“Prezident bu məmurlarla vidalaşmaq istəyir...” – “Onlara “hədəfdə olan heyət” də demək olar”
"Prezident İlham Əliyevin son çıxışlarında ötən 17 il ərzindəki çıxışlarından fərqli tərz müşahidə olunur. Düzdür, bundan əvvəl də o, hansısa məmurun ünvanına müəyyən fikirlər səsləndirib. Amma bu çıxış fərqli idi. Adları çəkilənlərin demək olar ki, hamısı köhnə komandadan qalanlardır. Eləsi var, 26 ildən çoxdur vəzifədədir. Bunlara indi “hədəfdə olan heyət” də demək olar. Çünki bu çıxış onlarla üzülüşmək niyyətinin işarəsi idi”.
Bu sözləri təhlükəszilik məsələri üzrə ekspert İlham İsmayıl dövlət başçısının AzTV-yə müsahibəsində ad çəkərək bəzi məmurları sərt tənqid etməsini şərh edərkən deyib.
Xatırladaq ki, Prezident Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovu və Mərkəzi Bankın sədri Elman Rüstəmovu müxtəlif bəhanələrlə Şuşa şəhərində özlərinə rezidensiya tikməyə cəhd etməkdə qınayıb.
"Prezidentin köhnə heyətlə vidalaşmaq niyyəti aşkar görünür. Belə çıxış üçün vaxt olaraq indinin seçilməsi də təsadüfi deyil. Çünki Qarabağ müharibəsindəki uğurdan sonra dövlət başçısının xalqdan böyük dəstəyi var. O da bu dəstəyə güvənərək, köhnə məmur heyəti ilə birdəfəlik vidalaşmaq istəyir", - ekspert bildirib.
İ.İsmayılın fikrincə, əvvəl bu işi görmək elə də asan deyildi: "Onların aid olduğu klanların basqısı olub, zaman-zaman buna görə ölkə rəhbərliyi ehtiyatlı davranıb. Görünür, ehtiyatlılıq aradan qalxır, yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur. Köhnə kadrlarla üzülüşmək, oliqarxiya sistemindən aralanmaq istəyirlər."
Ekspert cəmiyyətin xoş münasibət bəsləmədiyi, illərdir oliqarxiya sisteminin başında olan adamların adlarının eyni vaxtda çəkilməsinə diqqət yetirib: "O adamlar ki, məhz onların simasında uzun illər hakimiyyət tənqid hədəfi olub. Aydın məsələdir ki, onların hamısı bir qərarla işdən çıxarılmayacaq. Amma görünür, 2021-ci ildə sistem bu adamlarla vidalaşacaq. Yeni heyət var – İqtisadiyyat nazirinin simasında. Demirəm ki, idarəetmədə köklü dəyişikliklər olub. Amma nisbətən dəyişikliklər var. Şuşa ilə bağlı məsələ də tam doğrudur”."AzPolitika.info"
BİA.AZ