AYB-nin Nətəvan klubunda "Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli" kitabının təqdimatı kecirildi
Azərbaycan Yazıçılar Birliyinin “İrs” komissiyasının üzvü, “Zərif” Qadın Ədəbi Məclisinin sədri, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin təsisçisi və sədri, həmçinin “mitmedia.az” saytının rəhbəri, Almaniyada fəaliyyət göstərən “Qürbətçi Türkmən Yazarlar Ocağı” və “Qürbət Yanğısı” jurnalının Azərbaycan üzrə təmsilçisi, Azərbaycan Yazıçılar Birliyində multikultural məsələlər üzrə məsul şəxs, tanınmış şair və tədqiqatçı Xatire Ferecli AYB-nin Nətəvan klubunda xüsusi bir tədbirə ev sahibliyi etdi. Tədbir çərçivəsində Xatirə Fərəcli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan “Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitablarının təqdimatını həyata keçirdi. Kitabın təqdimatı əsərin elmi və nəzəri mahiyyətini, eləcə də Azərbaycan multikulturalizminin zənginliyini və beynəlxalq təcrübəyə inteqrasiyasını vurğulayan mənalı bir platforma oldu.
BİA.az xəbər verir ki, elm, mədəniyyət və ədəbiyyat nümayəndələrinin iştirak etdiyi tədbirdə müəllifin uzunmüddətli araşdırmalarının nəticəsi olan bu nəşrin əhəmiyyəti xüsusi vurğulandı. Qeyd edildi ki, kitabda multikulturalizmin nəzəri əsasları, müxtəlif ölkələrin bu sahədəki təcrübələri, eləcə də Azərbaycanın dünyaya nümunə göstərilən multikultural dəyərlər sistemi geniş şəkildə təhlil olunur.
Təqdimat mərasimində çıxış edənlər Azərbaycanın tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı məkan olduğunu qeyd edərək, əsərin bu zəngin irsin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdilər və nəşrin həm elmi ictimaiyyət, həm də multikulturalizm sahəsinə maraq göstərən geniş oxucu auditoriyası üçün faydalı vəsait olacağını vurğulayaraq müəllifi təbrik etdilər.
Avstriyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar, pedaqoq və fəlsəfə doktoru Con Varneyin tarda ustalıqla ifa etdiyi muğam tədbirin ən yaddaqalan məqamlarından biri olmaqla yanaşı, ona özünəməxsus estetik çalar və mənəvi zənginlik bəxş etdi.
Tədbir kitabın müəllifi Xatirə Fərəclinin çıxışı, oxucularla fikir mübadiləsi və imza mərasimi ilə yadda qaldı. Bu təqdimat Azərbaycan multikulturalizm ənənələrinin elmi müstəvidə öyrənilməsi və beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan mühüm addımlardan biri kimi iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.
Tapdıq ƏLİBƏYLİ









