Bia.Az

Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...

Cəmiyyət
 26-11-2020, 12:39     190

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən il və bu ilin birinci yarısında keçirdiyi 5 əməliyyatla iflasa uğradığı sübut olunan icra hakimiyyəti sistemi Azərbaycanın daxili idarəçiliyində əsas problemlərdən biri kimi qalır. İcra başçılarının korrupsiya, rüşvət üstündə həbs olunması bu institutun tamamilə deqradasiya olunduğu barədə geniş ictimai müzakirələrə səbəb olub. Millət vəkilləri, ekspertlər ölkədə yeni inzibati idarəçilik sisteminin yaradılması ilə bağlı təkliflər səsləndiriblər. Əks təqdirdə, dövlətin həyata keçirdiyi proqramların, layihələrin səmərəliliyi aşağı olacaq, vətəndaşların sosial-iqtisadi məsələlərinin operativ həlli ləngiyəcək, nəticədə dövlət siyasəti sabotaj olunacaq. Xüsusən, qalibiyyətli Vətən Müharibəsindən sonra şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bir vaxtda bu siyasətin korrupsiyadan uzaq, şəffaf qurumlar və idarəçilər tərəfindən həyata keçirilməsi zəruridir.

Bu günlərdə Bakının Suraxanı rayonundan gələn şikayətlər bu sahədə geniş islahatların nə qədər vacib olmasından bir daha xəbər verir. Rayondakı mənbələrdən "AzPolitika.info"-ya daxil olan məlumata görə, icra başçısı Əziz Əzizov həbsdə olan həmkarlarının əməllərini davam etdirir. Onun əsas idarəçilik prinsipi əvvəl işlədiyi Cəlilabad və Yasamal rayonlarında olduğu kimi, qohumbazlığa, korrupsiyaya əsaslanır. Vətəndaşların şikayətlərinə zamanında baxılmır, süründürməçilik baş alıb gedir. Mənbə bildirir ki, Ə.Əzizov yan-yörəsinə etibarlı qohumlarını yerləşdirib, bütün "qara işləri" onların vasitəsi ilə həyata keçirir. Məsələn, icra başçısı "Dövlət qulluğu haqqında" Qanunun tələblərinə zidd olaraq bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin edib. Ə. Əzizov Cəlilabada rəhbərlik edərkən sürücüsü olan M.Ağayev, onun Yasamal rayonuna təyinatından sonra köməkçi karyerasına başlayıb və hazırda Suraxanıda davam etdirir. İcra başçsının yaxın adamlarından biri Eldəniz müəllim isə qurumda şöbə müdiri vəzifəsini tutur. O, Əziz Əziovun ən yaxın kadrlarından biri sayılır və Suraxanı sakinləri onu başçının "haqq-hesab" işinə baxan adamı hesab edirlər.

İcra başçısı qardaşı Şirin Əzizova da "yağlı" iş tapşırıb. Suraxanıda ən gəlirli yerlərdən sayılan bütün söküntü-tikinti işlərinə Şirin müəllim baxır. Qeyd edək ki, rayon son illərdə Bakıda dövlət dotasiyası ilə ən çox tikinti-abadlıq işləri aparılan rayonlardan biridir. Əziz Əzizovun yaxınlarından Qulam müəllim Zığ qəsəbəsinin icra nümayəndəsidir, "qara kassa" Mehman müəllim isə Suraxanı Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiridir.

Mənbə bildirir ki, Əziz Əzizovun yarıtmaz fəaliyyəti haqda bu tip məlumatların sayını sonsuzluğa qədər uzatmaq mümkündür. Acınacaqlı hal odur ki, onun əməllərindən şəhid ailələri, qazilər, müharibədə olan hərbçilərin ailə üzvləri də əziyyət çəkir. Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videoda məhz bu barədə məlumat verilirdi. Qeyd olunur ki, döyüşlərə könüllü yollanan İlman Qurbanovun evi Əziz Əzizovun göstərişi ilə sökülüb. "İ.Qurbanov bu evi hərbi xidmətə getməzdən əvəl tikməyə başlayıb. Müharibə günlərində tikinti dayandırılsa da, bu günlərdə onun ailə üzvləri yarımçıq qalan işlərini davam etdirməyə başlayıblar. Amma icra başçısı tikintiyə imkan verməyib və tikili sökülüb", - deyə videomüraciətdə bildirilir. Hadisəni ictimailəşdirən bloqerlər dövlət qurumlarının diqqətini Ə. Əzizovun özbaşınalığına cəlb etməklə bərabər, onun ictimai qınaqla əməllərini dayandıracağına ümid ediblər.

Mənbə bildirir ki, Suraxanıda bütün tikinti işləri üçün mütləq icra hakimiyyətinə haqq verilməlidir. Məbləğ isə yerə və tikintinin ölçüsünə, təyinatına görə dəyişir. Bu tələbə əməl etmək istəməyənlərə qarşı xüsusi amansızlıq nümayiş etdirilir, polis qüvvələri səfərbər edilməklə buldozerlərlə tikililər sökülür, etiraz edənlər isə həbs edilir. Şübhəsiz ki, vəzifə cinayətlərinə görə DTX tərəfindən ifşa olunan icra başçılarının aqibətindən dərs çıxarmayan həmkarları bəzi rayonlarda hələ də at oynadırlar. Dövlətin diqqətinin müharibəyə yönəlməsi isə onlar üçün münbit şərait yaradıb, Əziz Əziov kimi nəzarət, qorxu hiss etmədən ənənəvi fəaliyyətlərini davam etdirirlər. Bu şəxslərin cəzalandırılması ilə yanaşı icra hakimiyyəti sisteminin ləğv olunması olduqca aktualdır. Yəqin ki, Azərbaycanda davam etdirlən struktur və kadr islahtları bu sahələri də əhatə edəcək, vətəndaşların canı, nəhayət, korrupsioner, harın məmurlardan qurtaracaq

BİA.az
скачать dle 12.1