Bia.Az

"SENTYABRDAN YOLUXMA ARTACAQ..." - “Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır” (Yenilənib)

Cəmiyyət
 8-07-2021, 17:50     239

“Artıq COVID-19-un “Delta ştammı”na yoluxma bir çox ölkədə qeydə alınıb”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, bu ştamm daha tez yayılır: “Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün “Delta ştammı” var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur”.
O qeyd edib ki, “Delta ştammı”nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.
H.Harmancı bildirib ki, Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır: “Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. “Delta ştammı”na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma “Delta ştammı” aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur”.
“Mayın ortalarından etibarən koronavirusa yoluxma sayları və ölüm halları azalıb” - deyə, Hande Harmancı bildirib. O deyib ki, bu, çox yaxşı haldır: “Üçüncü dalğa keçmiş kimi görünür. Karantin rejimi yumşaldılıb, toylar başlayıb. Ümumi olaraq, insanlar da özünü yaxşı hiss edir. Amma diqqətli olmaq, insanlar çox olan yerdə, qapalı məkanlarda maska taxmaq lazımdır. Ağlımızda olsun ki, sentyabr-oktyabr bizim üçün təhlükəlidir, çünki ötən il də payızda yoluxma hallarında yenidən artım var idi. “Delta ştammı”nın necə olacağını tam olaraq bilmirik. Əgər dövlətlər lazımi tədbirlər görməsə, sentyabrdan etibarən yenidən artım ola biləcəyini düşünürəm”.
Onun sözlərinə görə, Operativ Qərargah hələ də işləyir və vəziyyət daim monitorinq edilir: “Pandemiya bitməyib. Vəziyyət həm insanlardan, həm də hökumətin qabaqlayıcı tədbirlərindən asılıdır. Əgər hər kəs pandemiya bitmiş kimi davranarsa, bu zaman yoluxma sayında artım görə bilərik. Hamının məsuliyyətli olması lazımdır, çünki bu, bizim sağlamlığımızla bağlıdır”.скачать dle 12.1