Bia.Az

Görkəmli alim, xeyirxah insan - Məkanı cənnət olsun...

Cəmiyyət
 30-11-2020, 13:20     515

Onun ürək dağlayan ölüm xəbərini saytların birində oxuyanda çox sarsıldım. Ürəyim göyüm-göyüm göynədi. Uzun illər Bakı Dövlət Üniversitetində çalışan, elmi işçidən dekanlığa kimi yüksələn, ömrünü dəqiq təbiət elmi sayılan fizika elminə sərf etmiş bir insanı ölümündən bir neçə gün əvvəl görmüş, salamlaşıb, hal-əhval tutmuşdum. Amma... Sən saydığını say, gör fələk nəyi sayır. Görünür tale, qədər-qismət bura kimi imiş.

 Açığını deyim ki, BDU-da baş verənlər, eləcə də ailə qayğısı və problemlər onu bərk yormuşdur. Səhhətindəki ağrılar isə onu haldan salmışdı. Lakin buna baxmayaraq o, öz yolu ilə gedirdi. Həyatın enişli-yoxuşlu yollarında nələr görməmişdi.Onun gənclərə qayğısı, onların xüsusilə xaricdə yüksək təhsil alan gənclərin işə düzəlməsində də xidmətləri danılmazdır. 

Dağlar qoynunda füsunkar gözəlliyi, buz bulaqları, meşələri ilə seçilən Qərbi Azərbaycanın Cəlaloğlu bölgəsində, Qursalı elində bir payız ayında dünyaya göz açan Məhəmmədəli Ramazanov elə bir payız günü də aramızdan ayrıldı. 547 elmi əsər, 24 ixtira, 1 dərslik və 2 dərs vəsaitinin, eyni zamanda 230-dan çox elmi məqalənin müəllifi olan görkəmli elm adamı, tarixdə bir iz qoyub getdi. Ulu Tanrıdan ona rəhmət diləyirik. O sevənlərin qəlbində həmişə yaşayacaq.Onun arzu və istəkləri böyük idi. Lakin ömür vəfa etmədi. Ömrünün 63-cü baharını görə bilmədi.

Məkanı cənnət olsun...

Zahid HÜSEYNLİ.


BİA.azскачать dle 12.1