Şahdağ Milli Parkının İsmayıllı bölməsində FACİƏ: Qoruğu məhv edənlər kimlərdir və niyə cəzasız qalır? - FOTO/VİDEO
Ölkənin ən böyük təbiət qoruqlarından biri olan Şahdağ Milli Parkı artıq uzun müddətdir ki, təkcə ekoloji deyil, həm də ictimai-siyasi müzakirələrin mərkəzinə çevrilib. Son həftələr sosial şəbəkələrdə ard-arda yayılan videolar, bölgə sakinlərinin etirazları, müxtəlif media qurumlarının araşdırmaları bir sualı daha güclü səsləndirir: “Meşələrimiz kimlərin nəzarətində və nəyin hesabına məhv olunur?”
Bütün bu suala cavab axtarışları fonunda sosial platformalara düşən yeni kadrlar sözün əsl mənasında şok effekti yaradır. Söhbət parkın İsmayıllı bölməsində çəkilmiş və bir neçə dəqiqəyə bütün ölkədə yayılan kadrlardan gedir. Videoda ayının ovlandığı, bunu görən iki bala ayının qorxudan ağacların başına dırmaşdığı açıq görünür. Ovu həyata keçirənlərin isə ov itini bala ayıların üstünə qısqırdıb, sanki bir əyləncə səhnəsi izləyirmiş kimi həzz aldıqları hiss olunur.
Və bu dəhşətli mənzərədə daha bir detal var: ov edilən heyvanın cəmdəyi ağac budağından asılıb, elə həmin ərazidə isə geniş diametrli ağac kötükləri çıxarılır — yəni ovla ağac qırıntısı eyni məkanda, eyni şəxslərin nəzarəti altında baş verir.![]()
Bu görüntüləri izlədikdən sonra haqlı olaraq sual yaranır:
“Şahdağ Milli Parkının İsmayıllı bölməsinin rəhbərliyi hara baxır?”
Daha dəqiq desək:
Direktor müavini Əfqan Qəribov, sizin işçiniz Şükran Baxış oglu Baxışov həmin ərazidə nə iş görür?”Ayının cəmdəyini budaqdan asan da, bala ayıları vahiməyə salan da, kəsilmiş ağac kötüklərini çıxaran da eyni şəxslərdir. Bəs, bu adamlar daha nə etməlidirlər ki, məsuliyyətə cəlb olunsunlar, hə?
“Sanitar təmizləmə” adı ilə aparılan talanBölgə sakinləri bildirirlər ki, bu qırıntılar təsadüfi və ya “sanitar təmizləmə” deyil. Əksinə, gözlənilən, planlı, ardıcıl və kommersiya məqsədli fəaliyyətin nəticəsidir. İddialara görə, müəyyən sahələr əvvəlcədən seçilir, sonra ağaclar qırılır, çıxarılır, satış kanallarına ötürülür.
Bu prosesin bir neçə aydır davam etdiyi deyilir və hər dəfə də eyni şəxslərin adı hallanır. Məsələ ondadır ki, bu cür cinayətlər yalnız “meşəbəyinin cinayəti” olmaqdan çıxıb — sistemli sabotaj, müdafiə olunan məmur şəbəkəsi, qanunların faktiki işləməməsi səviyyəsinə qədər yüksəlib.
İttihamların mərkəzində: Əfqan Qəribov
Bir çox media orqanlarının yaydığı məlumatlara əsasən, İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribov kütləvi ağac qırıntılarının əsas təşkilatçısı kimi göstərilir. İddialar kifayət qədər ağırdır:- bölgəni “şəxsi təsərrüfatı” kimi idarə etmək;
- uzunillik ağacların məqsədli şəkildə kəsilməsinə göstəriş vermək;
- nadir fauna nümayəndələrinin ovlanmasına göz yummaq;
- hüquq-mühafizə və nəzarət strukturlarının yoxlamalarından müxtəlif üsullarla yayınmaq.
- Bu faktların hər biri əlahiddə cinayət tərkibi daşıyır.
Yoxlamalarda “manevr ustası”: Nəriman Cırıyev
Daha bir narahatedici detal isə media məlumatlarında adı hallanan Nazirlik əməkdaşı Nəriman Cırıyevlə bağlıdır. İddialara görə, o, aparılan yoxlamalar zamanı Əfqan Qəribovla əlaqəyə girərək, müxtəlif yollarla prosesi “boşaltmağa”, yəni faktiki pozuntuları gizlətməyə çalışıb.Əgər bu iddialar doğru çıxaarsa, deməli artıq söhbət təkcə yerli rəhbərlikdən yox, nazirlik strukturunda yerləşmiş himayədar şəbəkədən gedir. Bu isə problemi lokal insidentdən çıxarıb, sistem böhranına çevirir.Ana təbiət hara qədər dözəcək?
Bir tərəfdə min illərin meşələri, təbiətin yazılmamış qanunları, insanın özünü qorumaq üçün ehtiram göstərməli olduğu nəhəng ekosistem…Digər tərəfdə isə vəzifə səlahiyyətindən sui-istifadə edən, təbiəti şəxsi qazanc mənbəyinə çevirən bir qrup məmur.Nə qədər acıdırsa, bir o qədər də realdır: Şahdağın meşələrini baltalayanlar bizim ciyərimizi baltalayır.
Bu qədər fakt, video, şahid ifadəsi, ekspert rəyləri ortadaykən:
- niyə məsul şəxslər barəsində iş açılmır?
- niyə həmin şəxslər hələ də vəzifədədir?
- niyə qanunsuz ov və meşə qırıntısına görə ictimaiyyət yox, yalnız sosial şəbəkə fəalları mübarizə aparır?
SONDA
Əfqan Qəribov, Sizin vəzifəniz dövlətin qoruduğu meşələri, faunanı, təbiəti müdafiə etməkdir.Əgər yayılan videolarda görünən hadisələr doğrudursa — və indiyədək heç bir rəsmi təkzib təqdim edilməyibsə — o zaman sual sadədir:
Siz ana təbiətlə niyə belə biganəsiniz?
Bu xalqa, bu meşələrə, bu dağlara nə düşmənçiliyiniz var?Bu ölkənin meşələri şəxsi mal deyil. Onlar milyonların sərvətidir.
Və o milyonlar bu dəfə susmayacaq.
Mövzunu diqqətdə saxlayacağıq.
Qaynarxett.az








