Bia.Az

Nuran Abdullayev: “Azərbaycandakı profilaktik tədbirlər alqışa layiqdir”

Cəmiyyət
 19-03-2020, 15:28     441

Nuran Abdullayev: “Azərbaycandakı profilaktik tədbirlər alqışa layiqdir”

- Nuran həkim, COVİD-19 infeksiyası bütün dünyada yayılıb. Bu xəstəliyə qarşı bütün ölkələrdə, o cümlədən Azərbaycanda ciddi mübarizə tədbirləri görülməkdədir. Bununla bağlı ölkəmizdəki vəziyyəti necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, Azərbaycan həddindən artıq çox həssas bir dönəmə daxil olur. Amerika və Avropanın belə çıxılmaz vəziyyətdə qaldığı, daha doğrusu, inkişaf etmiş ölkələrin belə, nələr baş verəcəyini bilmədiyi bir haldır. Bu vəziyyətdə səhiyyə sistemləri artıq bu günə qədər məlum olan təcrübələrdən istifadə edib addımlar atırlar. Hansı ki, o təcrübələr də kifayət qədər deyil. Qeyd etdiyim addımlara gəlincə, heç bir ölkədə, eləcə də Almaniyada verilən qərarlar və görülən tədbirlər dəqiq proqnoza əsaslanmır. Çünki həqiqətən virus yenidir və heç kim nə olacağını bilmir. Amma bu, o demək deyil ki, oturub nə olacağını gözləmək lazımdır. Burada konkret olaraq xəstə və ölüm sayısı çox olan ölkələrin təcrübələri, daha doğrusu, harada səhvə yol verdikləri təhlil edilir, o səhvlər buraxılmamağa çalışılır. Atılan hər bir addım ən pis senariyə hesablanmış qərarlardan doğur. Konkret olaraq təcrübələrə gəldikdə isə onu demək vacibdir ki, ölüm sayı çox olan və xəstəliyin çox sürətlə yayıldığı ölkələrə baxdıqda, buraxılan bir neçə ortaq səhvlərə rast gəlinir.

- Nədən ibarətdir həmin səhvlər?
- Həmin səhvlər ilk növbədə bu ölkələrin xəstəliyi zamanında ciddiyə almaması, heç bir tədbir görməməsidir. Yaxud, bu ölkələr ilk başda viruslu xəstələrin rəsmi sayını azaltmağa çalışıblar. Artıq İtaliyada rəsmi raporlar açıqlanmağa başlanılır. Həmin raporları – hesabatları incələdikcə aydın olur ki, onlar xəstəliyin birdən birə bu qədər sayının artmasını göz önünə almayıblar. Ölkənin tibbi xidməti öz fəaliyyətinə normal davam edib, planlı əməliyyatlar və müayinələrin hamısı icra olunub. Nəticədə viruslu xəstələrin sayı artdıqca ümumi vəziyyəti ağırlaşan xəstələrin də sayı artıb. Onlara tibbi yardımın göstərilməsi üçün müvafiq intensiv-reanimasiya şöbələrində xüsusi yerlər məhdudlaşıb və nəticədə ümumi səhiyyə sistemi yüklənib. Beləliklə də virusa nəzarət əldən çıxıb, xəstəxana daxili və xarici virusun əhali arasında çox tez yayılması baş verib. İtaliya təcrübəsindən gələn daha bir vacib məqam odur ki, viruslu bütün xəstələri xəstəxanalara yığıb ümumi sistemi yükə salmaq düzgün deyil. Burada xəstənin klinik vəziyyəti dəqiq dəyərləndirilib ona uyğun ev karantini və ya xəstəxanada nəzarət qərarı verilməlidir. Almaniyada da ümumi vəziyyət ən pis ssenariyə hesablanmış tədbirlər və qərarlarla idarə olunur. Son günlər Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin verdiyi qərarlar və onlardan doğan bütün profilaktik tədbirlər həqiqətən alqışa layiqdir. Bu, birbaşa Azərbaycan xalqının sağlamlığına və maksimum sağlam qalmasına hesablanmış qərarlardır.

- ÜST, həmçinin ayrı-ayrı dövlətlər tərəfindən hər gün koronavirusa yoluxanların, eləcə də bu xəstəlikdən dünyasını dəyişənlərin, sağalanların statistik sayı açıqlanır. Sizcə, bu statistika reallığı tam ifadə edirmi? Bunlara nə dərəcədə inanmaq olar?
- Reallıq bundan ibarətdir ki, bütün ölkələrdə verilən rəsmi sayların hamısı doğru ola bilməz. Ən son elmi araşdırmaların gəldiyi qənaətə görə, təxminən 5 viruslu xəstənin 4-də simptomlar o qədər yüngül olur ki, onlardan hamısı həkimə müraciət edib rəsmi qeydiyyata alınmır. 5 viruslu xəstədən minimum 1 nəfər qeydə alınır. İndi siz düşünün, belə olduğu halda nə cür ola bilər ki, bütün rəsmi statistik saylar doğru olsun? Buna görə də bütün ölkələrdə fərqli elmi institutlar müxtəlif ssenarilərə əsasən statistika hazırlayırlar. Maraqlısı odur ki, bu statistikaları pozacaq müxtəlif amillər var. Məsələn, İran İslam Respublikasının Şərif Universitetinin verdiyi statistikaya əsasən, əgər İran bütün tədbirləri maksimum səviyyədə görərsə, o zaman 1 həftə sonra İranda Pandemiya özünün maksimum səviyyəsinə çatacaq, ölənlərin sayı 10000 üzərində olacaq. Amma İranda xalqın verilən qərarları sadəcə görməməzlikdən gəlməsi və karantin tədbirlərini ciddiyə almaması, artıq vəziyyəti kifayət qədər ciddiləşdirir. Bundan başqa, buraya dərman və tibbi ləvazımatların çatışmamazlığı əlavə olunarsa, pandemiya özünün maksimum səviyyəsinə may ayının sonunda çatmış olacaq. Tehran alimlərinin fikrincə, bu zaman ölənlərin sayı 3 milyonun üzərində ola bilər. Hazırda İran rəsmi rəqəmlərə görə Çin və İtaliyadan sonra üçüncü olsa da qeyri rəsmi saylar rəqəmlərin çox yüksək olduğunu göstərir. Növbəti misalı İngiltərə ilə əlaqədar çəkmək olar. Beləki, ölkə siyasəti ilk öncə virusla ona qarşı ön tədbirlər görmədən, yəni yayılmasının qarşısını almayaraq mübarizə siyasəti seçmişdi. Ümid edirdi ki, insanlarda yaranacaq imunitetlə virusa güc gələ biləcəklər. Amma İmperial-College İtaliyadan olan datalarla apardığı hesablamalara görə bildirdi ki, əgər İngiltərə və ABŞ mübarizəni bu səviyyədə aparsa virus İngiltərədə 250.000, Amerikada 1.2 milyon insanın ömrünə son qoyacaq. Artıq dünəndən İngiltərə virusla siyasətini dəyişib. Xəstəliyin qarşısını virusu daha da yayılmağa qoymamaqla aldığına görə, ölkədə pandemiyanın maksimum səviyyəsində ola biləcək xəstə sayını iki dəfə azaldıb. Bu da onu göstərir ki, Azərbaycanın da virusla mübarizədə tutduğu bugünkü strategiya çox doğru yoldur. Əminəm ki, bu üsul ölkədə pandemiyanın yayılmasının qarşısını almağa böyük kömək edəcək.

- Bəzən sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar yayılır, süni ajiotaj yaratmağa cəhdlər edilir, koronavirusla mübarizə tədbirlərinə lağ-lağı yanaşılır. Belə halları necə qiymətləndirirsiniz?
- Statistikanı aparan rəsmi qurumlar və ya institutlar açıqlamaları, məlumatları insanlara açıq paylaşmalıdırlar. Əks halda bu, xalqın zaman-zaman narahatçılığına səbəb ola bilər. Sosial şəbəkələrdə yayılan və doğru olmayan rəqəmlər milləti təlaşa sala bilər. Düşünürəm burada ən doğru siyasət millətlə açıq danışmaq, işin ciddiyətini və mahiyyətini hər yenilənən saat onlara hər vasitə ilə çatdırmaqdır. Hər bir şeyin heç də qərarlardan deyil, eyni zamanda qərarlar qədər vacib olan şəxsi iradədən də asılı olduğunu insanlara çatdırmaq lazımdır. Təxribat xarakterli və eyni zamanda insanları təlaşa salacaq və ya onları təlaşa salmayacaq yalan məlumatları yayan insanlar indiki mərhələdə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu, Avropa ölkələrində də belədir.

Rufik İSMAYILOVскачать dle 12.1