Bia.Az

“Ermənilər döyüş bitəndən sonra əl-qol atmağa başlayıblar...” – “Həmin kəndlərdən dekabrın 1-də çıxmalı idilər”

Cəmiyyət
 14-12-2020, 01:41     99

Tanınmış ukraynalı politoloq, siyasi-ictimai şərhçi və bloqer Yuri Podolyaka son günlər Hadrut ərazisində baş verən təxribatla bağlı maraqlı paylaşım edib.

“AzPolitika.info” xəbər verir ki, hərbi-siyasi dairələrdə maraqla izlənilən və böyük auditoriyaya malik olan şərhçi ermənilərin Böyük Tağlar və Çaylaqqala kəndlərində və ətraf meşələrdə gizlənərək, Azərbaycan hərbçilərinə qarşı törətdikləri təxribatları “döyüşdə uduzandan sonra havaya əl-qol atmaq” kimi dəyərləndirib.
Y.Podolyakа qeyd edib ki, noyabrın 10-da əldə edilən üçtərəfli razılaşmaya görə, sözügedən kəndlərin yerləşdiyi ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olmalı idi: “Bu, 9 noyabrdan sonra baş verən ilk ciddi hərbi qarşıdurma idi və Rusiya sülhməramlıları ona müdaxilə etmək məcburiyyətində qaldılar. Hansı ki, əslində mandatlarına görə, sülhməramlılar orada olmalı deyildilər. Ancaq onlar oraya gəlməsəydilər, ərazidəki erməni hərbi dəstəsi tamamilə məhv ediləcəkdi.”
Şərhçi bildirir ki, qondarma rejim “parlamentinin” deputatı Ayk Haumyan kimilər bu vəziyyətdən istifadə edərək, siyasi dividend qazanmağa çalışırlar: “Həmin bu Haumyan iddia edib ki, döyüşlərin son günlərində guya erməni hərbi birləşmələri bir kəndi və bir yüksəkliyi ələ keçirə biliblər. Əslində, bu kəndin tərəflər üçün heç bir strateji əhəmiyyəti olmayıb. Və böyük ehtimalla ermənilər sadəcə, razılıq əldə olunan gecə artıq müharibə olmayacağına əmin olandan sonra irəliləyərək, həmin əraziyə daxil olublar. Çünki döyüş əməliyyatlarının başa çatmasından əvvəl belə bir addım atılsaydı, erməni hərbi dəstələri darmadağın edilə bilərdilər.
Bilirsiniz, ruslarda belə bir atalar sözü var: “Döyüş bitəndən sonra əl-qol atmazlar”. Ancaq ermənilər döyüş bitəndən sonra əl-qol atmaq qərarına gəliblər, özü də çox mənfur formada. Başqa söz tapa bilmirəm. Çünki onlar tələb ediblər ki, Rusiya bu iki kəndə görə onların arxasında dursun. Bununla da bütün sülh prosesini və əsgərlərin həyatını təhlükə altında qoyublar.”
Y.Podolyakа xüsusi vurğulayıb ki, bəzi Rusiya “ura-patriotları” Hadrutdakı kəndlərdə baş verənləri Azərbaycanın aqressiyası kimi qələmə verməyə çalışıblar. Ancaq əslində, həmin kəndlərin ərazisi məlum razılaşmaya görə Azərbaycanın nəzarətində olmalıydı və Azərbaycan tərəfi 10 gün ərzində səbrlə buradakı erməni hərbi birləşmələrinin ərazini tərk etməsini gözləyib: “10 gün ərzində Azərbaycanın tam hüququ olsa da, hərbi müdaxilə etmədi və erməniləri həmin ərazidən könüllü olaraq çıxmağa dəvət etdi. Ancaq bu vəziyyət çox davam edə bilməzdi və Azərbaycan Ordusu erməni hərbi dəstələrini oradan sıxışdırmağa başladı. Təbii ki, Azərbaycan Ordusu bir neçə artilleriya zərbəsi endirdi. Və bundan sonra Rusiya sülhməramlıları çağırıldı. Onlar isə erməni dəstələrinə yır-yığış etməyə yarım saat-bir saat vaxt veriblər və deyiblər ki, kim könüllü getmək istəyirsə, onları buradan götürüb gedirlər. Yerdə qalan sizin probleminizdir. Saat 10-da məlum oldu ki, onlar ərazini tərk ediblər. Nəticədə ermənilərin “vətənpərvərliyi” Rusiya ordusunun onların əvəzinə döyüşməyəcəyini anladıqları an sona çatdı. Bu isə məndə artıq çoxdandır təəccüb doğurmur.”
Politoloq qeyd edib ki, Nikol Paşinyan sözügedən təxribatdan istifadə etməyə çalışır: “Paşinyan bu hadisədən Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq üçün istifadə etməyə çalışır. O, indi deyir ki, bu iki kəndin əldən çıxmasına görə ruslar günahkardır. Əslində, ermənilər həmin kəndlərdən dekabrın 1-də çıxmalı idilər. Doğrusu, məni bu hadisədə Azərbaycan tərəfinin dözümü heyran etdi. 10 gün ərzində gözlədilər ki, ermənilər, nəhayət, ağıllarını başlarına yığacaqlar. Ancaq onlar ağıllanmadılar. Və situasiya həll olundu. Yaxşı ki, Rusiya sülhməramlıları oraya gəldilər və bu başabəla “vətənpərvərləri” oradan çıxardılar.” 
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Hadrut ərazisində baş verən təxribatla bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bağlı bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət edib və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib. Lakin həmin erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Buna cavab olaraq isə Azərbaycan tərəfi həmin ərazidə anti-terror əməliyyatı həyata keçirib.
Cəlalскачать dle 12.1