“Qoşma” Ədəbi Məclisinin tədbiri elə ilk anlardan sözün sehrini özündə cəmləyən bir ruh yüksəkliyi ilə başladı
Poeziya bayramı ovqatına köklənmiş sazlı-sözlü bu özəlliyin-gözəlliyin məhvərində isə çağdaş ədəbiyyatımızın rəngarəngliyində poetik inciləri öz çaları ilə mənəvi dünyamızı süsləyən tanınmış şair, səriştəli jurnalist, hüquq elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Respublika Müstəqil Mətbuat və İnformasiya Şurasının, “İti qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin sədri, Prezident təqaüdçüsü Raqif Nazimoglu idi
Onun poeziyasının işığı bu gün məclisi şeirlə, düşüncə ilə nurlandırdı. Raqif Nazimoğlunun qələmindən süzülən poetik örnəklər şeiriyyətimizin palitrasına təkcə yeni rənglər yox, həm də yeni duyğular, yeni nəfəs qatır. Misralar sanki gecə yarısı torpağın sinəsinə düşən şəbnəm kimi saf, həyat kimi təravətlidir. Həmin poetik məqamlar qəlblərimizi doyunca islatdı, mənəviyyatımızı ilıq bir meh kimi oxşadı.
R.Nazimoğlunun sözləri bəzən dağ yamacından süzülən bulaq kimi şəffaf, bəzən də ürəyin ən dərin qatlarına toxunan ilahi bir pıçıltı kimi səssizdir. Hər misra bir ömür hikməti, hər bənd bir düşüncə yurdudur... Bu tədbir yalnız bir poeziya görüşü deyildi - bu, ruhun təzələnməsi, düşüncənin nurlanması idi...
Raqif Nazimoğlunun poetik dünyası bu gün məclisə bir daha göstərdi ki, ədəbiyyat insanın iç səsinə yansıyan ən təmiz güzgüdür. “Qoşma” Məclisinin yaddaşına yazılan bugünkü görüş uzun müddət dilimizdə zərif bir xatirə kimi dolaşacaq - həm poeziyanın gücü, həm də şairin sözə vurduğu möhür kimi.
Qeyd edim ki, illər öncə qələmə aldığım, ötən illərin həzinliyində yaddaşımda yarpaqlayan, ithaf çələngimi tədbirdə şair dostuma bir daha ünvanladım:
Əyərlər şairi, belə sandılar...
“Kişilər əyilməz” - misralandılar.
Şair çürətindən çaşıb qaldılar...
Yandı için-için önündə nadan.
Xəbis xəyal etdi: düzlük axtaran
Keçəcək olarsa əyri axardan
Qələmi korşalar, düşər ovxardan...
Şair gördüyünü yazmaz o zaman.
Zindanlar sinəsin zindan eylədi,
Ziyası zülməti bir dan eylədi,
Sözüylə özünü dastan eylədi,
Şair qarşısında baş əydi zindan..
.
Ağrılar-açılar əymədi onu,
İnandı bu yolun olar bir sonu...
Şimal küləyinin şaxtası-donu
Mətinlik önündə düşdü kəsərdən.
Tanrının sevimli, yaxın bəndəsi,
Şair düşüncəsi, şair nəfəsi
Qırdı zəncirləri, açdı qəfəsi,
Azadlıq eşqiylə qurtuldu dardan!..
Yaradıcılıq gecəsinin axarlı - baxarlı, yüksək səviyyədə təşkilinə görə "Qoşma" Ədəbi Məclisinin sədri, tanınmış şair Газанфар Масимоглу və "Qoşma" Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri ünlü şair Əzizə Ağahüseynqızıya yaradıcılıq uğurları diləyilə təşəkkür edirəm.
✍️ Tapdıq ƏLİBƏYLİ


* Bakı, Xətai rayonu, "Şuşa" restoranı. 23.11.2025
BİA.az









