Bia.Az

DAHA CİDDİ!!! Vaksinlər koronavirusun kökünü KƏSƏCƏKMİ?

Cəmiyyət
 8-02-2021, 02:08     582

Vaksinlər COVİD-19 virusunu birdəfəlik yox edə bilərmi? Hansısa xəstəliyin kökünün kəsilməsi nə deməkdir, bu necə baş verir? İndiyə qədər hansı xəstəliyin kökünü kəsmək mümkün olub? İnfeksiyanın kökü kəsilməsə nə baş verəcək, bunun nə kimi nəticələri olacaq? Novator.az saytı bu və digər suallara cavab tapmaq üçün ABŞ-ın “Bloomberg” agentliyinin saytında yerləşdirilən məqaləni ingiliscədən çevirərək oxuculara təqdim edir. Yazının müəlifi Ceyson Qeyldir. Yazı orijinalda “COVİD-19-la mübarizədə vaksinlər niyə effektiv olmaya bilər?” adlanır.

COVİD-19 infeksiyasına qarşı uzun mübarizə yolunda qeyri-müəyyən məqam çoxdur.
Bir sıra ölkələr əhalidə SARS-CoV-2 virusuna qarşı yüksək immunitet yaratmaq üçün vaksinlərə üstünlük verir. Onlar ümid edirlər ki, əhalidə immunitet yarandıqdan sonra koronavirus heç kəsə yoluxa bilməyəcək, onun yayılma sürəti azalacaq və sonda tamamilə dayanacaq.
Ancaq mütəxəssislər hətta ən yüksək effektivliyə malik vaksinlərin də qısa zamanda kollektiv immunitet yaratmaq üçün yetərli olmayacağı qənaətindədirlər.
Birincisi, immunitetin hansı səviyyədə olduğu bilinmir. Yüksək nəticələr əldə etmək üçün vaksinlərin kifayət qədər güclü olub-olmadığı da sual altındadır.
Digər tərəfdən, yeni koronavirus ştamlarının meydana çıxması immunlaşmanın effektivliyini zəiflədə bilər.

COVİD-19 virusunu birdəfəlik yox etmək mümkündürmü?

Xeyr. İndiyə qədər insanlarda aşkarlanan yalnız bir xəstəliyin kökünü kəsmək mümkün olub. Söhbət çiçək xəstəliyindən gedir. Çiçək xəstəliyinə yoluxma sıfır həddinədək azaldılıb və daimi tədbirlər görülmədən uzun müddət həmin həddə qalıb.
Bunun iki səbəbi var. Birincisi, xəstəliyin kökünü kəsmək üçün yüksək təsirli peyvənd tapılıb. İkincisi, zahiri görünüşdə xoşagəlməz iz buraxan və bəzən də ölümcül olan variola virusuna insanlardan başqa heç bir məməli yoluxmur.
Poliovirus yalnız insan orqanizmində mövcuddur. Effektiv immunlaşma tədbirlərinin görülməsinə və xəstəliyə qarşı 32 il qlobal səviyyədə mübarizə aparılmasına baxmayaraq, bu virus hələ də bir neçə ölkədə yayılaraq iflicedici xəstəliklərə yol açır.
SARS-CoV-2 virusu təbiətdə nalburunların (yarasa növü) orqanizmində qalır və norkalara, pişiklərə, meymunlara və digər heyvanlara yoluxur. Virusdan birdəfəlik can qurtarmaq üçün bu infeksiyaya yoluxma riski olan bütün yarasa növlərinin kökünü kəsmək lazımdır. Bu isə heç də ağlabatan deyil.
COVİD-19 infeksiyasına qarşı mübarizədə uğur qazanan ölkələr xəstəliyin kökünü kəsməyi təklif edirlər.

Xəstəliyin kökünü kəsmək nə deməkdir?

Xəstəliyin kökünü kəsmək konkret ərazidə müəyyən bir xəstəlik və ya infeksiyaya yeni yoluxma halının sayını sıfıra endirməkdir. Yəni həmin ərazidə uzun müddət heç bir yoluxma faktı qeydə alınmamalıdır.
Bu kontekstdə “uzun müddət” anlayışının neçə vaxtı əhatə etdiyi dəqiq müəyyənləşməyib. Təkliflərdən birində bu müddətin 28 gün olması göstərilir. Çünki 28 gün SARS-CoV-2 virusunun inkubasiya dövründən iki dəfə çoxdur. Yəni 28 gün – virusa yoluxma anından simptomların yoxa çıxdığı vaxta qədər olan dövrün iki misli deməkdir.
Yeni Zelandiya və digər bir neçə ölkə sərhədlərini bağlamaqla, sosial izolyasiya tədbirləri görməklə və infeksiya faktlarını vaxtında aşkarlayıb xəstələri təcrid etməklə yeni yoluxma səviyyəsini uzun müddət sıfır həddində saxlamağa nail olub.
Yeni infeksiyanın bütün dünyanı öz cənginə aldığı dövrdə xəstəliyin kökünü kəsmək mümkün olsa da, olduqca çətindir. Bu durum infeksiyaya yoluxmuş xarici turistlərin ölkəyə gələrək virusu yenidən yaya bilməsi təhlükəsi ilə izah olunur.

Vaksinlər COVİD-19 infeksiyasının kökünü kəsəcəkmi?

Bu suala cavab vermək çətindir. Biz bilmirik ki, koronavirusun yayılmasının qarşısını almaq üçün əhalinin hansı təbəqəsində immunitet yaranmalıdır. Bundan başqa, ən güclü vaksinlərin xəstəliyin qarşısını nə dərəcədə aldığı da hələ sual altındadır.
Tədqiqatlardan biri göstərib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün əhalinin 55-82 faizində virusa qarşı immunitet yaranmalıdır. Bu göstəriciyə isə xəstəlikdən sağalan şəxslərin köməyilə və ya peyvəndlənmə aparmaqla nail olmaq olar.
Ancaq əhalisinin 76 faizi koronavirusa yoluxan Manaus şəhərində (Brazilyanın Amazonas ştatının paytaxtı) kollektiv immunitet yaranmayıb. Ona görə peyvəndlənmə xəstəliklə mübarizədə ən effektiv üsul sayılır. Çünki təbii immunitetlə müqayisədə vaksinlər xəstəliyə qarşı daha güclü və daha davamlı müdafiə yaradır.

COVİD-19 vaksinləri yoluxma hallarının qarşısını almalıdırmı?

Xeyr. Vaksinlərin ictimai səhiyyəyə fayda verəcək qədər mükəmməl olması tələb olunmur. Yeni Zelandiyadan olan vaksinoloq Helen Petusis-Harris vaksinlər barədə danışarkən bildirib ki, rotavirus və suçiçəyi infeksiyaları vaksindən istifadə ilə kökü kəsilən xəstəliklərə nümunə ola bilər. Bu iki virusun kökünü kəsmək üçün istənilən ağır xəstəliyin yayılmasının qarşısını almaqda effektiv olan və yüksək nəticə nümayiş etdirən peyvəndlərdən istifadə edilib. Ancaq bu peyvəndlər də hər kəsin xəstəliyə yoluxmasının qarşısını tam ala biləcək gücdə olmayıb.
SARS-CoV-2 virusu insanın burun və ağız boşluğundan havaya buraxılan damcı yolu ilə yayılır. Ona görə də tənəffüs yolundakı virusu məhv edən və ya xəstənin öskürək intensivliyini azaldan vaksindən istifadə etməklə infeksiyanın digər insanlara keçməsinin qarşısını almaq olar. Bu üsulla virusun yayılma göstəricisi hesab edilən effektiv reproduktiv dərəcəni də azaltmaq mümkündür.
Dünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət Proqramının direktoru Mayk Ryan yanvarın 25-də jurnalistlərə açıqlamasında bildirib ki, SARS-CoV-2 virusunun kökünü kəsmək əsas məqsəd deyil: “Biz daha çox virusun öldürücülük qabiliyyətini, ağırlıq dərəcəsini, iqtisadiyyatı və sosial həyatı iflic etmək gücünü azaltmaq istiqamətində uğurlar əldə etməyə çalışmalıyıq”.

COVİD-19 infeksiyasının kökü kəsilməsə nə baş verər?

Dünya Səhiyyə Təşkilatının İnfeksion Xəstəliklər üzrə Strateji və Texniki Məşvərət Qrupunun sədri David Heymann 2020-ci ilin dekabrında SARS-CoV-2 virusunun endemik xarakter daşıdığı barədə xəbərdarlıq edib.
Endemik viruslar cəmiyyətdə daim dövr edir. İnfeksiyanın xüsusiyyətləri və əhalinin davranış tərzi əlverişli şərait yaratdıqda onlar xəstəliyin dövri inkişafına səbəb olur. Bura qastroenteritə səbəb olan norovirus və saysız-hesabsız digər viruslar, o cümlədən xüsusilə qış mövsümündə yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olan 4 koronavirus növü daxildir.

Bunun nə kimi nəticələri ola bilər?

Vəziyyətin necə dəyişəyəcəyi məlum olmasa da, tədqiqatçılar artıq proqnozlar verməyə başlayıblar. Onlar COVİD-19 infeksiyasına yoluxub sağalmış və virus əleyhinə peyvənd olunmuş insanların müəyyən müddət xəstəlikdən müdafiə oluna biləcəklərini ehtimal edirlər. Çünki virusa yenidən yoluxmaq və ya peyvəndin ikinci dozasını qəbul etmək insanların immunitetini daha da gücləndirəcək.
Xəstəliyə qarşı daha çox insanda immunitet yarandıqca virus kollektiv müqavimətin əhatə etmədiyi şəxslərə yoluxmaqda davam edəcək. Bu isə o deməkdir ki, immun çatışmazlığı yaşayan və ya dərmana qarşı allergiyası olduğuna görə peyvənd vurdurmayan, eləcə də yaşı vaksinasiyaya uyğun gəlməyən şəxslər (Qərb ölkələrində istehsal olunan peyvəndlərin heç biri uşaqlar üçün nəzərdə tutulmayıb) virusa yoluxmaq təhlükəsi ilə üzləşəcəklər.
Bəzi alimlər hesab edirlər ki, xəstəlik endemik mərhələyə keçdikdən və insanlar SARS-CoV-2 xəstəliyini uşaqlıqdan keçirməyə başladıqdan sonra bu virus adi soyuqdəymə ilə müqayisədə daha az təhlükəli olacaq.

Ceyson Qeyl
Mənbə: Bloomberg.comскачать dle 12.1