Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - Tural Hüseynli

44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verəcək və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgərin belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.
Bəli, Şuşa Qarabağın mədəniyyət, sahəsi 1150 kvadratkilometr olan Ağdam isə iqtisadi mərkəzi idi. Qarabağın mərkəzində yerləşən Ağdamın 77,4 faizi, o cümlədən 1 şəhər və 80 kəndi ermənilər tərəfindən işğal edilmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Hazırda bu tikililərin hər biri erməni vandalizminə məruz qalıb. Ağdamdakı evlər sökülüb və yerində istehkamlar tikilib. İşğal nəticəsində Ağdama təxminən 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Tikintilərin və abidələrin dağıdılmasında əsas məqsəd azərbaycanlıların geri qayıtmasını çətinləşdirmək olub. Lakin düşmən buna nail olmadı, azərbaycanlıların qəlbindəki vətən sevgisini nəzərə almayan düşmən məqsədinə çata bilmədi. Bizim Ordumuz işğala son qoydu və biz Vətənimizə qayıtdıq.
Ermənistan azərbaycanlıların evlərini, abidələrini söküb istehkamlar tikərək işğalı əbədiləşdirməyə çalışırdılar. Buna baxmayaraq necə ki, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməklə birlik nümayiş etdirdik, bu gün də eynilə Cənab Prezidentin də dediyi kimi bütün rayonlarımızı, şəhərlərimizi dirçəltmək uğrunda əzmkarlıq göstəririk. Ali Baş Komandan İlham Əliyevin də xalqa müraciətində bəyan etdiyi kimi, artıq Ağdam üçün yeni mərhələ başlayır. Bu gün hər kəs Şuşaya, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməyə səbirsizlənir. Çox yaxın gələcəkdə işğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda yeni gözəl bir həyat başlayacaq.
Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması ilə əlaqədar müraciətində demişdir: Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
Tural HÜSEYNLİ,
İqtisadcı, Nəsimi rayonu.