Bia.Az

"ÖZÜMDƏN-ÖZÜMƏ YOL..."

Cəmiyyət
 29-11-2025, 13:38     1 240

Özündən-özünə gedilən  zaman məsafəsi keçmişin "kaş"ından çağdaşına düşən işıqla, toranla müşayiət olunan  yoldur. Bu kontekstdə fikrimi bir  qərinəyə günlükləyib  özümə və sözümə dönüş edirəm.   Xatirələr - yol yorğunu bir qəriblıyı ilə  göz önündə canlanır...

Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəlirsə il üstə,
Xatirələr - yol yorğunu bir qərib...

Zamanın səsi susmur. O danışmasa da, baxışlarımızın dərinliyində, bir fotosəklin kölgəsində, unudulmuş bir şeirin misrasında öz izini qoyub keçir. İndi, bir qərinə – düz otuz üç il – arxada qalıb və mən o illərin arxivindən bir foto və bir şeir çıxarıb, səssiz bir dialoqa başlayıram: özümlə.

İki yolun ayrıcına çatmışam,
Biri işıq, biri zülmət-getməli...
Ay doğacaq günəş kimi batmışam,
Şəfəqlənib dan yerində bitməli.


Bu misraları yazanda gələcəyə böyük ümidlərlə  yola çıxan çağlarım idi… Dünya mənə hələ təzə-təzə söz öyrədirdi. O vaxtlar "yol" sadəcə metafora deyildi – doğrudan da qarşıda dayanan, bir istiqamət gözləyən həyatın öz yoluydu. İndi isə o yolların xeyli  qismini keçmiş, bir qisminin itkinlərini yaşamış bir adam kimi yenidən baxıram o sözlərə – bəlkə də, yenidən dönürəm onlara.

Fotoya baxıram – o baxış, o hal, o duruş. Vaxtilə kim olduğumu unutduğum anlarda belə, o şəkil mənə kim olduğumu xatırladır. Amma təkcə kim olduğumu yox - kim olmaq istədiyimi də...

İndi bu baxış sadəcə nostalji deyil. Bu, daxili bir hesabatdır, özümlə susqun bir söhbət. Sözümə də baxıram – necə başlamışdım yazmağa, hansı duyğularla, hansı ehtirasla, hansı saf inamla… Bəzən düşündüyüm qədər güclü olmamışam, bəzən isə düşündüyümdən daha çox iz qoymuşam ...

Yarpaq gözəlliyi - baharın hökmü,
Xəzan özəlliyi - yarpaq tökümü...
Oxu yaz səsiylə payız türkünü,
Baharla payızın gözəlliyitək...


✒️Tapdıq ƏLİBƏYLİ
BİA.az
скачать dle 12.1