Bia.Az

VƏTƏN MÜHARİBƏSİNİN AĞXALATLI QƏHRƏMANI: “Bəzən yaralıların içində düşmən əsgərləri də olurdu...” (FOTO, VİDEO)

Cəmiyyət
 15-12-2020, 16:57     234

"Mən düşmənlə üzbəüz olan səngərlərə getmək istəyirdim, bu barədə komandirə bildirəndə, qəti etiraz etdi. Dedi, həkim, orada döyüşən əsgərlər bilirlər ki, arxada siz varsız, həm də ona görə ürəklidirlər. Onların yanında olsanız, fikirləşin, əhvalları necə olar?"

Bu sözləri 44 günlük Vətən Müharibəsinin ağ xalatlı qəhrəmanlarından biri, həkim Cəmil Ələkbərov deyir. O, döyüşlərin başlandığı ilk gündən çalışdığı tibb müəssisəsində işini yarımçıq qoyaraq könüllü cəbhəyə gedən həkimlərimizdəndir. 1980-ci ildə Naxçıvanda anadan olub, Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, Kazan Tibb Akademiyasında elmi işini vaxtından əvvəl müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Azərbaycanın tanınmış torakal cərrahlarından biridir.

İdmançı cüssəli, çevik, gülərüz bu həkimlə çoxsaylı pasiyentlərindən bir az vaxt tapıb, müharibə xatirələrini vərəqləyirik. Həkim bizə Vətən Müharibəsini anlatdı, qəhrəman əsgərlər və zabitlərimizin, həkimlərimizin, tibb bacılarının göstərdikləri rəşadətlərdən bəhs etdi, ordumuza dəstək verən vətəndaşlarımızdan ağızdolusu, minnətdarlıqla danışdı. Danışdıqca ad çəkmədi, fərq qoymadı, içdən gələn sevgi, coşğu ilə qələbəyə gedən yolun ağılasığmaz fədakarlıqla qət olunduğunu təsvir etdi.
Cəmil Ələkbərov deyir ki, yaralı hərbçilərin Vətən sevgisi onu çox mütəəssir edib: "Təsəvvür edin, arxaya gətirilən yaralıların tam əksəriyyəti əməliyyat olunduqdan sonra yenidən cəbhəyə qayıtmaq istəyirdi. Az qala bizə yalvarırdılar ki, həkim, tez bitirin, döyüşçü yoldaşlarımız bizi gözləyir. Telefonları susmurdu, yoldaşlarına "narahat olmayın, biz də gəlirik" deyirdilər".

Həkimin sözlərinə görə, onu heyrətləndirən hadisələrdən biri də hərbçilərin, xüsusi təyinatlıların tibbi bacarıqları olub: "Qolundan, qıçından, bədənin başqa nahiyələrindən yüngül yara alanlar həkimə müraciət etmirdilər. Biz gələnə qədər özlərinə ilkin tibbi yardım edir, yaralarını sarıyır, ağrıkəsici, yaxud qanaxmanı dayandıran iynələr vururdular. Onların hamısı yaxşı təlim örmüş, peşəkar, güclü, qüvvətli oğullar idi. Biz həm də bu döyüşü bu üstün keyfiyyətlərimizlə udmuşuq. Çəkisi 30 kilodan ağır gələn bronjilet, silah-sursatla dağlara, qayalara dırmaşmaq sizə asan gəlməsin. Düşməndə bax, bu yox idi, çoxu arıq, sısqa uşaqlar idi, yığıb tökmüşdülər ora. Onlar bizim əsgərlərin qarşısında nə edə bilərdilər ki?!"

Həkim döyüşlərdə öz fəaliyyətindən danışmaq istəmir. Təkid edirik, təvazökarlıqla deyir ki, yüngül yaralılara, xüsusən, döyüşləri idarə edən komandir heyətinə ön xətdə dərhal müdaxilə edilməsini təklif edib: "Lazım olan bütün dava-dərman, paltar, sarğı, qida məhsullarını ön xəttə yaxın yerdə yerləşdirirdik. Döyüşlərin qızğın vaxtında komandirlərdən, əsgərlərdən yüngül yaralananları dərhal qəbul edib yaralarını sarıyırdıq, qəlpələri çıxarıdıq. Onlar yenidən əvvəlki yerlərinə qayıdırdılar. Çünki onların yoxluğu döyüşün keyfiyyətini aşağı salar, rabitə itərdi".
Cəmil Ələkbərov bir anlıq dayanır, gözlərini pəncərədən uzaqlara dikib susur, sonra aramla danışmağa başlayır: "Döyüşlərin birində toz-torpağın, qanın içində axsayan bir zabit gördüm. Yarasından qan axırdı, təkid edib arxaya apardım, səhra hospitalında əməliyyat edib ayağındakı qəlpəni çıxardıq. İsrar elədi ki, mütləq döyüşə qayıtmalıyam, yoldaşlarım məni gözləyir. Bilirsinizmi o kim idi? Aprel döyüşlərinin qəhrəmanlarından biri, Lələtəpəyə bayraq sancan Asim Əliyev. O zaman Mayis Bərxudarov göstərdiyi igidliyə görə ona bayrağımızı hədiyyə etmişdi. İndi də döyüş yoldaşlarından bir an özünü ayrı təsəvvür etmirdi, əməliyyatdan sonra getdi də..."

"Həkimlər əsgərlərin dayağıdırlar. Bilirsiz, əsgərlər bizi görəndə necə sevinir, ürəklənirdilər", - deyə həmsöhbətimiz davam edir: "Döyüşdən sonra onlarla bir yerdə toplaşırdıq. Çoxu yaralanmasa da kontuziya alırdı, baş ağrısından, qulaqlarının uğultusundan əziyyət çəkirdi. Onların psixoloji dəstəyə çox ehtiyacları vardı, biz də söhbət edər, lazım olan dərmanları verərdik. Dəfələrlə olub, əsgərlər maşını saxlayıb boynuma sarılıblar, dedikləri sözlərdən kövrəlmişəm. Biz həkimlər onların hamısını yadda saxlaya bilməzdik, amma onlar bütün həkimləri, tibb işçilərini tanıyır, sevirdilər".
C.Ələkbərov gecə-gündüz yaralı əsgərlərin xidmətində duran tibb bacılarının heyrətamiz fədakarlığını dərin minnətdarlıqla xatırlayır: "Yaralıları çirk, toz, qan içində gətirirdilər. Dərhal soyundurub təmizləyir, yeni paltarlar geyindirirdilər. Yataqda hərəkət edə bilməyən hərbçilərin qayğsına elə qalırdılar ki, sankı evdə atalarının, qardaşlarının qulluğunda durublar. Saçlarını yuyur, qurulayır, xoş sözlərlə, nəvazişlə ağrı-acılarını unutdurmağa çalışırdılar. Mən bu mənzərələri sözlə təsvir etməyə acizəm, fikirləşirəm ki, qələbəmizi bəxş edən həm də bu sevgi, sayğı, birliyimiz oldu".

Həmsöhbətimiz burada maraqlı bir məqama da diqqət çəkir: "Bəzən elə olurdu ki, həlak olan və yaralanan hərbçilərin arasında səhvən düşmən əsgərləri də gətirilirdi. İnanırsız, tibbi heyət olaraq, onlara fərq qoymurduq, yardım göstərirdik, yaralarını sarıyırdıq. Belə də olmalıdır, çünki biz həkim olmaqla bərabər həm də azərbaycanlıyıq. Biz ermənilər kimi barbar, vəhşi xalq deyilik".
Cəmil Ələkbərov döyüşlərdə yaralanmasa da, bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşib. Olduğu avtomobil düşmən tərəfindən minomyotlardan atəşə tutulub. 120 millimetrlik mərmilərdın biri yaxınlığına düşsə də, xoşbəxtlikdən sağ qalıb.
Xatırladaq ki, Cəmil Ələkbərovun həmkarlarından 6 nəfər Vətən Müharibəsindı şəhidlik zirvəsinə ucalıb. Həmsöhbətimiz deyir, Vətən Müharibəsinin elə möhtəşəm aurası vardı, orada hər kəs şəhid olmağa can atırdı: "Bu, sözlə ifadə olunmaz hisslərdir, qorxu, təhlükə, ölüm - insan üçün yoxa çıxır. Hey irəli can atırsan. Mən döyüşlərdə yaralanan əsgərlərin bunu komandirlərindən necə gizlətdiklərinin şahidi olmuşam. Baxırsan, ayağından, qoludan yara alıb, qan axır, amma demək istəmir. Bilirsiz niyə? Çünki hər kəs Şuşa uğrunda döyüşmək istəyirdi. Yaralı olsalar, onları aparmayacaqlar, arxaya - hospitala göndərəcəklər. Əsgərlərimizdə, zabitlərimizdə bu nəhayətsiz Vətən sevgisini duyan, yaşayan kimsə ölümdən, yaralanmaqdan qorxardımı? Əsla!"

Həkim Vətən Müharibəsində yaşanan milli birlikdən, ordumuza xalqın dəstəyindən də ağızdolusu danışır. Danışdıqca, üzündən, gözündən fəxarət yağır: "Mən bu 44 gündə xalqımızdan elə bir möhtəşəm dəstək gördüm ki, bunun hansısa başqa ölkədə baş verəcəyini təsəvvür etmək mümkün deyil. Dövlət təminatı ilə yanaşı əsgərlərə yemək, paltar, siqaret, dava-dərman çatdırırdılar. Bəzən, arxadan qayıdanda ön cəbhədəki əsgərlərə bu yardımları biz çatdırırdıq. Nələr yox idi orada, demək olar, yaşamaq üçün hər şey! Əsgər də, zabit də bu qayğını, sevgini görüb daha ürəklə döyüşürdü, arxasında böyük bir millətin, Vətənin varlığından ruhlanıb düşmənin üzərinə atılırdı. Biz həm də qısa müddətdə ona görə qələbə çaldıq ki, ordumuz, dövlətimiz, xalqımız bir oldu, çəkici bir zindana vurdu, biri-birinə arxa-dayaq durdu".

Cəmil Ələkəbərov Vətən Müharibəsinin gedişində etdiyi bir hərəkətlə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. Onun çəkdiyi videolar Azərbaycan və Türkiyə mediasında yayılıb, sosial şəbəkələrdə trendə çevrilib. Onlardan biri - Azərbaycan və Türkiyə bayraqlarının düşməndən azad edilən postların birinə sancılmasıdır: "Ön xəttə, yaralı əsgərlərimizin yanına getmişdik. Postun yuxarısında erməni xaçı asılmışdı, maşında gəzdirdiyim Azərbaycan və Türkiyə bayraqlarını gətirdik, xaçı yerə atıb onları sancdıq. Bu səhnəni çəkib dostlara göndərdik, bu qədər maraq, paylaşım olacağını gözləmirdik. Minlərlə baxıldı və paylaşıldı. Xüsusən qardaş ölkədə bu qədər diqqət görməsi məni çox qürurlandırdı".

Cəmil həkim bu gün də xidmətini davam etdirir - arxa cəbhədə xalqımızın sağlamlığının keşiyində dayanır. Otağının qarşısı qələbəlikdir, pasiyentləri növbə gözləyirlər. Biz orada olanda əməliyyat etdiyi körpə qız, atası ilə içəri daxil oldu. Qanlı-qadalı döyüşlərin qəhrəmanı hər şeyi unudub bir anlıq uşağa döndü, onu sevə-sevə müayinə etdi, atasına tövsiyələr verdi. Çıxanda atası minnətdarlıqla onun üzünə baxıb dedi: "Həkim, qızım ancaq sizi görəndə belə sakit dayanır, sanki onu sehirləyirsiniz..."
Elçin Rüstəmliскачать dle 12.1