Bia.Az

"Arif Alışanov da Ramiz Mehdiyevin ən yaxın adamlarından biri idi..." - Sabah Ali Məhkəmə nə qərar verəcək?

Cəmiyyət
 1-03-2021, 20:06     391

Sabah Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə AzTV QSC-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilmiş Şamaxı rayon sakini, fermer Şücayət Əkbərovun kassasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, yanvarın 27-də keçirilən prosesdə Ş.Əkbərovun vəkili İmanqulu Həsənov vəsatətlə çıxış edərək müvəkkilinin prosesdə iştirakını vacib sayıb: "Şücayət Əkbərov kassasiya şikayəti verdiyinə görə o da proses iştirakçısı sayılır. Bu səbəbdən məhkəmədə iştirak onun hüququdur və təmin olunmalıdır", - deyə vəkil bildirib.
Hakim Fərhad Kərimov vəsatəti təmin edərək prosesi mart ayının 2-nə təyin edib. Sabahkı məhkəmədə Ş.Əkbərov da iştirak edəcək. 
Xatırladaq ki, bu cinayət işi üzrə birinci instansiya məhkəməsində ifadə verən Şücayət Əkbərov Arif Alışanov haqqında sensasiyalı ittihamlar səsləndirib. AzTV-nin keçmiş sədrinin külli miqdarda sərvət əldə etdiyini, Şamaxı və ətraf rayonlarda yüz hektarlarla torpaqları ələ keçirdiyini vurğulayıb. Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, onun həbsi və əmlakının müsadirə olunması zamanı hüquq-mühafizə və istintaq orqanlarının əməkdaşları ciddi qanun pozuntularına yol veriblər. O, bütün bu qanunsuzluqların A. Alışanovun sifarişi ilə baş verdiyini iddia edib.
Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva "AzPolitika.info"-ya bildirib ki, Ali Məhkəmədən ancaq ədalətli qərar gözləyirlər: "Beş ildir, bizə olmazın zülmləri edilib, Alışanov hər şeyimizi əlimizdən alıb, atamı şərləyib həbs etdirib, daha sonra ağır cəza verdirib. Biz bu özbaşınalıqlarla bağlı ölkə rəhbərliyinə, prokurorluğa, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına dəfələrlə müraciət etmişik. Ölkə mediası bizim haqq səsimizi çatdırmaq üçün bütün müraciətlərimizi işıqlandırıb. Mən ailəmiz adından bütün media nümayəndlərinə təşəkkür edirəm".
C.Tağıyevə daha sonra bildirib ki, A.Alışanov AzTV sədrliyindən çıxarıldıqdan sonra hələ də bəzi hakimlərin üzərində "nüfuzunu" saxlamasına təəccüb edir. "Prezident İlham Əliyev onu dövlət kanalından məhz pis əməllərinə görə qovdu. Məgər, onu sifarişlərini canla - başla icra edən məmurlar, hakimlər bunu görmürlər? Bir ailəni məhv edən zülmkarın əməllərinə niyə şərik olurlar? Heç olmasa, Allahdan qorxsunlar!"
C.Tağıyeva bildirir ki, Azərbaycanda son illər aparılan islahatların məhkəmə-hüquq sistemini də əhatə etməsi minlərlə ailəni sevindirə bilər: "Bu sahədə dəhşətli özbaşınalıqlar təəssüf ki, hələ də var. Göz qabağındadır, Ramiz Mehdiyev və ətrafının vəzifələrindən uzaqlaşdırılması camaatı necə sevindirdi. Arif Alışanov da Ramizin ən yaxın adamlarından biri idi. Onun əmrində çalışırdı, bütün göstərişlərini dərhal yerinə yetirirdi. Mənə maraqlıdır, Mehdiyevi vəzifədən uzaqlaşdırıblar, amma onun Arif Alışanov kimi kadrları hələ də at oynadır, məhkəməyə, istintaqa sifarişlər verir. Mən ümid edirəm ki, Ali Məhkəmə, nəhayət, Alışanovun hegemonluğuna "dur!" deyəcək. Bu, günahsız, şərlənərək həbs olunmuş insanın azad olunması ilə bərabər, məhkəmə sisteminin nüfuzu üçün də mühüm hadisə ola bilər. Nəhayət, cəmiyyət görsün ki, Azərbaycan məhkəmələrində daha vəzifədən qovulmuş, adı yüz cür korrupsiya və başqa natəmiz işlərdə hallanan məmurların sifarişi ilə qərarlar vermirlər. Ümidimiz var ki, hörmətli hakim Fərhad Kərimov ədalətli qərar verəcək və biz bu işi Avropa Məhkəməsinə daşımayacağıq".
Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun apellyasiya şikayəti qismən təmin edilib. Onun 18 il azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib. Digər təqsirləndirilən Zöhrab Şirinovun cəzası 16 ildən 14 il 6 ayadək azaldılıb.
Qeyd edək ki, Şücayət Əkbərovun ailə üzvlərinin mətbuata verdikləri məlumata görə, həbsdə olduğu müddətdə Qoçalı Cəbiyev xərçəng xəstəliyindən vəfat edib, Zöhrab Şirinov isə dəri xərçənginə yoluxub. İki dəfə açıq ürək əməliyyatı keçirən Ş. Əkbərov isə ağır şəkər xəstəsidir.

BİA.AZ
скачать dle 12.1