Bia.Az

“O xalq, o dövlət xoşbəxtdir ki, onun sağlam gəncliyi var” - DEPUTAT

Cəmiyyət
 2-02-2021, 14:16     410

Bu gün Azərbaycanda Gənclər Günüdür. Milli Məclisin üzvü, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun bununla bağlı “feysbuk” paylaşımını təqdim edirik:

Hər zamanın, hər dövrün ən dəyərli neməti olan Gənclər!

Sizi 2 fevral - Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınızın bütün anlarında uğurlar arzulayıram!

Bildiyiniz kimi, 1997-ci ildə unudulmaz öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Düşünürəm ki, “gənc” və “gələcək” sözləri mahiyyət etibarilə bir-birini tamamlayan ifadələrdir. Zamanın axarı və sürəti bütün dövrlərdə, istər müharibə, istərsə də sülh şəraitində gəncliyin fəaliyyəti ilə düz mütənasib olub, onların düşüncələri ilə əhatələnir. Böyük xoşbəxtlikdir ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Hər bir vətənpərvər gənc haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda AZƏRBAYCAN ona görə xoşbəxt bir ölkədir ki, onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə canından belə keçir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə bacarığı, çevik düşüncəsi, diplomatik bacarığı, rəşadətli Ordunun və qorxmaz xalqın birliyi ilə Azərbaycan xalqının 30 illik intizarına son qoyuldu. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmən ordusunu darmadağın edərək Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və təslim oldu. Bu nəticənin əldə olunmasında siz gənclərin xüsusi xidməti var. Siz qəhrəmancasına döyüşdünüz, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdiniz, yaralandınız, öz həyatınızı risk altına ataraq böyük şücaət göstərdiniz.

Canını vətən üçün fəda etmiş şəhidlərimiz nur içində yatsınlar.

Baxmayaraq ki, "Gənclik" anlayışı həyatın bütün sahələrində başlanğıc kimi qəbul olunur, siz hərbi sahədə ilk addımınizi şərəf və ləyaqətlə atdınız. Artıq müharibə bitmişdir. Azərbaycanımızın, o cümlədən də sizin həyatınızda yeni dövr başlayır. Cənab Prezidentimiz İlham Əliyevin dediyi bu fikirləri - "İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq" - yeni dövrün çağrışı kimi qəbul edərək, bütün sahələrdə innovativ biliklər əldə etməklə yorulmadan çalışmalısınız. O xalq, o dövlət xoşbəxtdir ki, onun sağlam gəncliyi var.

Əziz və dəyərli gənclər!

Sizi bir daha Gənclər Günü münasibətilə təbrik edir, Heydər Əliyev ideyalarına sadiq qalmağınızı arzulayıram!
Siz Prezidentimiz İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva siyasətinin aparıcı quvvəsisiniz!
Siz Azərbaycanın ümid yeri və gələcəyisiniz!
Biz sizinlə fəxr edir və qürur duyuruq!
Biz Sizə güvənirik!
Tanrı sizləri qorusun! AMİN!

BİA.AZ
скачать dle 12.1