Bia.Az

“VAQİF MUSTAFAYEVİ MƏN İŞDƏN AZAD ETMİŞƏM...” – Sevil Əliyevadan “Space”-də baş verənlərlə bağlı açıqlama

Cəmiyyət
 6-02-2021, 14:22     118

“Space” telekanalının rəhbəri Vaqif Mustafayevin tutduğu vəzifədən istefa verdiyi barədə məlumatları kanalın təsisçisi Sevil Əliyeva təkzib edib.

BİA.AZ xəbər verir ki, bununla bağlı “Haqqın.az”-a açıqlama verən S.Əliyeva V.Mustafayevin onun tərəfindən vəzifəsindən azad edildiyini söyləyib: 

“Məsələ ondadır ki, “Space”-in fəaliyyəti ciddi narahatçılıq yaradırdı. Mən, əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirəm. Lakin etiraf etməliyəm ki, KİV-lərdəki çoxsaylı narazılıqlar, sərt tənqidlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi qəbuledilməz dərəcədə aşağı idi...”

S.Əliyeva deyib ki, telekanalı yaradarkən onu belə təsəvvür etmirdi:

 “Mən onu yaradanda bu cür görmürdüm. Bütün bunlar məcbur etdi ki, Vaqif Mustafayevin “Space”-in rəhbəri vəzifəsindən azad olunmasına dair qərar verilsin.”

“Space”-in təsisçisi bildirib ki, telekanal rəhbərlərinin özlərini “prezident” adlandırmasını doğru hesab etmir: “Heç bir ölkədə belə praktika yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz.”
Bütün bunlarla yanaşı, Vaqif Mustafayevə bir rejissor kimi hörmətinin olduğunu deyən S.Əliyeva, onun xüsusilə də Heydər Əliyev haqqında çəkdiyi “İnsanları xilas etməyə gedirəm” adlı dokumental filmini çox yüksək qiymətləndirdiyini bildirib. Həmçinin, qeyd edib ki, həmin filmin çəkilişində özü də məsləhətçi kimi iştirak edib.

S.Əliyeva sözügedən filmlə bağlı bir maraqlı məqama da toxunub. O, deyib ki, Heydər Əliyevin daha çox siyasətçi deyil, bir insan kimi təqdim olunduğu həmin filmin yayımlanmasına bəzi məmurlar imkan verməyib:

 “Ümid edirəm ki, indi, ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ölkə ictimaiyyəti, nəhayət, bu filmlə tanış olacaq.” Yeri gəlmişkən qeyd edək ki, uzun illər ölkə rəhbərliyində ideoloji xəttə əsasən PA rəhbəri Ramiz Mehdiyev başçılıq edib...

“Space”-in yeni rəhbərinin kim olacağına dair suala cavab verən S.Əliyeva deyib ki, bu şəxs artıq seçilib və tezliklə onu kollektivə, eləcə də ictimaiyyətə təqdim edəcəklər.

BİA.AZ
скачать dle 12.1