Ekologiya Nazirliyinin yüksək cinli məmuru Cabbar Qəribovun qanunsuz OBYEKTİ ÜZƏ CIXDI - ŞOK VİDEO
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifə tutduğu bildirilən Cabbar Qəribovun adı qalmaqallı iddialarda hallanır. BİA.az-a təqdim olunan video-material ciddi qanun pozuntularına işarə edir.
Kadrlarda 1 hektara yaxın ərazini əhatə edən tikililər kompleksi açıq şəkildə görünür. Yol kənarında, meşə massivinin içərisində inşa edilmiş əsas bina, yardımçı tikililər, müxtəlif konstruksiyalar və istirahət tipli qurğular ərazinin faktiki olaraq şəxsi obyekt kimi istifadə edildiyini göstərir.
Sual yaranır: Meşə fondu torpaqları kiminsə şəxsi istirahət məkanına çevrilə bilərmi?
Əgər bu tikililər həqiqətən də Cabbar Qəribovun nəzarətindədirsə və lazımi icazələr olmadan inşa edilibsə, bu, təkcə torpaq qanunvericiliyinin deyil, həm də ictimai etimadın pozulması deməkdir. Çünki söhbət təbiətin qorunmasına cavabdeh qurumun yüksək vəzifəli əməkdaşından gedir.
Meşələr dövlətin sərvətidir. Onlar fərdi maraqlar üçün deyil, cəmiyyət üçün qorunmalıdır. Bəs necə olur ki, sıravi vətəndaşa bir ağac kəsməyə görə ciddi cərimə tətbiq olunduğu halda, böyük ərazilərdə tikinti işləri aparılır və illərlə buna göz yumulur?
Video-materialda ərazinin hasarlandığı, abadlaşdırıldığı və uzun müddətdir istifadə edildiyi açıq görünür. Bu isə məsələnin təsadüfi və ya qısamüddətli olmadığını göstərir.
Cəmiyyət bu suallara cavab gözləyir:
Bu torpaq sahəsinin hüquqi statusu nədir?
Tikintiyə hansı əsasla icazə verilib?
Əgər icazə yoxdursa, niyə indiyə qədər tədbir görülməyib?
BİA.az olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. İddialar ciddi və araşdırılmağa dəyərlidir.










