Bia.Az

Vaksinlərin vurulması nə zaman başlayacaq? - Deputat yanvarın sonunu göstərir...

Cəmiyyət
 15-01-2021, 15:14     139

Ötən ilin dekabrın 14-də bütün ölkə üzrə yenidən tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi yanvarın 18-də bitməlidir. Sərtləşdirilmiş karantin rejiminin uzadılıb-uzadılmayacağı barədə, hələlik, rəsmi məlumat yoxdur. Lakin bəzi mütəxəssislərin qənaətincə, yoluxmaların sayı azaldığına görə karantin rejimini yumşaltmaq, ya da tam ləğv etmək olar. Bu fikir həmçinin, ölkədə yaxın günlərdə peyvəndləşməyə start veriləcəyi ilə əsaslandırılır. Amma rəsmi şəxslər Azərbaycanın peyvəndləşmənin aparılacağı ilk ölkələrdən biri olacağını söyləmişdilər.

Hətta bu prosesin Türkiyə ilə birgə həyata keçirildiyi də qeyd edilmişdi. Lakin Türkiyədə artıq iki gündür, yanvarın 14-dən vaksinasiyaya start verilib, amma Azərbaycanda proses hələ başlanılmayıb.
Beləliklə, karantin rejimimi yumşaltmasına ehtiyac varmı? Vaksinasiya prosesi niyə yubanır? Suallara, hələlik, rəsmi qurumlardan tam aydınlıq gətirmək mümkün olmayıb. Nazirlər Kabinetindən verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondundan peyvəndlərin alınmasına 46.1 milyon manat ayrılıb. Rəsmi məlumatda 2020-ci ilin martında yaradılan Fonda isə ümumilikdə 114 milyon manatdan çox vəsaitin toplandığı bildirilir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə mövzu ilə bağlı bunları deyib: "Bir neçə gün əvvəl məlumat verildi ki, artıq Azərbaycana koronavirusa qarşı peyvənd gətirilib". 

Deputat qeyd edib ki, yalnız peyvəndin gəlməsi ilə iş həll olunmur: "Bütün respublika bölgələrində bu peyvəndləşdirmə aparılmalıdır və onun üçün xüsusi otaqlar hazırlanmalıdır, vaksinasiya üçün uyğun şərait yaradılmalıdır. Çünki vaksin materialı çox həssasdır. Onun saxlanma və nəql etmə prosesi zamanı temperaturun 1-2 dərəcə dəyişməsi vaksinin effektivliyi üçün ciddi problem ola bilər. Vaksin soyuducusu olan xüsusi maşınlarda aparılmalıdır, aparıldığı yerlərdə soyuducu sistemi olmalıdır, qrafiklər tərtib edilməlidir. Xaotik qaydada bu proses həyata keçirilə bilməz. Onsuz da cəmiyyətdə bu proseslə bağlı bir az narahatlıq var. Bu xəstəlik başlayanda da panika yaranmışdı. Fikrimcə, ayın axırına qədər vaksinasiya üçün hazırlıq prosesi bitəcək və ayın axırından vaksinasiya başlayacaq".
M.İbrahimqızı əlavə edib ki, bu həftə Operativ Qərargah karantin ilə bağlı qərarını açıqlayacaq: "Bir tərəfdən yoluxma sayı çox azaldı. Dekabrın ortalarında yoluxma sayı 5 minə çatmışdı, ölüm halları da çoxalmışdı. İndi isə ona nisbətən yoluxma sayı 10 dəfə azdır. Digər tərəfdən isə Avropada indi koronavirusun yeni, yüksək sürətlə yayılan mutasiya olunmuş forması geniş yayılıb. Bu yaxınlarda həmin virus Türkiyədə də tapıldı. O, çox təhlükəlidir. Düşünürəm ki, bir qədər yumşaltma ola bilər, amma karantin müddətini ən azı risk qrupuna aid olan insanları peyvəndləşdirənə qədər uzatmaq lazımdır".

Tibbi elmləri doktoru Adil Qeybulla isə "Azadlıq" radiosuna mövzu ilə bağlı bunları söyləyib: "Vaksinasiya bütün dünyada başlayıb. Bizdə də başlamalıdır. Niyə başlamır, bu suala səlahiyyətli adamlar cavab versələr yaxşıdır. Hesab edirəm ki, vaksinasiyanın olması hələ pandemiyanın sonu demək deyil. Amma buna baxmayaraq, vaksinasiya bu məsələdə xeyli kömək edəcək, çünki risk qrupuna aid olan insanlar vaksinasiya olunacaq. Bu ən azından həmin insanların xəstələnmə sayı və riski azalacaq. Kollektiv immunitet formalaşmasına nail olunacaq. Bütün dünya bu yolla gedir, biz də getməliyik".
Professorun fikrincə, yanvarın 18-dən sonra sərtləşdirilmiş karantinin yumşaldılması vəziyyətdən asılı olacaq: "Həmin dövrdə yəqin ki, vəziyyətə baxıb qərar veriləcək. Düşünürəm ki, əgər yoluxma sayında stabil enmə varsa, karantini müəyyən dərəcədə yumşaltmaq olar. Yox, əgər enmə bir gün çox, bir gün azdırsa, hələ bir müddət gözləmək olar".
Koronavirusla bağlı Azərbaycanda ötən il martın 24-dən karantin rejimidir. Bu müddət ərzində bu rejim bir neçə dəfə sərtləşdirilərək yumşaldılıb.скачать dle 12.1