Bia.Az

YENİDƏN QAPANMAYA EHTİYAC VARMI? - "Qapanmalar özünü doğrultmayıb"

Cəmiyyət
 4-04-2021, 23:38     962

Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədrisin əyani forması dayandırılacaq. Təhsil Nazirliyi bunun səbəbini mövcüd pandemiya şəraiti ilə əsaslandırıb.

Bəs digər sahələrdə qapanmaya ehtiyac varmı?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Turan-a bildirib ki, müvafiq sərtləşdirici tədbirlər Operativ Qərargahın qərarından asılıdır. “Epidemioloji vəziyyəti nəzərə alaraq, müvafiq dərəcədə qərarlar qəbul edilə bilər”.
Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib ki, hələlik hər sahədə qapanmaya ehtiyac yoxdur. “Əgər biz ikinci dalğanın rəqəmlərinə baxsaq, o vaxt aktiv xəstələrin sayı 60 mini keçəndə qapanmaya gedilmişdi. İndi isə aktiv xəstələrin sayı 20 mini keçib və bizim, hələ ki, müəyyən vaxtımız var”.

Ekspert qeyd edib ki, hələlik kollektiv immunitet haqqında danışmaq tezdir. “Azərbaycanda rəsmi məlumatlarda 1 milyona yaxın insan yoluxduğu göstərilir, amma əslində 2-3 milyona yaxın insan yoluxub. 290 min nəfər isə vaksinasiyanın iki mərhələsindən keçib. Ona görə də Azərbaycanda immunizasiya olunmuş insanların sayı, hələ ki, azdır və bu, o deməkdir ki, ölkədə epidemiya ciddi şəkildə davam edir”.

Mütəxəssisin sözlərinə görə, ölkədə əhalinin immunizasiyası 60 faizdən yuxarı deyilsə, hətta peyvənd vurulmuş insanlar belə yoluxa bilər.
İqtisadçı Natiq Cəfərli “AzadlıqRadiosu”na bildirib ki, qapanmalar özünü doğrultmayıb.

“Azərbaycan hökümətinin qapanma ilə bağlı hər hansı uğurlu statistik rəqəmlərini görməmişik. Sanki virusun öz alqoritmi, yoluxmanın dalğaları var və dünyada yoluxma halları artdıqca bizdə də proses buna paralel gedir. Yoluxmaların sayının artmasının qapanma ilə əlaqəsi olduğu bəzən ciddi şübhə altına düşür”.

Ekspert hesab edir ki, ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması heç bir fayda vermir.

BİA.AZ
скачать dle 12.1