Bia.Az

Bəylər Əyyubovla Zakir Qaralovun adı QALMAQALDA... - İDDİA

Cəmiyyət
 1-04-2021, 13:13     601

Ölkə başçısı İlham Əliyev bir müddət əvvəl Salyan rayonuna səfər edərkən, Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yola yaxın tikilmiş, trası yarıya bölən qeyri-qanuni obyektlər müşahidə edib. Bu barədə “Hürriyyət”ə daxil olan məlumata görə, prezident dərhal həmin obyektlərin sökülməsi ilə bağlı göstəriş verib.

Əldə etdiyimiz informasiyada deyilir ki, sözügedən qanunsuz obyektlər “Hacıoğlu” kafe və restoranı, o cümlədən yanacaqdoldurma məntəqəsi olub. Bildirilir ki, dövlət başçısının göstərişindən sonra dərhal qeyd olunan obyektlərin söküntüsünə başlanılıb. Lakin söküntü işləri tam başa çatmamış, daha doğrusu 1 gün sonra proses dayandırılıb. Bunun səbəbləri ilə bağlı “Hürriyyət”i məlumatlandıran mənbənin sözlərinə görə, Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində tikilən “Hacıoğlu” kafe və restoranı keçmiş baş prokuror Zakir Qaralova, yanacaqdoldurma məntəqəsi isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevə məxsusdur.

Verilən məlumatda o da deyilir ki, məsələ ilə bağlı aparılan araşdırmalar zamanı qeyd olunan qanunsuz obyektlərin tikintisinə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindəki yaxın adamlarından birinin icazə verdiyi məlum olub. Məhz bu səbəbdən də prezidentin sözügedən göstərişindən sonra həmin şəxs, yəni Bəylər Eyyubovun yaxın adamı çağırılaraq dindirilib. Bu zaman o, Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində tikilən qanunsuz obyektlərlə bağlı sənədin, icazənin verilməsində günahının olmadığını, bunun üçün ən yüksək səviyyədə göstəriş gəldiyini bildirib. Odur ki, bu göstərişin Bəylər Eyyubov və ya Zakir Qaralovdan gəldiyinə dair araşdırmamız davam edəcək.
“Hürriyyət”in Araşdırma Qrupu
скачать dle 12.1