Bia.Az

Avtobuslarda bank kartı ilə ödəniş nə vaxtdan tətbiq olunacaq? - AÇIQLAMA

Cəmiyyət
 3-09-2021, 15:30     25

Artıq bir neçə ildir ki, Bakı şəhərində ictimai nəqliyyat sistemində bank kartları vasitəsilə gediş haqqı ödənişlərinin aparılmasının mümkün olacağı deyilir. Əsasən də bu cür açıqlamalarla “Mastercard” beynəlxalq kart təşkilatının Azərbaycan nümayəndələri bir sıra çıxışlar edib. Çünki hazırda Şamaxı rayonunda pilot layihə kimi həyata keçirilən bu sistemin sponsoru da “Mastercard”dır.
Bank kartlarının nəqliyyatda ödəniş vasitəsi kimi istifadəsi “Nağdsız Azərbaycan” proqramının ən önəmli təməllərindən biri hesab olunurdu ki, bu layihənin də əsas tərəfdaşı “Mastercard” şirkətidir.
Avtobuslarda bank kartları ilə ödənişlərin həyata keçirilməsi layihəsi haqqında şirkət tərəfindən verilən açıqlamalarda layihənin 2020-ci ildə tətbiq olunacağı deyilsə də, hələ də paytaxtda bununla bağlı hər hansı yenilik edilməyib.
Məsələ ilə bağlı Ölkə.Az “Mastercard” şirkətinə sorğu ünvanlayıb. Şirkətdən bildirildi ki, Bakı şəhərində sərnişinlərə indiki ilə müqayisədə daha çox seçimlər veriləcək:
“Bakı kimi böyük bir şəhərdə işə salınan açıq dövriyyəli ödəniş sistemlərinə qoşulan çox sayda iştirakçı var. Biz bütün iştirakçılarla işləyirik və şərait münasib olduqda sərnişinlər üçün indiki ilə müqayisədə daha çox seçimlər olacaq. Bu, təkcə təmassız ödənişlər olmamalıdır. Bakının qapalı dövriyyəli ödəniş sistemlərindəki kartların debet və kredit kartları ilə avtomatik və sadə üsullarla doldurulması kimi aralıq həllər mövcuddur. Bu həllər daha asan ödənişə imkan yaratdığı bir vaxtda açıq dövriyyəli ödəniş infrastrukturu da inkişaf edir.
Nəticə olaraq qeyd edək ki, hazırda Şamaxıda açıq dövriyyəli təmassız ödəniş sistemi tətbiq edirik və bu, çox rahat işləyir. Həmçinin, bazar ertəsi və cümə günlərində kartla ödəniş edən bütün sərnişinləri əhatə edən bir kampaniya da həyata keçiririk”.
Beynəlxalq kart təşkilatından həmçinin deyildi ki, layihənin icrasına pandemiya da mane olub:
“Pandemiyanın mənfi təsiri də nəzərə alınmalıdır. Sistem Bakıda hələ işlək olmasa da, onu pilot layihə kimi Şamaxıda həyata keçiririk və çox yaxşı da işləyir. Əminəm ki, gec və ya tez Bakı da Kiyev, Moskva və London kimi debet kart və ya “Mastercard” ilə ödəniş edilən qlobal şəhərlərdən biri olacaq”. скачать dle 12.1