nəticəsi olmadığı üçün bu insanlar koronavirusdan ölmüş xəstələr kimi qeydiyyata alınmır"

Azərbaycanda yoluxma sayı ötən bir neçə günə nisbətən artıb. Dünən koronavirus infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. 
Bununla belə, statistik göstəricilərdə ölüm sayları aşağı düşsə də, bundan dəfələrlə çox insanın COVİD-dən həyatını itirdiyi iddia edilir. Ətrafda qohumlarının, tanışlarının ölümlərinə şahidlik edən insanlar da “niyə statistik məlumatlarda az rəqəm açıqlanır”, - deyə sual edirlər.
Bu arada Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı da açıqlanıb. Koronavirusinfo.az xəbər verir ki, ən çox yoluxma 54,2 faizlə Bakıda qeydə alınıb. Ümumi yoluxmanın 13,4 faizi Abşeronun, 12,1 faizi Aran rayonlarının, 7 faizi Gəncə-Qazax, 3,6 faizi Şəki-Zaqatala bölgələrinin, 3 faizi Quba-Xaçmaz, 2,5 faizi Lənkəranın, 2,3 faizi Dağlıq Şirvanın, 1,5 faizi Yuxarı Qarabağın, 0,07 faizi Naxçıvanın payına düşüb. Koronavirusa yoluxanların 0,4 faizini ölkə xaricindən gələnlər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir. Paytaxt üzrə ən yüksək yoluxma isə yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Yasamal və Sabunçu, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,5 %-lə Xəzər, 7,2 %-lə Nizami, 4,9 %-lə Səbayel, 4,4 %-lə Qaradağ, 0,5 %-lə Pirallahı qərarlaşıb.
Bəs görəsən, məktəblər, universitetlər açılandan sonra şagirdlər, müəllimlər arasında yoluxma sayı artıbmı? Toylar başlayanda xəstələnənlərin sayı arta bilərmi?
Bu və digər suallarla bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova musavat. com-a bildirib ki, son günlərdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı nəzərəçarpacaq artım müşahidə olunmur: "Ümumi olaraq ölkə üzrə yoluxma sayında statistik olaraq azalma müşahidə edirik. O ki qaldı koronadan ölənlərin çox olması və bunun statistikada az ölüm sayı kimi göstərilməsinə, təəssüf ki, hələ də koronavirusun eyni simptomları olduğu halda test verməyən insanlar var. Onlar arasında ölüm müşahidə olunduqda xəstəliyin gec müddətində testin götürülməsi, öldükdən sonra testin götürülməsi ilə əlaqədar olaraq bəzən onlarda cavab neqativ çıxır. Bu ölüm halı hər nə qədər koronavirusun ağırlaşması kimi olsa belə, əlində pozitiv test nəticəsi olmadığı üçün bu insanlar koronavirusdan ölmüş xəstələr kimi qeydiyyata alınmır. Aradakı fərq bununla bağlı ola bilər. Ümumiyyətlə, insanların sıx toplaşdığı məkanlardan kütləvi istifadələr zamanı xəstələnənlərin sayı arta bilər. Tək koronavirusla yox, digər mövsümi xəstəliklərdə də biz bu artımı müşahidə edirik. Belə ki, məktəblər bağlı olduğu müddətdə uşaqlar, yeniyetmələr arasında viral xəstəliklərin yayılmasını nisbətən az görürdük. Söhbət tək koronavirusdan getmir. Digər virus mənşəli xəstəliklərdən də gedir. Amma məktəblərin açılması, ictimai yerlərin, kütləvi istifadə olunan məkanların açılması ilə əlaqədar olaraq digər viral mənşəli xəstəliklərin də sayında artım görürük. Təbii ki, bunlar da koronavirus baxımından differensasiya olunmalıdır ki, bu simptomlar koronavirusla bağlıdır, yoxsa başqa xəstəliklərlə əlaqədardır. Amma ümumi olaraq götürsək, şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma sayında hələ ki artım görülmür”.скачать dle 12.1