Bia.Az

"Atam dedi ki, Polad Həşimovun nəşi çatanda hərbi salam ver" - Şəhid polkovnikin qızı (FOTOLAR)

Cəmiyyət
 9-02-2021, 22:50     92

Qəbələ şəhəri Vətən Müharibəsində 38 şəhid verib. Onlardan biri Vətən Müharibəsi Qəhrəmanıdır. Söhbət 44 yaşında şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Abdurahmanov Əfqan Ağasəf oğlundan gedir.

Əfqan Abdurahmanov bu yüksək fəxri adla təltif olunan altı polkovnik-leytenantdan biridir. Silahlı Qüvvələrimizin ən peşəkar zabitlərindən biri olmuş şəhidimiz 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elə həmin ildə Rəqinə adlı xanımla ailə həyatı qurub.

"Qafqazinfo"ya danışan şəhidin həyat yoldaşı əvvəlcə hərbçi xanımı olmağın çətinliklərindən söz açıb: 

"Əfqanla uzaq qohum olmuşuq. Əvvəldən də gördüyüm, bildiyim adam idi. 1999-cu ildə nişanlandıq, iki il sonra da ailə həyatı qurduq. Onda Əfqan ikinci kursda oxuyurdu, 1997-ci ildə hərbi akademiyaya qəbul olmuşdu. 19 il birlikdə ömür sürmüşük. Əfqanın 15 ili ön cəbhədə keçib. Onun kimi, bizim də çətinliyimiz olub. O qədər ayrı qalmışıq ki...

Biz Qəbələdə yaşayırıq, o da Tərtərdə xidmət edirdi. Əfqan müharibə olmayan vaxtda da erməni ilə üz-üzə xidmət edib. Aylarla üzünü görmürdük. 14 gün döyüşdə iştirak edib, 15-ci gün şəhid oldu. O 14 gün ərzində nə gecəmiz oldu, nə də gündüzümüz. Şəhid olan günü səhər tezdən zəng etmişdi. Uşaqları soruşdu. Dedim, sən nə edirsən? Güldü, qayıtdı ki, heç nə, oturub gözləyirik”.

Şəhidimizin döyüş yoluna gəlincə, Aprel döyüşlərində də ön cəbhədə olan Əfqan Abdurahmanov Vətən Müharibəsi zamanı Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasına rəhbərlik edib. Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də, atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Bundan başqa, Əfqan Abdurahmanov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun azad olunmasına rəhbərlik edib.

Oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirən zaman ona bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs qüvvəyə minir, hücum əməliyyatı dayandırılsın. Əfqan Abdurahmanov əmrə tabe olur və hücumu dayandırır. Düşmən isə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, hərbçilərimizin olduğu 951-ci yüksəkliyi tankla atəşə tutur. O, partlayış dalğası nəticəsində şəhid olur.

Rəqinə xanım həyat yoldaşının şəhid olmasını bibisindən eşitdiyini deyir:

"Əfqanın şəhid olmasını Bakıda yaşayan bibisindən eşitdim. Saat 11-12 arası idi. Kimsə bizə deyə də bilməyib, çətinlik çəkib. Sonra qayınanam zəng etdi. Soruşdu ki, sənə kimsə zəng edib? Dedim, yox, nə olub ki? Qayıtdı ki, Əfqanın bibisi zəng edib, deyir, hazırlaşın, Qəbələyə gedirik. Həmin an bibisinə zəng etdim, dedim, nə olub, niyə Qəbələyə gəlirsiniz? Dedi, vallah, mən də bilmirəm.
Dedi ki, bibisi oğlu Rüfətə zəng ediblər. Deyiblər, Asəf dayı, Nərgiz xalanı da götürüb kəndə gəlin. Elə deyəndə artıq mən hər şeyi başa düşdüm. Həmişə əziz tutduğum telefonu tulladım. Telefonu da ona görə əziz tuturdum ki, həmişə səsini onunla eşidirdik. Uşaqlar yanımda idi, onlar da hər şeyi başa düşdülər. Axşam olanda bizə zəng edib "Gecəniz xeyrə qalsın” deməmiş yatan deyildi Əfqan... Elə bir atanı itirmək, bununla barışmaq çox çətindir".

Maraqlıdır ki, Rəqinə xanım Əfqan Abdurahmanova Vətən Müharibəsi Qəhrəmanı adının verilməsini də həyat yoldaşının bibisindən öyrənib:
"Əfqana Vətən Müharibəsi Qəhrəmanı adının verilməsini də bibisindən eşitdim. Biz Bakıya Zəfər paradına gedirdik, yolda idik. Çünki ataları uşaqlara demişdi ki, qələbə olacaq, atanız sizi parada aparacaq. Onun sözünü tutmaq üçün uşaqları Bakıya aparırdım. Onun şəhidliyinin bir ayının tamamında qələbə qazandıq, iki ayının tamamında isə fəxri adla təltif olundu".

Şəhid polkovnik-leytenantın birinci kursda oxuyan qızı Hilalə Abdurahmanova isə bizə igid, Vətən Müharibəsi Qəhrəmanı olan atanın övladı olmağın qürurundan danışır:

"Zəfər paradını atamın əsəri imiş kimi izlədim. Bilirdim ki, o da bu qələbədə böyük pay sahibi olub. Paradı izlədikcə elə bilirdim ki, düşmənin vurulmuş tanklarının hamısını atam sıradan çıxarıb. Yaşayanda da qürur duyurdum, indi də qürur duyuram. Atam evin qapısını fərqli döyürdü. Bir dəfə babam qapını atam kimi döydü. Mən də elə bildim, atamdır. Getdim, qapını açdım ki, babamdır. Nə qədər əsəbiləşmişdim... Poçta pul göndərirdi. Ağlım kəsmirdi, pulu iyləyirdim ki, atanın iyi gəlir. Daha bilmirdim ki, o pul atanın göndərdiyi pulun özü deyil. Həmişə elə şeylərdə axtarırdım atamı... Ata özünə ətir alanda, deyirdim, eynisindən mənə də al. O da alırdı”.
 
Əfqan Abdurahmanov Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovu yaxından tanıyırdı. Abdurahmanova eyni rayondan olan zabit yoldaşının şəhadətə yüksəlməsi ona çox pis təsir edib.

Abdurahmanovun xanımı:

"Polad Həşimovu əvvəldən tanıyırdı. Polad Həşimov şəhid olanda Əfqan məzuniyyətdə idi. Səhər evdən çıxdı. Sonra qayıdıb gəldi ki, heç bilirsən nə olub? Rəngi qaralmışdı. Dedi ki, Poladı vurublar. Mən də çaşıb qaldım, öz-özümə dedim ki, Polad kimdir? Ağlıma da gəlməzdi ki, söhbət Polad Həşimovdan gedir. Polad Həşimovdan üç ay sonra da özü şəhid oldu. Generalın vurulmasını heç cür qəbul edə bilmirdi". 

Polad Həşimovla bağlı söhbətə şəhidimizin qızı Hilalə əlavə edir:

"Həmin gün atam məni hazırlığa aparırdı. Polad Həşimovun nəşini Qəbələyə gətirirdilər. Mən də dedim ki, getmirəm, səninlə birgə gözləyirəm. Rayonun girişində iki saatdan çox gözlədik. Atam çox kefsiz, sakit idi. Polad Həşimovun nəşi çatana yaxın maşından düşdüm. Atam dedi ki, yanımızdan keçəndə hərbi salam verərsən. Atam hər dəfə yoldan keçəndə, Polad Həşimovun şəklini harada görürdü, hərbi salam verirdi".
İndi Əfqan Abdurahmanovun şəhidlik zirvəsinə ucalmasından dörd ay ötür. Onun ailəsinin yaşadığı mənzildə, hər şəhid ailəsində olduğu kimi, bir guşə yaradılıb. Forması divardan asılıb, şəxsi əşyaları, bir də şəhid olarkən cibində qalan 17 manat pul xatirə kimi o guşəyə düzülüb...
Qalanı xatirədir...
скачать dle 12.1